Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Aktyor Zelenskiy seçkiyə gedir


Siyasi karikatura
Siyasi karikatura

Ukraynanın tanınmış aktyoru, komediya ustası Volodymyr Zelenskiy aylardır davam edən spekulyasiyaya son qoyaraq prezident seçkisinə qatılacağını deyir.

“Quarter 95” studiyalarının yaradıcısı və direktoru olan 40 yaşlı aktyor açıqlamanı dekabrın 31-də televiziya şousunda verib. O, “Ukraynada nəyi dəyişməyə çalışmaq naminə” seçkiyə getmək qərarına gəldiyini söyləyib.

Böyük siyasətçilərimizdən fərqli olaraq boşuna vədlər vermək istəmirəm. Ancaq indi, Yeni ildən bir neçə dəqiqə öncə sizə söz verə bilərəm ki, bunu dərhal edəcəyəm”, – o, “Quarter 95” komediya proqramında bildirib.

Martın 31-də keçiriləcək seçki kampaniyası artıq dünəndən başlayıb.

Hazırkı prezident Petro Poroshenko ikinci dəfə beş il müddətinə seçilmək niyyətini açıqlamasa da, onun seçkiyə gedəcəyi gözlənir.

ZELENSKİY-İN CANLANDIRDIĞI OBRAZ

Ukrayna ərazisində Poroshenko-nun bilbordlarını görmək mümkündür. O, gah ölkənin silahlı qüvvələrinin komandiri kimi tərənnüm edilir, gah da ölkənin müstəqil Pravoslav Kilsəsinin yaradılmasındakı rolu qabardılır.

Poroshenko 2014-cü il seçkisində səslərin 54 faizini yığmışdı. Ancaq ölkədəki iqtisadi problemlər, islahatlar, korrupsiyayla mübarizə sahəsində proqresin olmaması onun reytinqini salıb.

2014-cü ilin aprelindən Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələrinin münaqişəsində 10 min 300-dən çox ölən olub.

Hazırda Poroshenko-nun əsas rəqibinin keçmiş baş nazir Yulia Tymoshenko olduğu görünür. O, iyunda seçkiyə gedəcəyini açıqlayıb.

Son rəy sorğuları Tymoshenko-nun Poroshenko-dan öndə getdiyini göstərir.

Dekabrın birinci həftəsində keçirilmiş bir rəy sorğusunda Zelenskiy 9 faiz səslə ikinci yeri tutmuşdu. Tymoshenko 12,7 faizlə birinci, Poroshenko 8,6 faizlə üçüncü idi.

Hazırda Zelenskiy “Xalqın nökəri” adlı populyar televiziya komediyasında baş rolda oynayır, canlandırdığı məktəb müəllimi prezident olur.

Mərkəzi Seçki Komissiyasında namizədlərin qeydiyyatı fevralın 3-dək davam edəcək. Komissiya fevralın 8-dək namizədlərin yekun siyahısını açıqlamalıdır.

XS
SM
MD
LG