Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:34

NATO xarici işlər nazirləri yığışırlar


Jens Stoltenberg

NATO-nun 29 üzv ölkəsinin xarici işlər nazirləri bu gün – dekabrın 4-də Brüsseldə görüşəcəklər. Onlar Rusiya və Ukrayna arasında Qara Dənizdə yaranan qarşıdurmanı və Soyuq Müharibə dövrünün böyük nüvə sazişini müzakirə edəcəklər.

Toplantıdan öncə NATO-nun baş katibi Jens Stoltenberg Rusiyadan doqquz gün öncə Krım yaxınlığında saxladığı ukraynalı dənizçiləri və gəmiləri buraxmağa çağırıb.

Gücdən bu cür istifadəni əsaslandırmaq mümkün deyil. Sakit və təmkinli olmağa çağırırıq. Rusiya ukraynalı dənizçiləri və gəmiləri buraxmalıdır”, – Stoltenberg deyib.

Rusiyanın dənizçiləri buraxmaması tərəflər arasındakı qarşıdurmanı daha da dərinləşdirib. Moskva 2014-cü ildə Krım vilayətini qanunsuz ilhaq edib.

Toplantıda ABŞ rəsmilərinin öz mövqelərinə dəstək qazanmağa çalışacağı gözlənir. Vaşinqton Moskvanın 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Silahları Sazişini pozduğunu, bunu sazişin qadağan etdiyi raketi sınaqdan keçirməklə etdiyini bildirir.

ABŞ rəsmiləri avropalı müttəfiqlər ilə bu raket barədə kəşfiyyat məlumatını paylaşıb. Milli Kəşfiyyatın Direktoru Dan Coats ötən həftə ilk dəfə olaraq Rusiyanın həmin raketi necə sınaqdan keçirməsinin spesifik əlamətlərini təqdim edib.

Moskva isə sazişi pozması barədə deyilənləri dəfələrlə təkzib etsə də, illər keçəndən sonra Vaşinqtonun dediyi raketin mövcudluğunu boynuna alıb.

Prezident Donald Trump oktyabrda sözügedən sazişdən çıxdığını elan edib.

XS
SM
MD
LG