Avropa liderləri və NATO Ukrayna Prezidenti Petro Poroshenko-nun müdafiəni gücləndirmək, Rusiyanı cəzalandırmaq çağırışına soyuq reaksiya verib. Poroshenko Krım yaxınlığında Ukrayna gəmilərini və dənizçilərini saxlamasına görə Moskvanın cəzalandırılmasını tələb edir.
NATO-nun sözçüsü noyabrın 29-da deyib ki, hərbi alyansın insidentin baş verdiyi Qara Dənizdə mövqeyi onsuz da güclüdür və Azov dənizinə hərbi gəmi göndərmək planları yoxdur. Azov dənizi Ukrayna və Rusiya ərazisinin arasında yerləşir.
Sözçü Oana Lungescu-nun sözlərinə görə, NATO gəmiləri mütəmadi olaraq Qara Dənizdə keşik çəkir və təlimlər keçirir. NATO gəmiləri bu ilin 120 günü regionda keçirib, ötən il isə 80 gün olmuşdu.
Almaniya kansleri Angela Merkel isə deyib ki, “bu məsələni yalnız danışıqlar yoluyla həll edə bilərik, çünki bu münaqişələrin hərbi yolla həlli yoxdur”.
Poroshenko-nun Avropa Birliyini Rusiyaya əlavə sanksiyalar qoymağa çağırmasına gəlincə, Merkel deyib: “Biz sanksiya xatirinə sanksiya qoymuruq, sanksiyaları onu görə qoyuruq ki, ölkələrin öz yoluyla inkişaf etmək hüquqları olduğunu aydın şəkildə bildirək, hətta ərazi baxımından Rusiyaya yaxın olsalar belə”, – Merkel vurğulayıb.
Rusiya 2014-cü ildə Krımı qanunsuz ilhaq edəndən sonra Birləşmiş Ştatlar və AB Moskvaya sanksiyalar tətbiq edib. Rusiya Ukraynanın şərqində separatçıları dəstəkləyir və bu münaqişədə 10 min 300-dən çox adam həlak olub.
UKRAYNANIN YENİ İDDİALARI
Ukrayna həm də təklif edib ki, AB Şimal axını-2 layihəsini təxirə salmaqla Rusiyaya təzyiqi artırsın. Bu layihə Rusiya qazını Baltik dənizi vasitəsilə birbaşa Almaniyaya nəql edəcək, Ukraynadan yan keçəcək. Merkel isə deyib ki, kəmər üzrə işlər davam edəcək, ancaq Almaniya gələcəkdə “Ukraynanın Rusiya qazı üçün vacib tranzit ölkə kimi qalmasını təmin edəcək”.
Bu arada Ukrayna rəsmiləri yeni iddialar səsləndiriblər, Rusiyanın Ukrayna gəmilərinin Kerç boğazından keçməsini əngəllədiyini deyiblər, NATO-nu buna cavab verməyə çağırıblar.
Ukraynanın infrastruktur naziri Volodymyr Omelyan Facebook-da yazıb ki, Azov dənizindəki Berdyansk və Mariupol limanlarını Rusiya blokadaya alıb, 35 gəminin orada normal əməliyyat aparması önlənib.
Kreml isə iddiaları rədd edir.
“Hazırda hansısa məhdudiyyətlə bağlı bilgim yoxdur. Əksinə, bildiyimiz qədərilə, Kerç boğazı normal fəaliyyət göstərir”, – Putinin sözçüsü Dmitry Peskov deyib.
Poroshenko isə ABŞ Prezidenti Donald Trump-ın Putin-lə Argentinada gözlənən görüşünü təxirə salmasını alqışlayıb.
“Böyük liderlər belə hərəkət edirlər!” Poroshenko Twitter-də ingiliscə yazıb.