Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Beynəlxalq müşahidəçilər Gürcüstandakı seçkiyə nə deyir


Beynəlxalq müşahidəçilərin mətbuat konfransı
Beynəlxalq müşahidəçilərin mətbuat konfransı

Gürcüstanda prezident seçkisinin ikinci turu “rəqabətli” keçib, amma tərəflərdən biri “aşırı imtiyazdan faydalanıb”. Bunu beynəlxalq müşahidəçilər deyir. Noyabrın 29-da yayılmış bəyanatda müşahidəçilər bildiriblər ki, “hər iki tərəfdən seçki kampaniyasının mənfi xarakteri seçki prosesinə zərbə vurub”.

ATƏT Parlament Assambleyasından beynəlxalq müşahidə missiyasının rəhbəri Margareta Cederfelt deyib ki, gürcü xalqı “seçki prosesində fəal iştirak etməklə bir daha demokratiyaya sadiq qaldıqlarını göstərdilər”.

Təəssüf ki, iki tur arasındakı kampaniya zamanı kəskin ritorikadan istifadənin artması seçki mühitində gərginliyi yüksəldib”, – o, sözlərinə əlavə edib.

“Bu gün keçmişimizi yekun olaraq qətiyyətlə rədd etdik. Bu keçmiş daha çox cəmiyyətimizin güclənməsini, irəliyə getməsini, qurtuluşunu əngəlləyib. Seçimimiz dinc, azad, bütün vətəndaşlarının bərabər hüquqları olan Gürcüstandır”, – Salome Zurabishli jurnalistlərə deyib.

Salome Zurabishvil (ortada) qələbəsini qeyd edir
Salome Zurabishvil (ortada) qələbəsini qeyd edir

Vashadze isə məğlubiyyətini etiraf etməyib, tam ilkin nəticələri gözlədiyini söyləyib.

Seçkinin yekun nəticəsi nə olursa-olsun, əsas məqsədlərimizə çatmışıq, onlardan biri vahid müxalifətin yaranmasıdır. Biz birlikdə olacağıq və hər şey hələ indi başlayır”, – müxalifətin namizədi vurğulayıb.

***

İlkin nəticələrə görə, Zurabishvili seçkini udub

Salome Zurabishvili seçkinin ikinci turunda qalib gəlib. MSK onun səslərin 59,52 faizini qazandığını bildirir.

İlkin nəticələrə görə, Grigol Vashadze 40,48 faiz səs yığa bilib

***

Artıq seçki bülletenlərinin, demək olar, hamısının sayıldığı, Salome Zurabishvili-nin səslərin 59,5 faizini yığdığı bildirilir.

MSK-nın məlumatına görə, Grigol Vashadze 40,5 faiz səs yığa bilib.

***

Gürcüstanda prezident seçkisinin ikinci turunun nəticələri hakim partiyanın namizədi Salome Zurabishvili-nin qalib gəldiyini göstərir.

Mərkəzi Seçki Komissiyası (MSK) Zurabishvili-nin səslərin 60 faizə yaxınını qazandığını bildirib. Bu nəticə seçki məntəqələrinin 75 faizindən gələn məlumatlara əsasən elan olunub.

Müxalifətin dəstəklədiyi Grigol Vashadze-nin isə 40,5 faiz səs yığdığı açıqlanıb.

Zurabishvili qələbəsini elan edərək seçicilərinə “düzgün və prinsipial seçimə görə” təşəkkür edib.

Grigol Vashadze
Grigol Vashadze

Vashadze isə məğlubiyyətini etiraf etməyib, noyabrın 29-da açıqlanacaq ilkin nəticələri gözləyəcəyini deyib.

Ekzit pollar da Zurabishvili-nin öndə getdiyini göstərirdi.

***Buna da bax: Gürcüstan seçkisi: ‘Exit poll’ Salome Zurabishvili-nin qalib gələcəyini göstərir

SAAKASHVİLİ-NİN ÇAĞIRIŞI

Ekzit-poll nəticələri açıqlanandan dərhal sonra keçmiş prezident Mikheil Saakashvili “kütləvi seçki saxtakarlığı”nın baş verdiyini deyib. O, müxalifyönlü Rustavi-2 televiziyasında çıxış edib.

Gürcüstanlıları azadlığımızı, demokratiyamızı və qanunu müdafiə etməyə çağırırıq. Sizi kütləvi dinc yürüşlərə, növbədənkənar seçki keçirməyi tələbə etməyə çağırıram”, – o deyib.

Müxalifət qrupları seçkidə müxtəlif pozuntuların olduğunu iddia edib.

Mikheil Saakashvili
Mikheil Saakashvili

Transparency International Gürcüstan təşkilatı da potensial pozuntulardan söz açıb, səsvermə məntəqələrində partiya üzvlərinin oturduğunu, seçki müşahidəçilərinin işinə əngəl törətmək cəhdlərinin olduğunu bildirir.

MSK seçici fəallığının 56 faiz olduğunu bildirib, yəni birinci turdakından doqquz faiz artıq.

Fransada doğulmuş Salome Zurabishvili-ni milyarder, keçmiş baş nazir Bidzina Ivanishvili-nin hakim Gürcü Arzusu partiyası dəstəkləyir. Digər namizəd Grigol Vashadze-nin namizədliyini isə keçmiş prezident Mikheil Saakashvili-nin yaratdığı Vahid Milli Hərəkat irəli sürüb, digər müxalifət qrupları da onun arxasında durur.

Hər iki namizəd Birləşmiş Ştatlar və Avropa Birliyi ilə isti münasibətləri olan bu Cənubi Qafqaz ölkəsinin keçmiş xarici işlər nazirləridir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG