Bakıda 46 mənzilin və 3 qeyri-yaşayış obyektinin qanunsuz sökülməsi iddiası ilə cinayət işi açılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin birgə məlumatına görə, bu hal M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların müraciətinin araşdırılması zamanı üzə çıxıb.
Açıqlamaya görə, müraciətlər araşdırılarkən bəlli olub ki, «İnşaat Konstruksiyaları» MMC 46 mənzili və 3 qeyri-yaşayış obyektini qeyri-qanuni söküb.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlandığı bildirilir.
Hazırda təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi vurğulanır.
Rəsmi açıqlamaya «İnşaat Konstruksiyaları» MMC-dən münasibət almaq mümkün olmayıb.