Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:07

Parlamentdə Breksit səsverməsi necə keçəcək


Breksit tərəfdarı

Britaniyanın Baş naziri Theresa May yanvarın 15-də parlamentdə Breksit razılaşmasına səsverməni qazanmalıdır. Yoxsa Britaniyanın Avropa Birliyindən çıxması prosesində xaos yarana bilər.

May ötən ay uduzacağını boynuna alaraq səsverməni ertələdi. O, deputatları öz tərəfində çəkməkdən ötrü AB-dən daha çox təminat alacağını vəd elədi.

310 SƏS

“Reuters” agentliyi yazır ki, qalibiyyət üçün May və nazirləri siyasi spektrin dirənişini qırmalıdır.

Səsvermə parlamentin aşağı – İcmalar Palatasında keçiriləcək. May 650 deputat arasında çoxluğa malik deyil və Şimali İrlandiyadan olan, adətən hökuməti dəstəkləyən kiçik DUP partiyası sazişə qarşıdır. Sazişi parlamentdən keçirməkdən ötrü May-ə 310 səs lazımdır.

Parlament əvvəlcə hökumətin təklif etdiyi dəyişiklikləri, daha sonra hökumətin təklifini ümumilikdə səsverməyə çıxaracaq. Səsvermə GMT vaxtı ilə axşam 7-də başlayacaq.

Theresa May
Theresa May

Parlament AB-ni Tərketmə Razılaşmasını müzakirə edəcək. Bu sənəddə birlikdən çıxmanın şərtləri əks olunub. Müzakirəyə çıxarılan digər sənəddə – siyasi bəyannamədə isə Britaniyanın AB ilə uzunmüddətli münasibəti əks olunub.

Deputatlar dəyişikliklər təklif edə bilərlər. Palatanın spikeri John Bercow nəyin səsverməyə çıxarılacağına sonuncu gün qərar verir. Spikerin seçdiyi təkliflər səsə qoyula, təsdiqlənərsə, yekun mətnə salına bilər.

Bəzi hallarda hansısa dəyişikliyin keçməməsi o qədər əhəmiyyət daşıyır ki, səsvermə prosesi ertələnir, razılaşmanın rədd olunması nəzərdən keçirilir.

Hansısa dəyişiklik qəbul olunarsa, hökumətin ona əməl etməsi o qədər də vacib deyil, amma siyasi baxımdan gözardı edilməsi də çətin olacaq, bu, May-in növbəti addımlarını diktə edə bilər.

RATİFİKASİYA BAŞ TUTMAZSA...

Nazirlər narahatdırlar ki, hansısa dəyişiklik parlamentdən keçərsə, razılaşmanın ratifikasiyasını əngəllənə bilər. Çünki bu halda yekun səsvermə May-in əldə etdiyi razılaşmanın hüquqi baxımdan aydın və birmənalı təsdiqi demək olmayacaq.

May səsverməni uduzarsa, parlament ondan tələb edəcək ki, üç iş günü ərzində növbəti addımlarına dair təkliflərini versin. Bundan ötrü son tarix yanvarın 21-dir.

Hökumət bundan öncə deyib ki, razılaşma rədd olunarsa, Britaniya martın 29-da AB-ni sazişsiz tərk edəcək.

Reallıq isə onu deyir ki, dünyanın beşinci böyük iqtisadiyyatında nəhəng qeyri-müəyyənlik, maliyyə bazarlarından gözlənən mənfi reaksiya daha cəld siyasi reaksiya istəyəcək.

Bəzi media orqanlarının yazmasına görə, May parlamentdən razılaşmanı təkrar səsverməyə çıxarmağı istəyəcək. Baş nazirin idarəsi onun istənilən məğlubiyyətə çevik reaksiya verəcəyini desə də, bunu necə edəcəyini açıqlamayıb.

Bəzi deputatlar isə belə bir ideya ortaya atıblar ki, parlament prosesə nəzarəti ələ alaraq, siyasi spektri təmsil edən aparıcı deputatlardan ibarət komitəyə təhvil verə bilər.

Dekabrdakı etimad səsverməsində öz partiyasından 317 deputatdan 117-si May-in əleyhinə səs vermişdi. “Reuters” onun istefaya getmək üçün təzyiqlə üzləşə biləcəyini də qeyd edir.

XS
SM
MD
LG