Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Yanvar, Cümə axşamı, Bakı vaxtı 07:02

'Aclıq edənlər yeddi oldular'


Aclıq aksiyası. 7 yanvar 2019

«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə başlandığı açıqlanan aclıq aksiyasının hələ də Müsavat Partiyasının qərargahında davam etdirildiyi deyilir.

Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublu AzadlıqRadiosuna deyib ki, aksiyaya ictimai fəal Sənubər Heydərova da qoşulub. T.Yaqublunun vurğulamasına görə, hazırda aksiyanı onunla birgə 7 nəfər davam etdirir: «Məndən başqa bunlar aclıq aksiyasına yanvarın 6-dan başlamış Elşad İsrafilli, Fuad Rəhimli, Mübariz Fətullayev, Rövşən Niftalızadədir. Habelə aksiyaya yanvarın 9-dan qoşulan Natiq İsrafil və bir də bu gün (yanvarın 11-i) sıralarımıza qoşulan Sənubər Heydərovadır».

T.Yaqublu özü isə yanvarın 4-də aclıq aksiyasına başladığını bəyan etmişdi.

Verilən məlumata görə, onların heç birinin səhhətində ciddi pisləşmə müşahidə edilmir.

Hələlik bu aksiyaya Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atması iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər. Bloqer ittihamı qurama sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG