Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Albaniya iki iranlı diplomatı ‘qovur’


ABŞ senatorları Tiranada İran Milli Müqavimət Şurasının rəhbəri Maryam Rajavi ilə görüşür, avqust, 2017-ci il
ABŞ senatorları Tiranada İran Milli Müqavimət Şurasının rəhbəri Maryam Rajavi ilə görüşür, avqust, 2017-ci il

Albaniya milli təhlükəsizlik səbəblərindən iki iranlı diplomatı qovduğunu bildirir. ABŞ rəsmisi diplomatlardan birinin Tehranın səfiri olduğunu deyir.

Xarici İşlər Nazirliyinin sözçüsü Edlira Prendi dekabrın 19-da jurnalistlərə deyib ki, diplomatlar “ölkənin təhlükəsizliyinə ziyanlı fəaliyyətdə”, “diplomatik statuslarını pozmaqda” şübhəli bilinirlər.

Sözçü “Associated Press”ə deyib ki, diplomatlar İsrail daxil olmaqla digər ölkələrlə danışıqlardan sonra qovulublar.

Albaniya rəsmiləri diplomatların kimliyini, hansı pozuntularda suçlandıqlarını açıqlamayıb.

“RAMA İRAN SƏFİRİNİ QOVUB”

Amma ABŞ Prezidenti Donald Trump-ın milli təhlükəsizlik müşaviri John Bolton Twitter-də yazıb ki, Albaniyanın Baş naziri Edi Rama “elə indicə İranın səfirini qovub, İran liderlərinə belə bir siqnal verib ki, onların terrorçuluğa dəstəyinə dözümlülük göstərilməyəcək”.

Edi Rama (sağda) kosovolu həmkarı Ramush Haradinaj-ı qarşılayır, arxiv fotosu
Edi Rama (sağda) kosovolu həmkarı Ramush Haradinaj-ı qarşılayır, arxiv fotosu

“Baş nazir Rama və Albaniya xalqının yanındayıq, onlar İranın Avropada və dünyada məntiqsiz davranışına dirənirlər”, – Bolton vurğulayıb.

ABŞ Dövlət katibi Mike Pompeo bəyanatında diplomatları “Albaniyada terror hücumları planlaşdıran iki iranlı agent” kimi təsvir edib.

Xəbər agentlikləri İranın Tiranadakı səfirinin Gholamhossein Mohammadnia olduğunu bildirir.

“Reuters” xəbər verir ki, əlaqə saxladığı iranlı diplomat suallara cavab verməyib, Tiranadakı İran səfirliyinə zənglər də cavabsız qalıb.

Özəl Top Channel televiziyasının bildirməsinə görə, iranlılar 2016-cı ildə Dünya Çempionatı zamanı Albaniya və İsrail komandalarının oyununa iddia olunan hücum planına bağlılıqda şübhəli bilinirlər. Həmin oyundan sonra Albaniya və Kosovoda 20-dək saxlanan olmuşdu.

Albaniyanın Tehranla münasibətlərində onsuz da gərginlik var. 2013-cü ildə sürgündə olan müxalif İran Xalq Mücahidləri Təşkilatının 2 min üzvü bu Balkan ölkəsinə gəlib.

Mujahedeen-e-Khalq (MEK) adlı qrupun üzvləri İraqdan çıxarılanda Albaniya ABŞ və BMT-nin xahişilə onları da qəbul edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG