Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:30

İstanbul prokuroru Səudiyyə rəsmilərinin həbsini istəyir


Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu

İstanbulun baş prokuroru Səudiyyə Ərəbistanının de fakto liderinin baş köməkçisinin və xarici kəşfiyyat qurumunun direktor müavinin həbsinə order çıxarıb. Onlar səudiyyəli jurnalist Jamal Khashoggi-nin öldürülməsini planlaşdırmaqda şübhəli bilinirlər. Bunu “Reuters” agentliyinə Türkiyənin iki rəsmisi deyib.

Rəsmilərin sözlərinə görə, prokurorlar belə bir qənaətə gəlib ki, Saud al-Qahtani və general Ahmed al-Asiri-nin jurnalistin qətlini planlaşdırılanlar arasında olmasına “güclü şübhə” var. Khashoggi oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilib.

Bu xəbərdən öncə isə aparıcı ABŞ senatorları Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman-ın qətlə görə məsuliyyət daşımasına həmişəkindən daha çox əmin olduqlarını dilə gətiriblər. BMT-nin insan haqları rəhbəri dünən – dekabrın 5-də beynəlxalq təhqiqata çağırıb.

“SƏUDİYYƏ RƏSMİ ADDIM ATAN DEYİL”

Türkiyə Prezidenti Recep Tayyip Erdogan bu qətli beynəlxalq diqqət mərkəzində saxlamağa çalışır. O, sifarişin Səudiyyə hökumətinin ən yüksək səviyyəsindən gəldiyini deyib. Ancaq ABŞ Prezidenti Donald Trump bildirib ki, Vaşinqton krallıqla münasibətinə zərbə vuracaq addım atmamalıdır.

Jamal Khashoggi üçün Türkiyədə keçirilən simvolik dəfn mərasimi
Jamal Khashoggi üçün Türkiyədə keçirilən simvolik dəfn mərasimi

Asiri və Qahtaninin həbsinə order çıxarılması belə bir baxışı əks etdirir ki, Səudiyyə hökuməti həmin şəxslərə qarşı rəsmi addım atan deyil”, – Türkiyə rəsmilərindən biri deyib.

Qeyd edək ki, hər iki Səudiyyə rəsmisi vəzifəsindən kənarlaşdırılıb.

Beynəlxalq ictimaiyyət Səudiyyə Ərəbistanının bu dəhşətli cinayəti araşdırmaq niyyətinə şübhə edir. Bütün şübhəliləri Jamal Khashoggi-nin öldürüldüyü və parçalandığı Türkiyəyə təhvil verməklə Səudiyyə rəsmiləri bu narahatlığı aradan qaldıra bilər”, – rəsmi vurğulayıb.

Erdogan deyib ki, Khashoggi-nin qətlinin sifarişi çox güman, Kral Salmandan gəlməyib, bununla da o, diqqəti Salmanın varisi şahzadə Mohammed-ə yönəldib.

Səudiyyə Ərəbistanı isə şahzadənin qətldən öncədən xəbəri olmadığını bildirib. Bir neçə ziddiyyətli izahatdan sonra ər-Riyad sonucda dedi ki, Khashoggi-ni Səudiyyəyə qayıtmaq üçün danışıqlar alınmayandan sonra o öldürülüb, bədəni hissələri parçalanıb.

Birləşmiş Ştatlar ötən ay qətldəki roluna görə Səudiyyənin 17 rəsmisinə iqtisadi sanksiyalar tətbiq edib. Onların içində Qahtani də var. Khashoggi bir il öncə baxışlarına görə təqiblərdən ehtiyatlanaraq Vaşinqtona köçüb. Yaxınlarının deməsinə görə, Qahtani onu Səudiyyəyə geri qayıtması üçün dilə tuturmuş.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG