Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:53

'Pensiyalarda 3 manat 90 qəpikdən... artım gözlənir'-Media icmalı


Bankomatda pensiya növbəsi
Bankomatda pensiya növbəsi

Ölkədə iqtisadi vəziyyət, sosial proqramlar, pensiyalarda gözlənən artım, vergi qanunvericiliyinə edilən son dəyişikliklər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Pensiyalar fevraldan artacaq

«Yeni Müsavat» qəzetində «Pensiyalar nə qədər artacaq?» sualına cavab verilir.

Müəllifin yazmasına görə, əmək və əhalinin sosial müdafiəsi naziri açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər. İqtisadçı-ekspert Qubad İbadoğlu bununla bağlı şərh yazıb. Ekspert qeyd edib ki, Dövlət Statistika Komitəsindən gözlənilən rəqəm nominal əməkhaqqının orta illik artım tempi göstəricisidir: ​«2018-ci ilin yanvar-oktyabr aylarında nominal əməkhaqqının orta illik artım tempi 2.8 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 3 faizi ötməyəcək. Belə olan halda da pensiyalar ötənilki nominal əməkhaqqının orta artım tempinə uyğun indeksləşdiriləcək. Yəni, səxavətli hakimiyyətimizin sosial qayğısı ilə pensiyası 130 manat olanlar üçün 3 manat 90 qəpik, 200 manat olanlar üçün 6 manat, 220 manat olanlar üçün 6 manat 60 qəpik, 250 manat olanlar üçün 7 manat 50 qəpik artım gözlənilir».

Q.İbadoğlu həmçinin xatırladıb ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir: «Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub».

Qanunvericiliyinə edilən dəyişiklikdən sonra Azərbaycanda pensiyalar 2017-ci ildən etibarən inflyasiyaya yox, əməkhaqqı artımına uyğun yüksəldilir.

Maşın bazarı 'ölür' - Yeni qaydalara görə
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Avtomobil idxalı azalacaq

Oxu.az saytında «Aksiz daha çox «salon maşınları»nı vuracaq: idxal kəskin düşəcək» sərlövhəli yazı oxumaq olar.

Müəllif 2019-cu ildə avtomobil idxalı ilə bağlı aksiz vergilərinin artırılması (50-70 faiz) və bunun bazara təsirlərini ekspert Eldəniz Cəfərlə müzakirə edib.

Yazıda bildirilir ki, 2019-cu ilin aksiz vergisi ilə hələ Azərbaycana avtomobil daxil olmamış, yəni, 2018-ci ilin sonundan bazarda qiymətlər artmağa başlayıb. Müəllifin qeyd etməsinə görə, alverçilər hətta aylarla satılmayan avtomobilləri belə alıblar, hazırda bazarda 10 faizə qədər bahalaşma müşahidə edilir.

Ekspert E.Cəfər isə deyib ki, aksiz vergilərinin artırılması 2019-cu ildə Azərbaycana komfortlu avtomobillərin idxalını kəskin azaldacaq: «Hələ 2018-ci il yanvarın 1-dən aksiz vergisi 80 faiz artırıldı, bu da irimühərrikli avtomobillərin satışına ciddi təsir etdi. 2019-cu il yanvarın 1-dən aksiz vergisi 50 faiz də artırıldı və təbii ki, yenidən azalma olacaq. Distribüterlər iri mühərrik həcmli avtomobilləri gətirməyəcək və idxal da düşəcək».

E.Cəfərin deməsinə görə, bu informasiyalar dərhal ikinci əl avtomobillərin qiymətinə təsir etdi, 2018-ci ilin sonlarından qiymətlər 5-10 faiz artıb: «Yəni, avtomobil illər boyu Bakıda sürülür və yanvar ayının 1-dən ölkəyə idxal olunan avtomobillərin qiymətinin qalxacağını eşidən satıcı 1998-ci ilin avtomobilinin qiymətini 7 min manatdırsa, 8 min manata qaldırır. Halbuki, rəsmi dilerlər və salonlar belə, avtomobil 2018-ci ildə idxal olunubsa, onu 2019-cu ilin idxal qiymətləri əlavə olunmaqla sata bilməz».

E.Cəfər deyib ki, 2.5 litr mühərrik tutumlu avtomobilin qiymətində 1000 manat civarında fərq yaranacaq və bu kifayət qədər ciddi rəqəmdir.

Ekspertin vurğulamasına görə, aksiz vergisinin artırılmasının, əsasən, iki məqsədi var: «İlk növbədə daxili istehsala dəstək və eyni zamanda, büdcəyə daxilolmaların artırılması».

İ.Əliyev yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında
İ.Əliyev yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında

Güclü iqtisadiyyat və sosial proqramlar

«Azərbaycan» qəzetində «Güclü iqtisadiyyat» sərlövhəli yazı dərc olunub.

Müəllif yazıb ki, Azərbaycanda 2018-ci ildə də ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində uğurlar əldə olunub: «Azərbaycan dünyada sayılıb-seçilən ölkə olduğunu bir daha təsdiq etdi. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bunları vurğulamış və qeyd etmişdi ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır...».

Yazıda bildirilir ki, Dünya Bankının «Doing Business» proqramının hesabatında Azərbaycanın 25-ci yerə layiq görülməsi ölkədə aparılan iqtisadi islahatların və əldə edilən nəticələrin yüksək dəyərləndirilməsinin sübutudur: «Keçən il ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulub. Qeyri-neft sektoru, o cümlədən onun mühüm qolu olan aqrar sahə getdikcə inkişaf edir. İxracın strukturunda qeyri-neft məhsulları çoxalır. İl ərzində ixrac təxminən 40 faiz artıb».

Müəllif iddia edir ki, güclü iqtisadiyyat sosial proqramların və yeni sosial infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır. Yazıda vurğulanır ki, 2018-ci ildə 5800 köçkün ailəsinə mənzillər tikilməsi, ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların ailəsinə 626 yeni mənzil verilməsi bu iqtisadi gücün göstəricisidir.

Yazının sonunda da oxuyuruq: «Yeni ilə xalqımız bir-birinin ardınca qazandığı belə böyük uğurların müjdəsi ilə qədəm qoydu. Bu uğurlar həm gələcək işlər üçün möhkəm bünövrə, həm onları həyata keçirmək üçün xoş əhval-ruhiyyə, həm də sabaha böyük inamdır».

XS
SM
MD
LG