Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:37

'Manata təzyiqlər artacaq'-Media icmalı


Supermarket
Supermarket

Vergilər Məcəlləsinə edilən dəyişikliklər, manata təzyiqlər, neftdən gələn milyardlar və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Mikro sahibkarlığa zərbə»

Marja.az saytında «Bu dəyişiklik mikro sahibkarlığa ağır zərbə ola bilər» sərlövhəli yazı oxumaq olar.

Yazıda Vergilər Məcəlləsinə bu ildən edilən bəzi dəyişikliklər dəyərləndirilir.

«ƏDV-nin (əlavə dəyər vergisi) qaytarılması təşviqi ayrıseçkilik yaradır. Dəyişiklik alış-verişin mikro sahibkardan deyil, ƏDV ödəyicisi olan kiçik və orta sahibkardan edilməsi ilə nəticələnə bilər».

Bunu Marja-ya «World Hope International Azerbaijan»ın baş mühasibi Elşən Orucov bildirib. O vurğulayıb ki, Vergilər Məcəlləsində (VM) edilən həmin dəyişiklik birbaşa mikro sahibkarlığın inkişafına ağır zərbə ola bilər.

Dəyişiklikdə söhbət ondan gedir ki, istehlakçıların Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə obyektlərindən aldığı mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) seçir: «Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir».

E.Orucov qeyd edib ki, bu, yalnız ƏDV ödəyicisindən alınan mallara şamil olunur: «Bu isə qanunla mikro sahibkarlığın inkişafına zərbə vurmaqla yanaşı, istehlakçılara qanunla təşviq edilmiş ayrıseçkilik yaradır ki, alış-verişi mikro sahibkardan deyil, ƏDV ödəyicisi olan kiçik və orta sahibkardan etsin. Təklifim budur ki, bu maddə tək ƏDV ödəyicilərinə deyil, bütün vergi ödəyicilərinə şamil olunsun».

Dollar/Manat
Dollar/Manat

Manatın taleyi

«Yeni Müsavat» qəzetində «Bu il manata təzyiqlər nə qədər güclü olacaq?» sualına cavab axtarılıb.

Müəllif mövzunu ekspertlərlə müzakirə edib.

İqtisadçı Qubad İbadoğlu 2019-cu ildə manata təzyiqlərin 2018-ci ilə nisbətən daha güclü olacağını düşünür.

İqtisadçının deməsinə görə, bunun əsası 2018-ci ildə qoyulub. O qeyd edib ki, Neft Fondu (NF) 2018-ci ilin dekabr ayı ərzində 677.1 milyon ABŞ dolları məbləğində vəsait satıb: «Beləliklə də ötən il ərzində satılan valyuta vəsaitinin həcmi 6 milyard 460 milyon dolları ötüb. Bu da 2017-ci il üzrə cəmi valyuta satışından 80 faiz çoxdur».

Q.İbadoğlu rəsmi statistikaya əsasən vurğulayıb ki, 2018-ci ilin 11 ayında idxalın həcmi 10 milyard 295.5 milyon dollar olub. Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 32.2 faiz çoxdur: «2018-ci ildə idxal əməliyyatı 2013-cü ildən sonra ən yüksək səviyyədə qeydə alınıb. Beləliklə də, 2018-ci ildə idxalın artması nəticəsində xarici ticarətdə müsbət saldo azalıb. Şübhəsiz ki, ötən ilin dekabr ayında dünya bazarında neft qiymətlərinin ucuzlaşması ixracatı və ilin sonunda idxalın artımı xarici ticarətdə müsbət saldonun daha da azalmasına gətirib çıxaracaq».

Başqa bir iqtisadçı Pərviz Heydərov da hesab edir ki, dollara tələbatın və idxalın artması manata təzyiqləri artırır: «2018-ci il ərzində ümumən ölkə daxilində valyutaya tələbat yüksək olub. Bunun əsas səbəblərindən biri idxalın artmasıdırsa, ikinci bir səbəb ölkə iqtisadiyyatında, onun bir sıra sferalarında müəyyən aktivlik elementlərinin müşahidə olunmasıdır».

Amma ekspert bu il idxalda keçən ilkindən ciddi artım yox, hətta azalmalar gözləyir: «Əvvəla, əhalinin alıcılıq qabiliyyətində keçən ilki qədər artım gözlənilmir. Əksinə, qiymətlərdə gözlənilən müəyyən bahalaşmalarla əlaqədar bəzi azalmaların olması istisna edilmir».

Ekspert düşünür ki, manata təzyiq daha çox neftin qiymətindən asılıdır.

Xəzərdə neft platforması
Xəzərdə neft platforması

Neft milyardları...

«Azərbaycan» qəzetində «18 ildə 138 milyard dollarlıq qazanc» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, «Əsrin müqaviləsi» və «Şahdəniz» Azərbaycana böyük dividentlər qazandırır.

Yazıda bildirilir ki, Dövlət Neft Fondu «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» layihələri üzrə gəlirləri açıqlayıb. Fonddan verilən məlumata görə, 2001-ci ildən 2019-cu ilin yanvarın 1-nə kimi «Azəri-Çıraq-Günəşli» yatağı (Əsrin müqaviləsi) üzrə əldə olunan ümumi gəlirlər 138 milyard 206 milyon dollar olub: «2017-ci ilin sentyabrında imzalanmış «Yeni əsrin müqaviləsi»nə əsasən, «Azəri- Çıraq-Günəşli»nin işlənməsi müddəti əsrin ortasınadək artırılıb. 2050-ci ilədək adıçəkilən yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Dövlət Neft Fonduna beynəlxalq tərəfdaşlar tərəfindən 3.6 milyard dollar bonus ödəniləcək. Ötən il yeni sazişə uyğun olaraq 450 milyon dollar həcmində ilk bonus ödənişi həyata keçirilib».

Yazıda daha sonra «Şahdəniz» qaz yatağının gücü və qazancından bəhs edilir: «Ötən il isə «Şahdəniz» layihəsi üçün növbəti əlamətdar hadisə ilə yadda qaldı. Planlaşdırıldığı kimi, iyunun 30-da «Şahdəniz-2» çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlandı və iyulun sonunda «Şahdəniz Bravo» platformasından ilk qaz əldə edildi».

XS
SM
MD
LG