Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Bu il 80 jurnalist öldürülüb


Reuters-in Birmada saxlanmış jurnalistlərinə azadlıq tələbilə yürüş
Reuters-in Birmada saxlanmış jurnalistlərinə azadlıq tələbilə yürüş

2018-ci ildə dünyada 80 jurnalist öldürülüb, 348 nəfər həbsdə, 60-ı isə girovluqdadır. Sərhədsiz Reportyorlar Təşkilatı bu gün – dekabrın 18-də açıqladığı hesabatda media əhlinə düşmənçiliyin görünməmiş səviyyəyə yüksəldiyini bildirir.

Bütün kateqoriyalar üzrə yüksəlmə var. Jurnalistlərin qətli, həbsi, girov götürülməsi, məcburi yoxaçıxma halları artıb. Qurum jurnalistlərin builki kimi zorakılığa, pis rəftara məruz qalmadığını vurğulayır.

İşilə əlaqədar öldürülən jurnalistlərin sayı 8 faiz yüksələrək 80-ə çatıb.

Səudiyyəli köşə yazarı Jamal Khashoggi-nin və gənc slovakiyalı jurnalist Ján Kuciak-ın qətllə mətbuat azadlığının düşmənlərinin harayadək gedə bildiyini göstərir. RSF bu il öldürülən jurnalistlərin yarıdan çoxunun qəsdən hədəfə alındığını qeyd edir.

Jamal Khashoggi-nin şəkli olan poster
Jamal Khashoggi-nin şəkli olan poster

JURNALİSTLƏR ƏN ÇOX HARADA ÖLDÜRÜLÜR

Hələ apreldə Ümumdünya Mətbuat Azadlığı İndeksini yayanda RSF mediaya düşmənçiliyin siyasətçilər tərəfindən həvəsləndirildiyini qeyd edirdi.

2018-ci ildə ən çox jurnalist Əfqanıstanda qətlə yetirilib – 15 nəfər. Suriyada 11, Meksikada isə 9 jurnalist öldürülüb. İyunda “Capital Gazette”nin beş əməkdaşının güllələnməsi isə Birləşmiş Ştatları da siyahıda önə çıxarıb.

Hazırda dünyada 348 jurnalist həbsdədir, ötən il bu rəqəm 326 idi. Elə 2017-ci ildə olduğu kimi, həbsdəki jurnalistlərin yarıdan çoxu beş ölkədə – Çin, İran, Səudiyyə Ərəbistanı, Misir və Türkiyədə saxlanır. Qələm əhlinin ən böyük həbsxanası Çindədir, burada 60 jurnalist həbsdədir.

Girovluqda isə 60 jurnalist var və bu, ötən ildəkindən 11 faiz yüksəkdir. Birini çıxmaqla bütün jurnalistlər Yaxın Şərqin üç ölkəsində – Suriya, İraq və Yəməndə saxlanır. Onların sırasında altı əcnəbi jurnalist də var.

Bir ukraynalı jurnalist isə özünü “Donetsk Xalq respublikası” adlandıran qurumda saxlanır, yerli hakimiyyət onu casusluqda ittiham edir.

RSF bu il daha üç jurnalistin yoxa çıxdığını da qeydə alıb. Onlardan ikisi Latın Amerikasında, biri Rusiyada itkin düşüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG