Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Tikinti materialları bahalaşıb-Media icmalı


Tikinti materialları bazarı
Tikinti materialları bazarı

Bakı Dərin Özüllər Zavodunun inşasının 40 illiyi, tikinti materialları bazarında bahalaşma, Bakıdakı heykəllər ətrafında mübahisələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Mişar daşı bahalaşıb

Modern.az saytında «Daş bazarında ciddi bahalaşma olub- səbəblər» sərlövhəli yazı oxumaq olar.

Müəllif son zamanlar tikinti materialları bazarında qiymətləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, «MBA Group» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovla müzakirə edib.

Yazıda qeyd edildiyinə görə, son zamanlar tikinti materialları bazarında bahalaşma müşahidə edilir və bu, xüsusilə mişar daşının qiymətində nəzərə çarpır.

Müəllif vurğulayıb ki, mişar daşı ölkədə istehsal olunduğu halda qiymət artımının hansı səbəbdən baş verdiyi maraq doğurur. Yazıda bildirilir ki, bir müddət öncə bir ədəd mişar daşı 40 qəpiyə satılırdısa, hazırda bu, 50 qəpiyə yüksəlib.

N.İbrahimov mövzu ilə bağlı bunları deyib: «Ümumi tikinti materialları bazarı üzrə artım indeksində 0.43 faiz, orta qiymətdə isə 5.94 faiz bahalaşma müşahidə edilir. Daş materiallarında 1.6 faiz artım var, tikinti kərpicində 7.7 faiz, DVP-də 1 faizə yaxın, armaturda 9.1 faiz, alçipanda 2 faiz artım var. Əsas artım daş materialları və armaturda müşahidə edilir».

Amma N.İbrahimovun iddiasına görə, tikinti materialları bazarında qiymətlərin artması evlərin qiymətinə təsir etməyəcək: «Ümumi tikinti materialları bazarında 5 faiz artım varsa, bu, ümumi satışa 0.3 faiz təsir edir. Yəni, inşaat mallarının bahalaşması evlərin qiymət artımına gətirib çıxarmır. Bu təsir o zaman özünü göstərər ki, tikinti materialları bazarında 20-30 faiz artım baş versin».

Cəmiyyət rəhbərinə görə, tikinti materialları bazarında qiymət artımının bir neçə səbəbi var. Onun qeyd etməsinə görə, burada daş sexlərində vergidən yayınma hallarının qarşısının alınması və bəzi karxanaların fəaliyyətinin dayandırılmasının payı var. N.İbrahimov vurğulayıb ki, mövsümü və başqa amillər də bahalaşmaya təsir edib.

Bakıda Koroğlunun heykəli
Bakıda Koroğlunun heykəli

At üstündə heykəl

Moderator.az saytında «Azərbaycanda bir dənə at üstündə normal heykəl yoxdur» sərlövhəli yazı yer alır.

Müəllif yazıb ki, Qazaxıstan heykəltəraşı Murad Mansurovun yaratdığı «Koroğlu» abidəsi Türkiyənin Bolu şəhərində ucaldılacaq. Həmin heykəlin böyük və çox hündür olduğu bildirilir.

Yazıda daha sonra bu mövzu ilə bağlı şair, keçmiş deputat Sabir Rüstəmxanlının düşüncələrinə yer verilir. S.Rüstəmxanlı Koroğlunun bir neçə il öncə Bakıda qoyulan heykəlinə də toxunub: «Görünür, bunu yaradanlar nə at görüblər, nə də at miniblər. Bu millətin tarixi atla bağlıdır, bizim babalarımız, qəhrəmanlarımız at üstündə həyatlarını yaşayıblar».

S.Rüstəmxanlı hesab edir ki, Qazaxıstan heykəltəraşının əsəri ilə müqayisədə Bakıdakı Koroğlu heykəli Koroğluya oxşamır.

Əvvəllər Koroğlunun heykəlinin olmasını çox arzuladığını deyən yazıçı Bakıdakı bu heykəli gördükdən sonra fikrindən vaz keçdiyini bildirir: «İndi istəyirəm ölkə başçısına müraciət edib deyəm ki, heykələ baxanda əsəbiləşirik, onu oradan götürsünlər».

S.Rüstəmxanlı deyir ki, Bakıda bir dənə olsun at üstündə normal heykəl yoxdur. Onun deməsinə görə, Azərbaycan xalqının tarixində atın rolu çox böyükdür. «Azərbaycanda bir dənə at üstündə normal heykəl yoxdur, belə olmaz axı»,-deyə yazıçı etirazını ifadə edib.

Heydər Əliyev adına Bakı dərin özüllər zavodu
Heydər Əliyev adına Bakı dərin özüllər zavodu

40 ilin Dərin Özüllər Zavodu

«Azərbaycan» qəzetində dərc edilən «40 ilin müəssisəsi» sərlövhəli yazıda Bakı Dərin Özüllər Zavodunun yaradılması və onun neft istehsalı sahəsindəki rolu dəyərləndirilir.

Yazıda bildirilir ki, 40 il öncə həmin müəssisənin harada işə düşməsi məsələsi ciddi mübahisələrə səbəb olub: «Bu məsələ İttifaq səviyyəsində müzakirə olunurdu. Onda neft-qaz ölkələrinin belə bir müəssisəyə böyük ehtiyacları vardı. Bu zavodun harada tikilməsi sovet rəhbərliyi səviyyəsində ciddi mübahisə mövzusu olub, mübahisələrə səbəb isə neft-qaz ölkələrinin belə bir zavoda ehtiyacından irəli gəlirdi».

Yazıda qeyd edildiyinə görə, həmin müəssisənin Azərbaycanda inşa edilməsində keçmiş prezident Heydər Əliyev mühüm rol oynayıb.

Müəllifin fikrincə, hadisələrin sonrakı gedişi bir daha sübut edib ki, bu müəssisə «Əsrin müqaviləsi»nin uğurla həyata keçirilməsində də böyük rol oynayıb: «Azərbaycanın yeni neft strategiyasını irəli sürərkən ulu öndər bu zavodun iqtisadi gücündən qədərincə istifadə olunmasını qarşıya məqsəd qoydu. Heydər Əliyev böyük uzaqgörənliklə yeni neft strategiyasının mahiyyətini irəli sürdü, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını yaratdı. Əgər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Dərin Özüllər Zavodu tikilməsəydi, «Əsrin müqaviləsi»nin icrası çox yubana bilərdi».

Müəllifin bildirməsinə görə, Azərbaycanın neft ehtiyatları bundan sonra ən azı 100 ilə kifayət edəcək: «Ölkənin zəngin neft ehtiyatları Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, onun mövqeyinin daha da möhkəmlənməsinə şərait yaratdı. Bütün bu işlərdə Bakı Dərin Özüllər zavodunun müstəsna əhəmiyyəti var».

Yazıda bu zavodun əhəmiyyəti ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevdən də sitat gətirilib: «Əgər bu zavod vaxtında ölkəmizdə tikilməsəydi, bəlkə də həyata keçirdiyimiz neft layihələri belə uğurla başa çatmazdı».

XS
SM
MD
LG