Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

'Xəzərin sahilində əlçatmaz təam-kürü'-Media icmalı


Kürü
Kürü

Dövlət sahibkar münasibətləri, manatın taleyi, bayram süfrəsinə hazırlıq və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Könülü qara kürü istəyən...»

«Yeni Müsavat» qəzetində «Yeni ildə könülü qara kürü istəyənlərər: kilosu 1500 dollara...» sərlövhəli yazı yer alır.

Müəllif yazıb ki, Yeni il şənliyinə sayılı günlər qala ailələr bayram süfrəsinə hazırlıqla bağlı tədarükə başlayıb. Yazıda vurğulandığına görə, balıq kürüsünün Yeni il süfrəsində xüsusi yeri var. «Azərbaycan Xəzər sahilində yerləşir və bəzən kürünü neftdən sonra ikinci ən böyük sərvət hesab edirlər. Bunun səbəbi kürünün dünya bazarında qiymətinin baha olması ilə əlaqədardır...».

Yazıda bildirilir ki, Azərbaycan Xəzərin sahilində yerləşməsinə baxmayaraq, burada kürü həmişə əlçatmaz təam olub.

Daha sonra müəllif kiçik araşdırma apararaq Bakıdakı satış məntəqələrində kürünün qiyməti ilə maraqlanıb: «Kürülərin 100 qramının qiyməti 2.5 manatdan başlayıb, 6 manata qədər davam edir. Təbii ki, qeyd etdiyimiz kürlərin heç birini əsl saymaq olmaz. Bəzi kürü satılan qabların arxa hissəsində qidanın süni kürü olduğu yazılır. Məlumat üçün qeyd edək ki, təbii kürü ilə yanaşı, süni kürülər də yetişdirilir».

Müəllif yazıb ki, ən baha kürü nərə və ağbalığın kürüsüdür: «Birinci balığın 1 kiloqram kürüsü 1200 manata, ikincinin kürüsü isə 1500 dollara satılır...».

Bununla belə, müəllif yazıb ki, Bakıda bəzi bazarlarda da müştərilərin cibinə uyğun kürü satılmaqdadır.

1991-1992-ci illərdə «Azərbalıq» İstehsalat Kommersiya Assosiasiyasının sədri Hafiz Hacıyev bildirib ki, onun vəzifədə olduğu ərəfədə qara kürünün kilosu 110 dollar olub. «İndiki qiymətlər monopoliya ilə bağlı olan məsələlərdir», - deyə o vurğulayıb.

Dollar/Manat
Dollar/Manat

Manatın taleyi

Modern.az saytında «FED-in uçot dərəcəsini artırması manata necə təsir edəcək? - ekspert şərhi» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu günlərdə ABŞ Federal Ehtiyatlar Sistemi (FED) dolların baza faizini 2-2.25-dən 2.25-2.5 faizə qədər artırıb.

Deputat V.Əhmədov modern.az-a açıqlamasında deyib ki, FED-in uçot dərəcəsini artırmasının manata təsirləri böyük olmayacaq: «Ola bilər, qonşu dövlətlərin milli valyutalarının məzənnəsinə təsir etsin. Azərbaycan manatının məzənnəsi möhkəm və sabit olduğundan bizə təsirləri gözlənilmir».

V.Əhmədovun fikrincə, neftin qiymətinin 60 dollar səviyyəsində qalacağı təqdirdə manatı problem gözləmir. Deputatın qeyd etməsinə görə, əgər neftin qiyməti kəskin ucuzlaşarsa, problemlər gözlənilə bilər.

İqtisadçı-ekspert N.Cəfərli də sayta deyib ki, bu qərarın Azərbaycana birbaşa təsirləri yoxdur: «Çünki bizdə valyuta birjaları fəaliyyət göstərmir. Günlük, yaxud dəqiqəlik valyuta məzənnəsi müəyyənləşdirilmir. Bizdə daha çox inzibati qaydada tənzimlənən məzənnə aktualdır».

Amma ekspert dolayı təsirləri istisna etmir. İqtisadçı vurğulayıb ki, dünyada dollar bahalaşdıqca, qonşu ölkələrin milli valyutaları ucuzlaşacaq, bu da nəticədə ölkəyə gətirilən məhsulların həcminə və qiymətinə təsir göstərəcək.

N.Cəfərli bildirib ki, son 50 ildə bahalı dollar nefti ucuzlaşdıran əsas amilə dönüb. Onun fikrincə, dollar bahalaşdıqca, neft ucuzlaşacaq.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının qurultayı
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının qurultayı

Dövlət və sahibkar

«Azərbaycan» qəzetində «Dövlət sahibkarlara, sahibkarlar da dövlətə arxalanır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıya Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının bu günlərdə başa çatmış V qurultayına dövlət başçısı İlham Əliyevin ünvanladığı məktubdan sitat gətirməklə başlayıb: «... Biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasını qarşıdakı illərdə strateji hədəflərimizdən biri olaraq müəyyən etmişik. Hazırda qeyri-neft sənayesi və kənd təsərrüfatı sahələrində qazanılan nailiyyətlər sahibkarlara biznes fəaliyyətini genişləndirmələri üçün əlavə stimul yaradır. Milli iqtisadiyyatın dayanıqlı inkişafında sahibkarlığın əhəmiyyətli rol oynayacağına əminliyimi ifadə edirəm».

Müəllifin iddiasına görə, özəl sektora, sahibkarlara keçmiş prezident Heydər Əliyevin dövründən başlayan etimad hazırkı dövlət başçısı İlham Əliyevin fəaliyyətində də prioritet istiqamət təşkil edir: «Bazar iqtisadiyyatının təbii tələblərindən irəli gələn bu siyasət ölkəmizdə o qədər davamlı olmuşdur ki, indi nəinki regionda, hətta MDB və Şərqi Avropa məkanında həm sayına, həm də imkanına görə Azərbaycan sahibkarları xüsusilə fərqlənməkdədir».

Yazıda qeyd edildiyinə görə, ölkədə aparılan uğurlu iqtisadi islahatlar, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi, yaradılan əlverişli biznes, investisiya mühiti sayəsində iqtisadiyyatın məhsul istehsalı sahələrində özəl sektorun payı ildən-ilə artır.

Müəllif daha sonra sahibkarların hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edib. Yazının sonunda da oxuyuruq: «Sahibkarların hüquqlarının dövlət tərəfindən qorunmasının digər bir aspekti də onlarla dövlət arasında operativ əlaqə mexanizminin qurulmasıdır. Bu, sahibkarlara qarşılaşdıqları problemləri operativ həll etməyə imkan yaradır, üstəlik, ayrı-ayrı məmurların qanundankənar tələblərinin qarşısını alır».

XS
SM
MD
LG