Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:58

'Rəsulzadənin barelyefi oğurlanıb'


M.Ə.Rəsulzadənin Novxanıda heykəli

«Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evinə vurulmuş bürünc barelyef yanvarın 15-nə keçən gecə oğurlanıb. Nə qədər axtarış getsə də, bunu edən şəxsi, hələlik, müəyyənləşdirmək mümkün olmayıb».

Bunu Novxanı kənd bələdiyyəsindən bildiriblər.

Bələdiyyədən verilən məlumata görə, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun polisi yanvarın 15-də Novxanı kəndində olublar, bu məsələ xüsusi müzakirə edilib.

Həmin barelyef 1992-ci ildən Rəsulzadələr ailəsinin keçmişdə yaşadığı mülkün divarına vurulmuşdu. Yerli saytlarda yayılan məlumatlara görə, M.Ə.Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir. Ötən illərdə bəzi ictimai simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.

Rəsulzadənin doğulduğu həmin kənddə heykəli də var.

M.Ə.Rəsulzadə 1918-1920-ci illərdə mövcud olan və Rusiyanın silahlı müdaxiləsi ilə süqut edən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biridir.

2018-ci ildə ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elən edilsə də, bəzi ekspertlər və müxalifət hesab edir ki, M.Rəsulzadəyə ögey münasibət var. Onlar son illər Bakı Dövlət Universitetindən və başqa bəzi yerlərdən M.Rəsulzadənin büstlərinin götürülməsini buna misal göstərirlər. Müxalifətin fikrincə, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) bir çox aparıcı simalarının kommunist keçmişi Rəsulzadəyə layiqli qiymətə imkan vermir. Hərçənd, YAP rəsmiləri belə fikirləri qəbul etmirlər.

M.Ə.Rəsulzadə Azərbaycanın işğalından sonra mühacirətə üz tutub. Onun ailə üzvləri repressiyalara məruz qalıb. Rəsulzadə özü şahidlərin deməsinə görə, 1955-ci ildə Türkiyədə «Azərbaycan» deyərək dünyadan köçüb.

1991-ci ildə Azərbaycanın təkrar müstəqillik qazanması ilə ölkənin bir sıra yerlərində ona heykəl və büstlər qoyulmuşdu.

Multimedia

XS
SM
MD
LG