Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 19:39

Mədəniyyət sarayı Müsavata yer vermədi


A.Hacılı

Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının rəhbərliyi həmin məkanda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin 100 illiyi münasibətilə tədbirin keçirilməsi müraciətinə rədd cavabı verib.

Bu haqda Müsavat Partiyası başqanı Arif Hacılı deyib.

Bu il AXC-nin qurulmasının 100 illiyidir. Müsavat Partiyası AXC parlamentinin 100 illiyini dekabrın 7-də bayram tədbiri ilə qeyd etməyi planlaşdırmışdı. Tədbirin keçirilməsinə yer ayrılması üçün ötən ay S.Bəhlulzadə adına Mədəniyyət Sarayına müraciət edilmişdi.

«Bayram tədbiri keçirmək barədə müraciətimizə uzun müzakirələrdən sonra «yox» cavabı verdilər», - deyən A.Hacılı bunu Müsavata qarşı təzyiq və hökumətin Cümhuriyyət tarixinə qarşı qısqanc münasibəti kimi dəyərləndirib.

Müsavat başqanı tədbiri təxirə salmadıqlarını, dekabrın 7-də Müsavat qərargahında keçiriləcəyini bildirib.

S.Bəhlulzadə adına Mədəniyyət Sarayından Müsavat Partiyasının müraciətinə niyə rədd cavabı verilməsi barədə sualı cavablandırmayıblar.

Adıçəkilən sarayın tədbirlərin keçirilməsi üçün müxalif qüvvələrin müraciətlərinə «yox» cavabı verməsi ilk hal deyil. Bu ilin yayında Mədəniyyət sarayı Milli Şura və AXCP-nin müraciətinə də rədd cavabı vermişdi. O vaxt həmin qüvvələr mərhum prezident Əbülfəz Elçibəyin 80 illiyini təntənəli qeyd etmək istəyirdilər.

Daha əvvəl isə REAL Partiyasının S.Bəhlulzadə adına Mədəniyyət Sarayında qurultay keçirməsinə icazə verilməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG