Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:32

'Qoca qoyunlar, xəstə inəklər...' Özünəməşğulluqda şikayətlər [Media icmalı]


Qoyun
Qoyun

Ölkədə səhiyyənin vəziyyəti, özünəməşğulluq proqramında şikayətlər, neftin ucuzlaşması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Özünəməşğulluq proqramında şikayətlər...

«Yeni Müsavat» qəzetində «Qoca qoyunlar, xəstə inəklər...-dövlətin qiymətli proyekti niyə narazılıq yaradıb» sərlövhəli yazı oxumaq olar.

Yazıda hökumətin özünəməşğulluq proqramından bəhs edilir. Söhbət hökumətin sosial yardım alan bəzi vətəndaşlara bunun əvəzində şəxsi təsərrüfatını yaratmaqdan ötrü dəstək verməsindən gedir: «Azərbaycanda gerçəkləşdirilən özünəməşğulluq proqramı təqdirəlayiq olsa da, şikayətlər də yox deyil. Əsasən proqram çərçivəsində vətəndaşa dövlətin adından təqdim olunan inəklərin qısır, qoyunların qoca, bəzi hallarda qotur olması haqlı narazılıq yaradır».

Yazıda bildirilir ki, onlar Goranboy rayonu Əlirzalı kənd sakini Ariz Dəmirovdan şikayət alıblar. Vətəndaş ona Məşğulluq Mərkəzindən verilən qoyunların qoca olmasından şikayətlənib. Həmin şəxsin deməsinə görə, özünəməşğulluq proqramı çərçivəsində ona gecəyarı təhvil verilən qoyunlar qocadırlar. Bu səbəbdən də özünəməşğulluq proqramından onun faydalanacağı sual altına düşüb.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı isə şikayətlərlə bağlı qəzetə bunları deyib: «Vətəndaş özü istədiyi sahə üzrə təlimə qatılır və biznes planını müdafiə edir. Bundan sonra isə aktivlər-mallar vətəndaşa verilir. Vətəndaş razılığı olduğu təqdirdə aktla razılığını bildirir, imza atır. Bir neçə fakt, süni söz-söhbət yaranmışdı. Bundan sonra qərara alındı ki, daha inandırıcı, kiməsə sübut və fakt lazım olsa, onun videogörüntüsünü də çəkək... Hər bir fakt üzrə araşdırma apararıq».

«Dövlət bir qoyunun alınmasından ötrü nə qədər pul ayırır» sualına isə F.Talıblı belə cavab verib: «Ümumilikdə İşsizlikdən Sığorta Fondundan bu il üçün 35 milyon manat vəsait ayrılıb... Bazar iqtisadiyyatıdır, elə gün olur ki, qoyunun qiyməti qalxır, enir. Tarif Şurasından malın qiyməti təsdiqlənməyib ki...».

V.Əhmədov
V.Əhmədov

Neftin qiyməti düşür, gəlir azalır

Modern.az saytında «Neft ucuzlaşır -Bəs biz nə edəcəyik?» sualı gündəmə daşınır.

Yazıda həmin suala deputat Vahid Əhmədovun cavabı təqdim edilir.

Müəllif vurğulayır ki, artıq bir neçə gündür dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. Yazıda qeyd edildiyinə görə, son günlər «Azeri Light» markalı neftin bir barelinin qiyməti 60, «Brent» markalı neft bundan bir qədər az, «Light» markalı neftin qiyməti isə 50 dollar civarında dəyişir.

V.Əhmədov da sayta deyib ki, neftin qiymətdən düşməsi ürəkaçan deyil: «Qiymətlərin ucuzlaşması neft gəlirlərinin azalmasına səbəb olur. Əlbəttə ki, bu da iqtisadiyyatımız üçün müsbət hal deyil. Doğrudur ki, dövlət büdcəsində neftin 1 barelini 60 dollardan götürmüşük. Amma «Büdcə sistemi haqqında» Qanuna dəyişiklik edildiyindən neftin qiymətinin ucuzlaşmasının təsirinin çox olması gözlənilmir».

Deputat neft qiymətlərinin 60 dollar və daha yuxarı həddə olmasını arzuedilən sayır: «Hazırda neft qiymətləri tələb təklifdən daha çox siyasi amillərdən asılıdır».

Deputatın deməsinə görə, qabaqcadan proqnoz vermək çox çətindir, amma neft qiymətləri ucuzlaşdıqca, Azərbaycanın gəlirlərinin azalması faktdır: «Bu isə iqtisadiyyat üçün yaxşı nəsə vəd etmir. Bildiyiniz kimi, 2019-cu il üçün çox ciddi layihələrin gerçəkləşməsi nəzərdə tutulub. Bütün bunların reallaşması üçün isə neft qiymətlərinin yüksək olması mütləqdir».

Büdcəyə yenidən baxıla bilməsi haqda danışan V.Əhmədov xatırladıb ki, «Büdcə sistemi haqqında» Qanun qəbul olunub: «Qanuna görə, problem yaranarsa, Dövlət Neft Fondundan əlavə transfertlərin edilməsi nəzərdə tutulub. Bu ilk dəfə olaraq, məhz bu qanunda nəzərə alınıb».

İ.Əliyev Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda
İ.Əliyev Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda

«İnsanların sağlamlığı...»

«Azərbaycan» qəzetində «İnsanların sağlamlığı dövlət üçün ən əsas vəzifədir» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, son 15 ildə (Hazırkı prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə-r) 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub: «Son illər paytaxt Bakıda, eləcə də bölgələrdə bir-birindən gözəl və yaraşıqlı, dünya standartlarına cavab verən xəstəxanalar, poliklinikalar, tibb məntəqələri, sağlamlıq ocaqları, müalicə-istirahət yerləri tikilib istifadəyə verilir».

Yazıda qeyd edilir ki, ölkədə yenidənqurmadan sonra tibbi xidmətə başlayan səhiyyə obyektlərindən biri də bu günlərdə açılışında prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutudur. Müəllif həmin açılışda prezidentin çıxışından sitat da gətirib: «Təxminən bir əsrə bərabər ömrü olan bu bərpa mərkəzi yenidənqurmadan sonra indi ikinci həyatını yaşayacaq. Mən indi buradakı stendlərdə binanın əvvəlki vəziyyəti, tikinti zamanı çəkilmiş şəkilləri ilə tanış oldum. Onlar çox böyük maraq doğurur. Hələ 1925-ci ildə institutun tikintisi ilə bağlı müvafiq göstəriş verilmişdir... Siz - burada işləyənlər yaxşı bilirsiniz ki, bu institutun ölkəmizin səhiyyə sistemində xüsusi yeri var...».

Yazının sonunda da oxuyuruq: «Bir sözlə, bu sahədə aparılan islahatlar və dövlət tərəfindən qoyulan vəsait öz nəticəsini verir. Ona görə də Azərbaycan vətəndaşları istənilən vaxt sağlamlıqlarının qayğısına qala bilir, gənc nəsil sağlam həyat tərzi sürür. İnsanların sağlamlıqlarını təmin və bərpa etmək üçün Azərbaycanda istənilən şərait var».

XS
SM
MD
LG