Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Yanvar, bazar, Bakı vaxtı 09:34

T.Yaqublu: 'Aksiyanı 4 nəfər davam etdirir'


Aclıq aksiyası. 7 yanvar 2019

«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə yanvarın 3-dən keçirildiyi açıqlanan aksiyanın Müsavat Partiyasının qərargahında növbəli qaydada davam etdirildiyi bildirilir.

Bunu yanvarın 4-dən aclıq aksiyasına başladığını bildirən Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublu deyib. Onun sözlərinə görə, hazırda aksiyanı özü ilə birgə 4 nəfər davam etdirir. «Bunlar fəallardan Natiq İsrafilli, Sənubər Heydərova və Şamil Nəsirlidir».

N.İsrafilin yanvarın 9-da, S.Heydərovanın yanvarın 11-də, Ş.Nəsirlinin isə yanvarın 12-də aksiyaya qoşulduğu vurğulanır.

Hələlik, bu aksiyaya Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Son həftələr bloqer Mehman Hüseynovun müdafiəsi ilə bağlı Bakıda və bölgələrdə müxtəlif aksiyalar keçirilib. Onlardan icazəsiz piketlərdə saxlananlardan 7-si kütləvi aksiyaların keçirilmə qaydasını pozmaqda günahlandırılaraq 20-25 günlük inzibati qaydada həbs ediliblər, daha bir neçə şəxs isə cərimə edilib.

Xatırlatma

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Bloqer ittihamı qurama sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG