Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:40

Ə.Muxtarlının iki şikayətinə baxılıb


Ə.Muxtarlı

Suraxanı Rayon Məhkəməsində həbsdəki jurnalist Əfqan Muxtarlının iki şikayətinə baxılıb.

Bu haqda AzadlıqRadiosuna jurnalistin xanımı Leyla Mustafayeva məlumat verib.

Həmin şikayətlərdə jurnalistin həbsdə qeyri-insani rəftara məruz qaldığı və telefonla danışıq, yaxınları ilə görüşmək hüququna, habelə kitab verilməsinə məhdudiyyət qoyulduğu vurğulanır.

Ə.Muxtarlının həbsdə qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması iddiasının yer aldığı şikayətə dünən, dekabrın 27-də hakim Ramil Həsənovun sədrliyi ilə baxılıb.

L.Mustafayevanın bildirdiyinə görə, məhkəmə baxışı zamanı hakim Penitensiar Xidmətin əməkdaşlarının Ə.Muxtarlıya münasibətdə davranışlarında cinayət tərkibinin olub-olmamasının araşdırılmasından ötrü işi Suraxanı Rayon Prokurorluğuna göndərib.

Ə.Muxtarlının vəkili Elçin Sadıqov isə AzadlıqRadiosuna açıqlamasında bildirib ki, məhkəmə baxışı prokurorluğun qərarından sonra davam etdiriləcək.

İkinci şikayət

Ə.Muxtarlının həbsdə telefonla danışıq, yaxınları ilə görüşmək hüququna və kitab verilməsinə məhdudiyyət qoyulması iddiası ilə bağlı verilən şikayətə isə bu gün, dekabrın 28-də baxılıb.

Jurnalistin vəkilləri şikayətin dəlillərini müdafiə ediblər. Ancaq Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun sədrlik etdiyi məhkəmə kollegiyası şikayəti əsassız sayaraq təmin etməyib.

Ombudsmanın məktubu

Ə.Muxtarlının vəkilləri bundan əvvəl onun qanunsuz cərimə kamerasına salınması və digər hüquqlarının pozulması ilə bağlı şikayətlərinin araşdırılmasından ötrü ombudsmana da müraciət etmişdilər. Ancaq cavab məktubda həmin iddialar təkzib edilmişdi. Ombudsman Elmira Süleymanovadan Ə.Muxtarlının yaxınlarına gələn məktubda yazılırdı ki, şikayətin araşdırılmasından ötrü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edilib. Ombudsman Ə.Muxtarlının vəkillərini və yaxınlarını Penitensiar Xidmətdən aldığı cavabla bağlı məlumatlandırmışdı. Həmin məlumatda qeyd edildiyinə görə, Ombudsmana cavab verilib ki, Ə.Muxtarlı cəza çəkdiyi dövrdə fiziki və mənəvi təzyiqlərə məruz qalmayıb, zəruri maddi-məişət şəraiti ilə təmin olunaraq qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından tam qaydada istifadə edib.

Xatırlatma

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci ilin mayında müəmmalı şəkildə Azərbaycanda həbs edilib.

Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Rəsmi ittihamda isə bunun əksi iddia olunur. O, güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq-müdafiə təşkilatları Ə.Muxtarlının həbsini pisləyərək, Azərbaycan hökumətini onu azadlığa buraxmağa səsləyiblər.

Multimedia

XS
SM
MD
LG