Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Yanvar, Cümə axşamı, Bakı vaxtı 04:32

Özünüməşğulluqla bağlı şikayətlərə cavab


Mal-qara

«Özünüməşğulluq proqramının icrasına 2016-cı ildən başlanıb. Yeni «Məşğulluq haqqında» Qanun qəbul olunub. Həmin qanunda da özünüməşğulluq proqramı işsiz vətəndaşların məşğulluğunun təmin olunmasına kömək göstərilməsi məqsədilə aktiv məşğulluq tədbiri kimi nəzərdə tutulub».

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev «Report» agentliyinə açıqlamasında bildirib.

Nazir müavinin deməsinə görə, 2018-ci ildə bu məqsədlərdən ötrü dövlət büdcəsindən 36 milyon manat vəsait ayrılıb: «Təxminən 7800 nəfər bu proqrama cəlb olunub. Özünüməşğulluq proqramına daxil olacaq şəxslərin sayı bu il 7 dəfə artırılıb. Hazırda nazirlik tərəfindən aktivlərin paylanılması prosesi həyata keçirilir. Düşünürük ki, ilin sonuna kimi paylanılacaq aktivlərin sayı 6 minə yaxınlaşacaq. Bu proqram növbəti illərdə də davam etdiriləcək».

A.Əliyev deyib ki, 2019-cu ilin dövlət büdcəsində bu məqsədlərdən ötrü 42 milyon manat vəsait nəzərdə tutulub . Həmin vəsait hesabına 8 minə yaxın işsiz vətəndaşı özünüməşğulluq proqramına cəlb etmək planlaşdırılır.

Heyvanlar dəyişdirilir

Nazir müavini sosial şəbəkələrdə və mətbuatda özünüməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən narazı olan vətəndaşların şikayətlərinə də münasibət bildirib. Bəzi sayt və sosial şəbəkələrdə bu proqram çərçivəsində vətəndaşlara verildiyi deyilən xəstə mal-qaranın şəkilləri paylaşılıb: «Biz təchizatçı şirkətlə aktivlərin, əmlakların alınması və təhvil verilməsi ilə bağlı müqavilə bağlamışıq. Hər bir özünüməşğulluğa cəlb edilən əməkdaşa bu aktivlər verilərkən keyfiyyəti nazirlik tərəfindən yoxlanılır. Maldarlıqla əlaqədar olanda isə biz bütün hallarda şirkətdən müvafiq baytarlıq arayışları tələb edirik. Heç bir halda kiməsə aktivlərin məcburi şəkildə verilməsi halı yoxdur. Bu sahədə bütün imkanlar yaradılıb, vətəndaşlar öz istəklərinə uyğun olaraq, şirkət tərəfindən təklif olunan aktivləri seçməkdə sərbəstdir».

A.Əliyevin deməsinə görə, 2018-ci ildə vətəndaşlara 21 minə yaxın mal-qara paylanılıb və verilən mal-qara ilə bağlı problem yarananda müvafiq aktivlərlə dəyişdirilib.

Bu günlər AzadlıqRadiosuna müsahibə verən bəzi şəxslər də bu proqram çərçivəsində aldıqları inəyin xəstə olduğunu bildirmişdilər. Astara rayonun Rüdəkənar kənd sakini Ellada İsmayılova deyirdi ki, özünüməşğulluq proqramında aldığı iki inəkdən biri xəstə olduğundan onun saxlanma xərcini özlərinə ziyan sayır və proqramdan çıxmaq istəyir. Ancaq onun deməsinə görə, şikayətinə baxan yoxdur.

Xatırlatma

Özünüməşğulluq proqramı 2016-cı ildən tətbiq edilməyə başlanıb. Həmin vaxt rəsmilər deyirdilər ki, ünvanlı sosial müavinətlərin verilməsi bəzi insanlarda arxayınlıq yaradır. Ona görə də, özünüməşğulluq proqramının tətbiqinə başlayırlar. Son illər ölkədə ünvanlı sosial müavinət (ÜSM) alanların sayı da kəskin azalmağa başlayıb. Təkcə bu il sosial müavinət alanların təqribən yarısının azaldığı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG