Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:48

'Tətbiqi fənləri proqrama salırlar, amma müəllim tapılmır'-Media icmalı


Cümhuriyyət 100 il
Gözlə
Embed

No media source currently available

0:00 0:00:39 0:00

Cümhuriyyət 100 il

2018-ci ilə «Cümhuriyyət İli» müstəvisindən baxış, təhsilin magistratura pilləsindən şikayətlər, məcburi köçkünlərə yeni mənzillərin verilməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır…

«Siyasi iradə olmayanda…»

Azadliq.info saytında ««Cümhuriyyət İli» nə ilə yadda qaldı?» sualı gündəmə daşınır.

Müəllif xatırladır ki, prezident İlham Əliyev 2018-ci ili ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti (AXC) İli» elan edib. Yazıda vurğulandığına görə, bu cəmiyyətdə çoxluğun müsbət qarşıladığı azsaylı qərarlardan olub. Müəllifin fikrincə, bu da ölkənin fəal və siyasi təfəkkürü formalaşan insanlarından ötrü cümhuriyyətin ən müqəddəs dəyər kimi qəbul edilməsinin göstəricisidir.

Ancaq yazıda iddia edilir ki, bu il Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində qorunan tarixi sənədlər AXC-ni araşdıran tədqiqatçıların üzünə açılmayıb. Müəllifin fikrincə, sanki hökumət bu barədə sanballı tarixi əsərlərin yazılmasında maraqlı olmayıb: «Ölkədə çoxpartiyalı siyasi sistemə meydan açılması, 150-dən çox siyasi məhbusların hamılıqla azad edilməsi, mətbuat, söz və ifadə azadlığını təmin etmək kimi addımların atılması olduqca vacib idi. Məhz 2018-ci il 11 apreldə növbədənkənar prezident seçkisinin demokratik keçirilməsi «Cümhuriyyət İli»nə ən yaxşı siyasi töhfədən biri ola bilərdi. Təəssüf ki, bu fürsətlər qaçırıldı».

Müəllif hesab edir ki, Qarabağ probleminin həlli baxımından ölkənin daim müsbət beynəlxalq imicə ehtiyacı var: «Hətta beynəlxalq arenada belə bir rəy yaratmağa çalışırlar ki, xalqımız demokratik dəyərlərə, hələ ki, hazır deyil. Təəssüf ki, ölkəmiz bütün beynəlxalq hesabatlarda insan hüquq və azadlıqlarının durumuna görə «qeyri-azad ölkə» statusu alıb».

Yazıda vurğulanıb ki, AXC-nin 100 illiyinin lazımı səviyyədə qeyd edilməsindən ötrü siyasi iradə çatışmayıb.

Tələbələr
Tələbələr

Tələbələrin magistratura şikayətləri

Modern.az saytında «Tələbə şikayətləri – «Azərbaycanda magistr təhsili almaq mənasızdır»-səbəb» sərlövhəli yazı oxumaq olar.

Yazıda Azərbaycanda magistr pilləsində təhsilin beynəlxalq standartlara uyğun olub-olmaması ekspertlərlə müzakirə edilib.

Müəllif xatırladıb ki, magistratura - ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Amma yazıda qeyd edildiyinə görə, bəzən belə fikirlər səslənir ki, «Azərbaycanda magistraturanı oxumaq mənasızdır».

Yazıda bildirilir ki, bəzən xaricdə təhsilini davam etdirə bilməyən gənclər Azərbaycanda magistratura təhsili alır. Müəllifin qeyd etməsinə görə, tələbələr bakalavr pilləsində keçirilən psixologiya, pedaqogika, fəlsəfə, xarici dil kimi fənlərin «əlavə fənn» adı ilə magistraturada yenidən siyahıya salınmasından da şikayət edirlər.

Təhsil sahəsi üzrə ekspert Kamran Əsədovun modern.az-a açıqlamasına görə, tələbələrin şikayətçi olduqları məsələlər, əsasən, dövlət universitetlərində baş verir. K.Əsədov hesab edir ki, dünya təcrübəsindən istifadə etmək lazımdır. Onun fikrincə, əlavə fənlərin təkrar tədris edilməsi yolverilməzdir. K.Əsədov deyib ki, magistratura dünyada elmi səviyyə kimi qəbul edilsə də, Azərbaycan hələ də bu səviyyəyə çatmayıb.

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov da magistratura səviyyəsində dünya təcrübəsinin Azərbaycan təhsil sisteminə tətbiq edilməsini gərəkli sayır: «Hazırda Avropada və Türkiyədə dərslərin əksəriyyəti tədqiqat yönümlü fənlərdir. Tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramlar, təhlil aparma metodları və s. magistrantlara tədris edilir. Məsələn, iqtisadiyyat sahəsini götürsək, bakalavr pilləsində iqtisadiyyatın əsasları, giriş hissəsi, magistraturada isə onun tətbiqi öyrədilir. Bizdə bir problem də var ki, bəzən tətbiqi fənləri proqrama salırlar, amma bunu tədris edəcək müəllim tapılmır…».

Məcburi köçkünlər üçün salınmış şəhərcik
Məcburi köçkünlər üçün salınmış şəhərcik

«Köçkünlərə hədiyyə»

«Azərbaycan» qəzeti dövlət başçısı İlham Əliyevin dekabrın 24-də 1000 köçkün ailəsindən ötrü salınmış şəhərciyin açılışında iştirakından bəhs edir. Yazı «Prezidentin hədiyyəsi» adlanır.

Müəllif yazının girişində dekabrın 24-də dövlət başçısı İlham Əliyevin də ad günü olmasını xatırladaraq bunları yazıb: «Prezidentin dəyişməz ənənəsidir: ad günlərini daim məcburi köçkünlərlə keçirir. Bunun səbəbini ondan soruşanlara isə cavabı konkretdir: məcburi köçkünlər mənim ailə üzvlərimdir, mən də doğum günümdə onlarla - öz ailəmlə bir oluram».

Yazıda dövlət vəsaiti ilə tikilən şəhərcikdə 1000 köçkün ailəsinə mənzil verilməsi isə prezidentin hədiyyəsi kimi qiymətləndirilir: «Prezident tam 1000 ailəyə, təqribən 5000 insana yeni mənzil hədiyyə etdi. Və beləliklə, İlham Əliyev tərəfindən açılan məcburi köçkün qəsəbələrinin sayı 101-ə, prezidentin yeni mənzil hədiyyəsini alanların sayı isə orta hesabla 60 min ailəyə, yəni 300 min nəfərə çatdı».

Müəllif yazıb ki, İ.Əliyev yalnız xeyirxah rəhbər deyil, həm də köçkünləri ata-baba evlərinə - Qarabağa qaytaracaq Ali Baş Komandandır.

Yazıda daha sonra da oxuyuruq: «Prezidentin dünənki (dekabrın 24-ü) görüşü bir daha sübut etdi ki, İlham Əliyev bu xalqın yalnız 5 il müddətə seçdiyi rəhbəri deyil, onun dayağıdır, güvəncidir, sabaha inamıdır, ən nəhayət, gələcəyinin yeganə təminatçısıdır».

XS
SM
MD
LG