Birləşmiş Ştatlar İranı BMT-nin silah ixracına qadağanını pozmaqda, Yaxın Şərqdəki silahlı qruplaşmalara silah göndərişini artırmaqda, raket proqramını davam etdirməkdə ittiham edib.
ABŞ-ın İran üzrə xüsusi təmsilçisi Brian Hook noyabrın 29-da Vaşinqtonda hərbi bazada təqdimat keçirib. O, Əfqanıstan, Bəhreyn və Yəməndə ələ keçirilmiş silah və silah hissələrini nümayiş etdirib, bunların İranın “ağır və artan təhdidinin” dayandırılmalı olmasının dəlili adlandırıb.
Belə bir təqdimat bu il artıq ikinci ildir keçirilir. Birləşmiş Ştatlar Tehrana təzyiq göstərməklə regiondakı “ziyanlı fəaliyyəti”ni dayandırmasına nail olmaq istəyir.
İran isə indiyədək oxşar ittihamları rədd edib.
“HƏRƏKƏTƏ KEÇMƏSƏK...”
ABŞ mayda İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.
“İranın təhdidi artır və hərəkətə keçməsək, regionda gərginlik riskini gücləndirmiş oluruq”, – Hook jurnalistlərə deyib.
O, raketlər, kiçik silahlar və bir İran dronunun qalıqlarını göstərib, bunların Yəməndəki husi, Bəhreyndəki şiə, Əfqanıstandakı Taliban yaraqlıları üçün nəzərdə tutulduğunu deyib.
Hook əsas dəlilin Sayyad-2 yer-hava tipli raket sistemi olduğunu, səudiyyəlilərin onu bu il Yəməndə ələ keçirdiyini söyləyib. Xüsusi elçinin sözlərinə görə, raketin böyründəki farsca yazı onun İran istehsalı olmasını aşkarlamağa kömək edib.
Bu materiallar İranın “silahlılara daha çox silah göndərməkdə” qətiyyətli olduğunu göstərir, Hook deyib.
İran rəsmilərindən bu deyilənlərə, hələlik, reaksiya gəlməyib.