“Gürcüstan olmaq tanqo oynamaq kimidir, iki addım irəli, bir addım geri”. Bunu Avropa Birliyinin Gürcüstandakı keçmiş səfiri Per Eklund 2010-cu ildə bu ölkədən gedəndə deyib. Atlantik Şurasının portalında Luis Navarro yazır ki, indi, 2018-ci ildə Gürcü Arzusu partiyasının sədri, keçmiş baş nazir Bidzina Ivanishvili ölkənin rəqs partnyoru kimidir. Ivanishvili-nin ölkənin siyasi mənzərəsinə hegemonluğu saxlamaqdan ötrü irəliyə atdığı iki addım Gürcüstanın demokratik inkişafının bir addım geriləməsi ilə sonuclanıb.
Qeyd edək ki, Gürcü Arzusunun dəstəklədiyi Salome Zurabishvili noyabrın 28-də ölkənin ilk qadın prezidenti seçilib. Müəllif yazır ki, müxalifətin namizədi Grigol Vashadze-ni məğlub etmək naminə keçmiş baş nazir bütün imkanları səfərbər elədi. Hətta hakim partiya rəsmiləri vətəndaş müharibəsi xəbərdarlığından belə çəkinmədilər. Ivanishvili ölkənin ən populyar qərbyönlü müxalifət partiyasını rusiyalılar və nasistlərin dəstəklədiyi cinayətkarlar kimi xarakterizə elədi, bu arada Zurabishvili-yə rusiyapərəstlərin və nasistlərin dəstəyini də təmin elədi.
Keçmiş prezident Mikheil Saakashvili isə özünü seçki kampaniyasının mərkəzinə gətirməyə çalışdı. Onun əsas mesajı “Gürcüstanı Yenə Böyük Edək” idi, amma müəllif qeyd edir ki, bu mesaj onu 2012-ci ildə hakimiyyətdən getməyə məcbur etmiş şəraitlə, ona qarşı səslənən iddialarla heç uyuşmurdu.
“2013-cü ildə hərəkatının prezidentliyə namizədi Davit Bakradze-ni kölgədə qoymuş Saakashvili indi eynisini Vashadze-yə qarşı etdi və seçicilərin diqqətini iqtisadiyyatdan, potensial korrupsiyadan, Ivanishvili-nin ölkənin idarəçiliyində mərkəzi rolunu saxlamasından narazılığından yayındırmaqdan ötrü gərəkən yemi verdi. Seçkinin birinci raundunda seçicilərdən hakim partiyaya narazılıq mesajı verilmişdi, ikinci raundda isə Gürcüstanın, yaxud Ukraynanın gələcək lideri sonuncu dəfə rədd olundu”, – məqalədə deyilir.
Müəllif qeyd edir ki, 2003-cü ilin Qızılgül inqilabı və 2012-ci ildə hakimiyyətin dəyişməsi Gürcüstan demokratiyasının dönüş nöqtələridir. İnqilab Saakashvili-nin Vahid Hərəkat üzvləri arasında davamlı populyarlığının səbəbidir, o, keçmiş prezident Eduard Shevardnadze-nin korrupsioner hökumətinə qarşı vahid cəbhəyə liderlik edə bildi. Ivanishvili isə 2012-ci ildə qələbə çalmaqla Vahid Hərəkatın avtoritar idarəçiliyinə qarşı mübarizədə siyasi reallığı öz iradəsi qarşısında əyə bilmək bacarığını təsdiqlədi. “İkisi arasındakı fərq ondan ibarətdir ki, vətəndaş cəmiyyəti, media və siyasi müxalifət Qızılgül İnqilabının mərkəzində dururdu və Saakashvili hakimiyyəti dövründə onları ələ keçirməyə çalışdı… Ivanishvili isə bu qurumlara qalib gəlməli olduğu obyektlər kimi baxır və düşünür ki, onlar ya yenidən qurulmalı, ya əvəzlənməli, ya da 2030-cu ilədək Avropa Gürcüstanı ideyası cədvəlinə uyğun idarə olunmalıdır. Bu iki yanaşmanın oxşar cəhəti Gürcüstan vətəndaşlarının müstəqil media, vətəndaş cəmiyyəti, hökumətin qanadları və rəqabətli müxalifət vasitəsilə şəffaflıq, nəzarət və hesabatlılıq rolunu üzərinə götürmək bacarığına siyasi elitanın inamsızlıq bəsləməsidir”, – müəllif yazır.
Ukraynada söhbət təkcə Ukraynadan getmir
Rusiyanın Ukraynadakı hərəkətləri daha geniş təcavüz formasına uyğun gəlir. Qərb buna reaksiya verməlidir. Bu barədə “The American interest” portalında dərc olunmuş məqalədə söz açılır.
Rusiya noyabrın 25-də Azov dənizində Ukraynanın gəmilərinə atəş açıb, dənizçilərini əsir götürüb. Məqalədə deyilir ki, Amerika bu problemə aydın şəkildə, qətiyyətlə yanaşmalıdır. Avropadakı müttəfiqlərinə sadə şəkildə deməlidir ki, Ukrayna hər şeydən öncə Avropanın marağındadır.
“Amerikanın maraqları riskə atılıb. Bir tərəfdən NATO-nun bütövlüyündə maraqlıyıq. Digər tərəfdən, Rusiya alyansımızı sınaqdan keçirmək üçün dəfələrlə hərəkətə keçir”, – məqalədə deyilir.
“Putinin Ukraynayla müharibəsi, atdığı digər addımlar kimi, sonucda Amerikayla əlaqədardır. Putin Rusiyanın uğurunu Amerikanın uğursuzluğu ilə ölçür”, – Qara dəniz üzrə təhlükəsizlik eksperti və Rumıniya prezidentinin keçmiş müşaviri Julia Joja deyib.
“Həqiqətən də, Ukrayna daha böyük bir tapmacanın bir hissəsidir. Biz tapmacaları yaxşı həll edirdik. Bir dəfə anladıq ki, ölkələr hakimiyyətlərini möhkəmləndirmək üçün alyansları saxlayırlar. 2-ci Dünya Müharibəsi, Marşal Planı, Koreya müharibəsi, Qərbi Avropanın Soyuq müharibə ilə müdafiəsində Amerikanın maraqları ortaq nöqtə idi. Onların hamısı Amerikanın azadlığına, təhlükəsizliyi və rifahına zəmin hazırladı”, – müəlliflər yazır və Rusiyanın təcavüzünü ayrı-ayrı hissələrinə bir tam kimi baxmağın vacibliyini vurğulayır. Əks halda, Vladimir Putinin Amerikanın hakimiyyətinin zəiflədiyi bir dünya yaratmaq baxışına töhfə vermiş olarıq, məqalədə vurğulanır.
Mueller Peskovu da araşdırır?
Vladimir Putinin mətbuat katibi Dmitry Peskov ABŞ-da xüsusi prokuror Robert Muellerin araşdırmasının hədəflərindən biriymiş. “The Daily Beast” portalında Amy Knight bu haqda yazır.
Prezident Donald Trump-ın keçmiş vəkili Michael Cohen 2017-ci ilin avqustunda Senatın və Nümayəndələr Palatasının kəşfiyyat komitələrinə məktub göndərərək yazıb ki, 2016-cı ilin yanvarında Peskova məktub yazaraq Moskvada Trump qülləsinin tikintisi üçün icazə barədə maraqlanıb. Ancaq ondan cavab almayıb. Keçmiş vəkil mətbuat katibi, yaxud Rusiyanın digər rəsmiləri isə məsələ ilə əlaqədar əlavə kontaktı olmadığını qeyd edib.
Peskov 2017-ci ilin yanvarında NBC-yə müsahibəsində demişdi ki, “Trump-ın burada heç vaxt biznesi olmayıb. Onun burada hər hansı biznesi barədə eşitməmişəm”. Amma Cohen-in bəyanatından sonra o, CNN-ə həmin emaili aldığını təsdiqləyib.
Müəllif yazır ki, Cohen və Peskovun hər ikisinin yalan danışdığı üzə çıxıb. Belə ki, Cohen Peskovun idarəsinə bir deyil, iki dəfə email göndəribmiş. Peskovun xanım köməkçisi isə ona cavabında yazıbmış ki, onunla əlaqə yaratmağa çalışır və ona zəng etməsini istəyib. Onlar sonra 20 dəqiqə telefonla danışıblar və Peskovun köməkçisi layihəni irəli aparmağa kömək etməyə söz verib.
Müəllif yazır ki, bu hələ hamısı deyil. Cohen növbəti altı ay ərzində Moskva layihəsini təkcə Trump və ailəsi ilə deyil, onunla birlikdə layihə üzərində işləyən rusiyalı-amerikalı biznesmen Felix Sater-lə də müzakirə edib. O, 2016-cı ilin mayında biznesmenə deyib ki, Peskov Coheni həmin ilin iyununda Sankt Peterburq İqtisadi Forumuna qonaq kimi dəvət edib. Orada Peskov Coheni Rusiya prezidenti, yaxud baş naziri ilə “ola bilsin, tanış edəcəkdi”.
Peskov bu yaxınlarda Moskvada jurnalistlərə Cohen-dən iki email almasını təsdiqləyib. Müəllif yazır ki, Peskov-un Cohen-lə kommunikasiya barədə daha öncə yalan danışması da Mueller istintaqının hədəfindədir. Mueller Trump-ın seçki kampaniyası əməkdaşlarının Rusiyayla mümkün əlbirliyini araşdırır. Rusiya və Trump isə iddiaları rədd edib.