Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Nawaz Sharif 7 illik həbsə məhkum edilib


Nawaz Sharif-in tərəfdarları məhkəmə qarşısında
Nawaz Sharif-in tərəfdarları məhkəmə qarşısında

Pakistanın antikorrupsiya məhkəməsi keçmiş baş nazir Nawaz Sharif-i bəlli gəlir mənbələrindən başqa sərvətə sahiblənməkdə təqsirli bilərək yeddi il həbs cəzasına məhkum edib.

İslamabadda məhkəmə iki korrupsiya ittihamı üzrə qərarı dekabrın 24-də elan edib, ikinci iş üzrə ona bəraət verib.

Sharif ittihamları rədd edir, onları siyasi motivli adlandırır. Qərar apelyasiya şikayətinə açıqdır.

O, Londonda aldığı dəbdəbəli mənzillərə görə iyulda 10 il həbs cəzasına məhkum edilib. Qərardan apellyasiya şikayəti verib və sentyabrda zaminə buraxılıb.

Dekabrın 24-də qərarı açıqlayan hakim Sharif-in İslamabad yaxınlığındakı Adiala həbsxanasına aparılmasına göstəriş verib.

Sharif ötən il baş nazirlikdən kənarlaşdırılıb.

TƏRƏFDARLARI POLİSİ DAŞA TUTUB

Hökm elan olunmamışdan öncə Sharif-in müxalifətdə olan Pakistan Müsəlman Liqası Partiyasının (PML-N) aparıcı rəsmisi Ahsan Iqbal deyib ki, Sharif-in məhkum edilməsi “yaxşı qərar olmaz”.

Nawaz Sharif (ortada), arxiv fotosu
Nawaz Sharif (ortada), arxiv fotosu

Pakistan mediası hökmdən öncə məhkəmə qarşısında sərt təhlükəsizlik tədbirləri görüldüyünü xəbər verir.

Geo.tv şəhər administrasiyasına istinadla məhkəmə ətrafına minədək polis əməkdaşının yerləşdirildiyini xəbər verir, binaya gedən yollar bağlanıb.

Nawaz məhkəməyə çatandan az sonra PMLN tərəfdarları polisə daş atıb, binaya zorla yaxınlaşmağa cəhd edib. Polis onları dağıtmaq üçün gözyaşardıcı qaza əl atıb.

Sharif-ə ittihamlar 2016-cı ildə “Panama sənədləri” yayılandan sonra irəli sürülüb. Məhkəmə qərarında deyilir ki, o, Səudiyyə Ərəbistanında al-Azizia polad zavoduna sahibliyi necə əldə etməsinə dəlil göstərə bilməyib.

Məhkəmə ikinci iş – Britaniyada sərmayələrlə bağlı ona bəraət verib, dəlil olmadığını bildirib.

Pakistanın yeni baş naziri Imran Khan ölkədə kök salmış korrupsiyayla mübarizə vədi verib.

Sharif 1993-cü ildə korrupsiyada şübhəli bilinərək vəzifədən kənarlaşdırılıb. O, 1997-ci ildə seçkini bir daha udub, amma 1999-cu ildə hərbi çevriliş nəticəsində yenə uzaqlaşdırılıb və mühacirət edib.

2007-ci ildə Pakistana qayıtmış Sharif 2013-cü ildə yenidən hakimiyyət başına keçib. O, ötən il, korrupsiya qalmaqalı ortaya çıxınca kənarlaşdırılıb.

İyulda Sharif həbsxanada ikən onun partiyası parlament seçkisini uduzub. Imran Khan-ın Tehreek-i-Insaf partiyası antikorrupsiya platforması ilə seçkini qazanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG