Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

'Abituriyentin qızıl medalı' – Media icmalı


Sizcə test üsulunun üstünlüyü və ya çatışmayan cəhətləri nədədir? [video-sorgu]
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Sizcə test üsulunun üstünlüyü və ya çatışmayan cəhətləri nədədir? [video-sorgu]

Dekabrın 5-də yerli media təhsil haqqında qanun layihəsindən, Azərbaycan-Rusiya münasibətlərindən, Azərbaycan mədəni irs nümunələrinin beynəlxalq miqyasda qoruma altına alınmasından yazır.

Bu «ayrıseçkilik imtahanı» kimə lazımdır

«Yeni Müsavat» qəzetində «Abituriyentin «qızıl medalı»» başlıqlı məqalə diqqət çəkir. Bu günlərdə parlament «Ümumi təhsil haqqında» qanun layihəsini müzakirə etməyə hazırlaşır.

Qəzet son dövrlərdə Azərbaycan təhsil sistemində bəzi islahat xarakterli addımları şübhəli və narahatlıq doğuran hesab edir. Məsələn, abituriyentin toplayacağı balların yarısının orta məktəbdə buraxılış imtahanında qazanması haqda qərarın narahatlıq və anlaşılmazlıq yaratdığı iddia olunur.

Məqalədə deyilir ki, təhsil haqqında qanun layihəsindəki bir təklif də narahatlığa səbəb olur: «Son məlumatlara görə, orta məktəbi qızıl medal ilə bitirənlər ali məktəblərə cəmisi bir fəndən imtahan verməklə qəbul ediləcəklər... Yəni Azərbaycanda təhsilini qızıl medal ilə başa vuran məzunlar demək olar ki, imtahandan azad olunacaqlar».

Qəzet hesab edir ki, yeni hazırlanan «Ümumi təhsil haqqında» qanun layihəsində əks olunan bu məqam bir çox xoşagəlməz hallara yol aça bilər: «Vaxtilə qızıl medal modunun təhsildə hansı arzuolunmaz nəticələrə yol açdığı hər kəsə məlumdur. Sovet dövründə də belə bir qayda tətbiq etmişdilər».

«Yeni Müsavat» xatırladır ki, sovet dövründə ancaq imkanlı şəxslərin övladları qızıl medal ala bilirdilər: «Bax, narahatlıq doğuran əsas məqamlardan biri də elə budur. İndi də yeni qızıl medal modunun məktəblərdə yolverilməz anlaşmalara səbəb ola biləcəyi qətiyyən istisna deyil».

Məqalədə qeyd olunur ki, qızıl medal vermək əvəzinə, orta məktəblərdə təhsilin gücləndirilməsi istiqamətində təsirli addımların atılması daha doğru olardı. Həm də qəbul imtahanlarında «medallı-medalsız» fərqinin qoyulması ədalətsizlikdir, hamı bərabər imtahan verməlidir.

«İsgəndər»
«İsgəndər»

Bakını «İsgəndər»lə vurmaq...

Azadliq.info belə bir suala cavab axtarır: «Rusiya nümayəndəsinin Bakını hədələməsi nədən xəbər verir?».

Sayt Rusiya MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyevin bu günlərdə Bakını hərbi hücumlarla hədələməsi fonunda Azərbaycan-Rusiya münasibətlərini müzakirəyə çıxarır.

Məqalədə bu bəyanatın məhz Rusiyanın dövlət siyasətindən qaynaqlandığı iddia olunur: «Onlar daim Azərbaycana yad, Ermənistana isə doğma baxıblar. Ermənistanın bir dövlət kimi mövcudluğunun qarantiyası da indiyədək Rusiya olub».

Məqalədə deyilir ki, Rusiya rəsmi dairələrində Ermənistan və Azərbaycanla bağlı iki yanaşma var: «Birincisi, Ermənistanı Azərbaycanın əli ilə Dağlıq Qarabağda cəzalandırıb Rusiyaya itaətini davam etdirmək. Digəri isə Azərbaycanı KTMT üzv edərək Rusiyadan tam hərbi-siyasi asılı salmaqla Ermənistanı rahatlatmaqdır».

Azadliq.info bunu da xüsusi vurğulayır ki, V.Yevseyevin bəyanatındakı Bakını «İsgəndər» raketləri ilə vurmaq təklifi indiki siyasi situasiyada təkcə «sərsəm və sərxoş» adamın məsuliyyətsiz bəyanatı deyil, bu, həm də Rusiyanın Azərbaycanı KTMT-yə üzv etməklə bağlı təzyiqinin tərkib hissəsidir: «Rusiya tərəfi hesab edir ki, Azərbaycan hökuməti onun təzyiqinə ciddi müqavimət göstərmək imkanında deyil və istədiyini ondan almaq daha asandır».

Məqalədə V.Yevseyevin bəyanatının beynəlxalq hüquqa zidd olduğu qeyd olunmaqla yanaşı, Rusiyanın «işğalçı və aqressiv» dövlət imicinin, eyni zamanda Azərbaycan hökumətinə də «çox aşağılayıcı» münasibətin göstəricisi kimi dəyərləndirilir.

UNESCO
UNESCO

«Azərbaycan mədəni irsinin UNESCO-da növbəti zəfəri»

«Azərbaycan» qəzetinin məqaləsi belə adlanır.

Qəzet Mavriki Respublikasının paytaxtı Port-Luisdə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin noyabrın 26-dan dekabrın 1-nə kimi davam etmiş XIII sessiyasına və buradakı proseslərə diqqət çəkir.

Məqalədə tədbirin üçüncü gününün Azərbaycan üçün əlamətdar olduğu, Azərbaycan mədəni irsinə bağlı daha iki nümunənin UNESCO-nun müvafiq siyahılarına salındığı bildirilir.

«Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri» nominasiya faylı noyabrın 28-də UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Qəzet iddia edir ki, bu nümunələrin siyahıya salınmaması üçün Ermənistan bəzi müdaxilə etsə də, bunun qarşısı alınıb.

Bundan əlavə, Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi «Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi» nominasiya faylının çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınması barədə qərar qəbul olunub.

Beləliklə, UNESCO-nun «Qeyri-maddi mədəni irs üzrə reprezentativ» və «Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahı»larında Azərbaycan xalqının mədəni irsinə aid ümumilikdə 13 nümunənin yer aldığı deyilir.

UNESCO-nun Azərbaycan adına qeyri-maddi mədəni irs siyahısına daxil etdiyi ilk nümunə 2008-ci ildə Azərbaycan muğamı olub.

XS
SM
MD
LG