Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:30

Türkiyənin Kosovoda məscid tikdirməsi kimləri əndişələndirir – Qərb mediası


Priştinada məscid
Priştinada məscid

Kosovonun paytaxtı Priştinanın mərkəzində yeni məscidin təməlinin qoyulmasından altı il keçir. Artıq təməl daşlarını ot basıb və otları təmizləyəndə qırmızı rəngli qrafiti görünür – Kosovonun baş müftisi hədələnir, “Türk məscidi tikilərsə, qan töküləcək” sözlərini oxumaq olur. Bu haqda “The Guardian” qəzetində Maxim Edwards və Michael Colborne yazırlar.

Məscidin dizaynı qalmaqal yaradıb. Mərhum memar Zaha Hadidin eskizləri rədd olunub. Həmin esklizlərdə Osmanlı üslubunda məscidlərin oxşarı boylanırdı. Artıq tikintinin bu yaz başlanacağı gözlənir.

Məscidi 1,8 milyon əhalinin yaşadığı Kosovoya Türkiyə hədiyyə edir. Kosovo ötən il müstəqilliyinn 10 illiyini qeyd eləsə də Serbiya onu tanımır. Əhalisinin 95 faizinin müsəlman olduğu Kosovonun müsəlman liderləri deyirlər ki, 20 il öncəki müharibə zamanı dağıdılmış onlarla məscid hələ də bərpa olunmayıb.

Avropada kiləsiz bircə kənd də yoxdur, ancaq Kosovoda məscidsiz azı 50 kənd var”, – baş müfti Naim Tërnava deyib. Dini bayramlarda dindarlar adətən Osmanlı dövründə 1461-ci ildə tikilmiş İmperial Məscidinə yığışırlar, ancaq məscidə sığmayıb küçələrə çıxırlar.

Naim Tërnava
Naim Tërnava

Sözügedən mübahisəli məscidin təməlini isə vaxtilə Priştinanın meri olmuş Isa Mustafa qoyub. O, sonradan baş nazir vəzifəsinə keçdi, amma məscid tikintisi hələ də başlamayıb. Priştina bələdiyyəsi məscidin planını təsdiqləməyə tələsmirdi, nəhayət ötən il ona icazə verdi.

Layihənin əsas tənqidçiləri yerli memarlardır. Dövlət tenderində orijinal bina istənildiyi deyilirdi, ancaq seçilmiş dizayn klassik Osmanlı üslubudur. Layihəyə Türkiyənin dini işlər üzrə dövlət idarəsi– Diyanet nəzarət edir. Bu qurum son illər İslam dünyasında onlarla məscid tikib və bəziləri bunu Türkiyənin nüfuzunu gücləndirməsinin əsas metodu sayırlar.

Serbiya – Çinin Balkan qapısı

Çin Mərkəzi və Şərqi Avropaya genişlənməsinin tərkib hissəsi kimi Serbiyada getdikcə daha fəal rol oynayır. Bu haqda “The Diplomat” portalında Philippe Le Corre və Vuk Vuksanovic söz açır.

Serbiya Prezidenti Aleksandar Vucic (sağda) və Çinin nəqliyyat naziri Li Xiaopeng
Serbiya Prezidenti Aleksandar Vucic (sağda) və Çinin nəqliyyat naziri Li Xiaopeng

Müəlliflər qeyd edirlər ki, ötən il Çinin Avropa Birliyi ilə münasibətində bir sıra geriləmə yaşanıb, son olaraq, Avropa Komissiyası birbaşa xarici sərmayəni sərtləşdirib. Dekabrda Avropanın ən güclü iqtisadiyyatı olan Almaniya öz şirkətlərinin xarici qüvvələr tərəfindən alınmasına qarşı yeni qaydalar tətbiq edib.

Di gəl, Çin Balkanlarda fərqli təcrübəni sınayır. AB-nin üzvü olmayan Serbiya özünü Çinin Avropadakı ən yaxşı dostlarından biri adlandırır. Pekin Balkanlarda bir sıra nəhəng layihələrə baş vurub, ən prestijlisi sayılan Belqrad-Budapeşt sürətli dəmiryolu isə indiyədək reallaşmayıb.

Serbiyanın Çinlə siyasi və diplomatik münasibətini gücləndirməsinin bir səbəbi də Kosovo məsələsidir. Serbiya güc balansını da nəzərə alır. 2008-ci ilin maliyyə böhranı Serbiya rəhbərliyində belə bir fikir yaratdı ki, Qərb zəifləyir, Çin isə yüksəlir.

Müəlliflər Serbiya rəhbərliyinin bu yaxınlarda Kosovo məsələsinə dair Çin səfiri ilə məsləhətləşdiyini də qeyd edirlər. Axı, bu məsələ adətən, Rusiya səfirliyi üçün saxlanırdı. Bu, Çinin Belqrad üzərində nüfuzunun artmasının göstəricisi sayıla bilər.

Barbie tezliklə 60 yaşını qeyd edir

Gənc qızların sevimlisi Barbie gəlinciyinin tezliklə 60 yaşı tamam olacaq. “Di gəl, bircə qırışı da yoxdur”, – “Frans Pres” agentliyi yazır.

Barbie gəlincikləri fərqli geyimlərdə
Barbie gəlincikləri fərqli geyimlərdə

Oyuncaq sənayesindəki kəskin rəqabətə baxmayaraq, hər il dünyanın 15-dən artıq ölkəsində 58 milyon Barbie satılır.

Bugünkü sənayedə uğurun 3-5 il çəkdiyini nəzərə alsaq, 60 il nəhəng bir dövrdür!” – Barbie-nin qlobal brend marketinqinin direktoru Nathan Baynard deyir.

O, Barbie gəlinciklərinin dünya şöhrətini Coca-Cola, yaxud McDonald's ilə müqayisə edir.

1959-cu il martın 9-da ilk dəfə Nyu Yorkdakı Amerika Oyuncaq Yarmarkasına çıxarılandan bir milyarddan artıq Barbie gəlinciyi satılıb.

Onu Mattel oyuncaq şirkətirinin qurucularından olan Ruth Handler yaradıb, bu işə öz övladlarının xətrinə qol qoyub.

Qızı Barbaranın oyuncaqları az olubmuş, yalnız xırda gəlinciklər imiş”, – Baynard deyir.

Elə Barbie də Barbaranın qısaldılmış adıdır.

Bu gəlinciyin məqsədi qızlara “seçimləri olduğunu öyrətmək idi, onlar istədikləri kimi ola bilərdilər. 1959-cu ildə bu, radikal fikir idi”, – Baynard vurğulayır.

Barbie dərhal uğur qazanıb, birinci il 300 min gəlincik satılıb.

XS
SM
MD
LG