Ankarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub.
Bu barədə bu gün, dekabrın 20-də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil sahələrində əməkdaşlıq müzakirə edilib və 2019-cu il üzrə fəaliyyət planı razılaşdırılıb. Görüşün sonunda «Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi-tibb sahəsində təhsil və əməkdaşlıq haqqında» protokol imzalanıb.
İclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev olub.
Bu formatda növbəti 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının 2019-cu ilin sonunda Azərbaycanda keçirilməsi planlaşdırılır.
Xatırlatma
Ankarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 18-də başlamışdı.
İki ölkənin Yüksək Səviyyəli Hərbi Dialoq İclasının ilk toplantısı 2007-ci ildə olub. Həmin tarixdən bu yana bu toplantılar hər il növbələşməklə Türkiyə və Azərbaycanda keçirilir.