Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:35

Netflix Səudiyyə Ərəbistanında hansı epizodu ‘kəsdi’ – Qərb mediası


Ötən il Səudiyyədə 40 illik qadağadan sonra kinoteatrlar açıldı

Netflix Səudiyyə Ərəbistanında internet xidmətindən “Hasan Minhaj ilə vətənpərvər aktı” komediya şousundan bir epizodu çıxarıb. Çoxsaylı xəbər orqanların bildirməsinə görə, krallıq rəsmiləri həmin epizodla bağlı şikayət ediblərmiş.

Söhbət “Washington Post” qəzetinin yazarı Jamal Khashoggi-nin ötən il Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülməsindən dolayı həmin komediya proqramında rejimin tənqid olunduğu epizoddan gedir.

Kashoggi krallığın və vəliəhd şahzadə Mohammed bin Salman-ın açıq tənqidçisi idi. Krallıq onun konsulluqda öldürüldüyünü təsdiqləsə də, vəliəhd şahzadənin bundan öncədən xəbərdar olmadığını söyləyib.

Netflix rəsmiləri məsələni şərh etməyiblər, heç bir rəsmi bəyanat yaymayıblar.

Səudiyyə Ərəbistanı rəsmiləri də şərh verməyiblər.

Jamal Khashoggi-nin portreti
Jamal Khashoggi-nin portreti

Ancaq “Financial Times” və digər media orqanlarına açıqlamasında Netflix ötən həftə Səudiyyə Ərəbistanında bir epizodun kəsildiyini təsdiqləyib. Krallığın Kommunikasiya və İnformasiya Texnologiyası Komissiyası həmin epizodun kiber cinayətkarlıqla bağlı qanunu pozduğunu iddia etmiş, çıxarılmasını istəyibmiş.

İncəsənət azadlığını qətiyyətlə dəstəkləyirik. Hüquqi xahiş aldığımızdan, yerli qanunvericiliyə əməl etməkdən ötrü Səudiyyə Ərəbistanında bu epizodu kəsdik”, – Netflix rəsmisi vurğulayıb.

İlk dəfə oktyabrdan ABŞ-da yayımlanmış həmin epizodda Minhaj deyir: “İndi Səudiyyə Ərəbistanı ilə münasibətimizi yenidən dəyərləndirmək üçün yaxşı zaman yetişib. Bunu bir müsəlman və amerikalı kimi deyirəm”.

O, krallığı Yəmən müharibəsindəki roluna görə də tənqid edib, onu avtokratik dövlət adlandırıb.

“The New York Times” xəbər verir ki, bu epizoda Səudiyyə Ərəbistanında YouTube platformasına baxmaq hələ də mümkündür.

Ağ ev Pelosinin planını yetərli saymır

Ağ evin mətbuat katibi Sarah Huckabee Sanders Nümayəndələr Palatasındakı demokratların hökuməti yenidən açmaq planına reaksiya verib, iddia edib ki, palatanın spikeri olacağı gözlənən Nancy Pelosinin planı 11 gün qapalı qalmış hökumətin açılmasına yetərli olmayacaq.

Sarah Huckabee Sanders
Sarah Huckabee Sanders

“Prezident Trump hökumətin açılması, sərhəd böhranının həlli, bütün amerikalıların qorunması üçün demokratlara ciddi, yaxşı inam yaradan təklif verib. Demokratlardan cavab gəlmədi, indiyədək kompromisə getməkdən imtina ediblər. Spikerliyə namizəd Nancy Pelosinin planı hökuməti yenidən aça bilməyəcək, çünki sərhədin təhlükəsizliyinə təminat vermir, başqa ölkələrin ehtiyaclarını öz vətəndaşlarımızın ehtiyaclarından üstün tutur”, – o deyib.

Prezident Donald Trump Meksiyayla sərhədin hasarlanmasına 5 milyard dollar tələb edir. Demokratlar isə əvəzində 1,3 milyard təklif edirlər.

Trump dünən – yanvarın 1-də Twitter-də demokratların təklifini tənqid atəşinə tutub, deyib ki, partiyanın irəli sürdüyü maliyyə layihəsində onun istədiyi hasara görə pul nəzərdə tutulmayıb.

Prezident iddia edib ki, hasarsız ABŞ-ın “əsl sərhəd təhlükəsizliyi”ndən danışmaq olmaz, demokratla isə “açıq sərhədləri” veclərinə almırlar.

Sərhəddə miqrantların üstünə gözyaşardıcı qaz buraxılıb

Yeni ilin ilk günləri ABŞ-Meksika sərhədində gərginlik davam edib. Mərkəzi Amerikadan gələn karvandan miqrantlar sərhədə yığışınca ABŞ sərhədçiləri onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Fox News xəbər verir ki, təxminən 150 miqrantın Tijuanada sərhəd hasarına yaxınlaşmasını önləməkdən ötrü onlara tərəf qaz buraxılıb.

Hondurasdan gələn qadın
Hondurasdan gələn qadın

“The Associated Press” agentliyinin fotoqrafı qadınlar və uşaqların, eləcə də media təmsilçilərinin qazın təsirinə məruz qaldığını xəbərləyir.

Agentliyə danışan miqrantlrar ötən ay Hondurasdan gəldiklərini söyləyiblər.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi idarəsi bəyanatında bildirib ki, qaz Meksika tərəfdən daş atanların üzərinə buraxılıb. Həmin şəxslərin uşaqlara kömək edən agentlərə maneçilik törətdiyi bildirilir. Agentlik 25 miqrantın saxlandığını qeyd edir.

İki qadın yasağa məhəl qoymayaraq məbədə giriblər

Hindistanın cənubundakı Kerala startında iki qadın əsrlər boyu mövcud olmuş qadağaya rəğmən hindu məbədinə giriblər. “Reuters” agentliyi yazır ki, bunun mühafizəkar hindu qruplarının qəzəbinə səbəb olacağı sarıdan qorxular yaranıb.

Hindu zəvvarların mərasimi
Hindu zəvvarların mərasimi

Yerli ənənəyə görə, menstruasiya yaşında, yəni 10-50 yaş arası qadınlar Sabarimala məbədinə girə bilməzlər. 40 yaşlarında olan həmin qadınlar isə buna məhəl qoymaıblar.

Yerli xəbər kanalları xəbər verir ki, qadınların ziyarətindən sonra baş keşiş məbədi “təmizləmə” ritualına görə bağlayıb.

Yerli polis əməkdaşının internetdə yerləşdirdiyi videoda iki qadının başıörtülü vəziyyətdə məbəddə gəzdiyi görünür. Hökumət qadınları qorumaq qərarını müdafiə edib, bunu insan haqları məsələsi adlandırıb.

Öncədən də demişdim ki, hökumət məbədə girmək istəyən istənilən qadını qoruyacaq”, – Keralanın baş naziri Pinarayi Vijayan deyib.

Ancaq ştatın aparıcı müxalifəti etirazlar xəbərdarlığı etmişdi. Onlar bu addımı xəyanət adlandırıb, hökumətin ənənənin pozulmasının bədəlini ödəyəcəyini deyib.

XS
SM
MD
LG