Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:43

Moskva İİV-lə bağlı rəqəmləri rədd edir


Ukraynada İİV-dən dünyasını dəyişmiş insanlar üçün anım mərasimi, arxiv fotosu
Ukraynada İİV-dən dünyasını dəyişmiş insanlar üçün anım mərasimi, arxiv fotosu

Moskva ötən il Avropada İİV-ə ən çox yoluxma hallarının Rusiyada qeydə alınması barədə rəqəmləri rədd edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında belə deyilirdi.

Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova noyabrın 29-da jurnalistlərə deyib ki, ölkədə İİV-ə yeni yoluxma halı 85 min 802 olub, hesabatda deyildiyi kimi, 104 min deyil.

Rusiyanın Səhiyyə Nazirliyi və istehlakçıların qorunması agentliyi Rospotrebnadzor bildiriblər ki, göstəricilərin təhrif olunmasına səbəb Rusiyada İİV-ə yoluxanların Avropadan daha çox müayinədən keçməsidir.
İki qurum noyabrın 29-da bildirib ki, hər il Rusiya əhalisinin 30 faizi İİV müayinəsindən keçir, Avropa ölkələrində isə bu rəqəm cəmi 10 faizdir.

Əgər Avropada da Rusiya Federasiyasında olduğu sayda adam müayinədən keçsə, bəzi Avropa ölkələrində xəstəliyin yayılma səviyyəsi Rusiyadan da yüksək olar”, – bəyanatda deyilir.

***

İİV-ə daha çox Ukrayna və Rusiyada yoluxublar

Ötən il Avropada 160 minədək adam İİV-ə (insanın immun çatışmazlığı virusu, ingiliscə qısa adı – HIV) yoluxub. Bu halların dörddə üçü Ukrayna və Rusiyada qeydə alınıb. Bunu Avropanın iki səhiyyə agentliyi noyabrın 28-də bildirib.

Avropa regionundakı 53 ölkədə son illərə baxanda yeni yoluxma halları azalsa da, bir çox hallarda diaqnozun çox gec qoyulduğu və qurbanda infeksiyanın artıq irəlilədiyi bildirilir.

Araşdırmanı Avropada Xəstəliklərin Önlənməsi və Nəzarəti Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi aparıb.

Hesabata görə, Avropada İİV-li şəxslərin hər beşindən biri öz durumundan xəbərsizdir. Xəstəliyin aşkarlanması isə onun kəskinləşməsinə səbəb olur.

AVROPADA 2 MİLYON NƏFƏR İİV-Ə YOLUXUB

Ukrayna və Rusiyada virusunun heteroseksual cinsi əlaqələr və narkotikdən venadaxili istifadə vasitəsilə yayıldığı bildirilir.

Rusiyada İİV
Rusiyada İİV

Hazırda ümumi tendensiya belədir ki, Avropa regionu 2010-cu ilədək HIV/AIDS-in aradan qaldırılmasıyla bağlı BMT-nin hədəfinə çata bilməyəcək.

Avropa regionundakı 53 ölkənin cəmi əhalisi 900 milyona yaxındır. Onlardan 508 milyonu Avropa Birliyinin 28 üzv ölkəsində üstəgəl İrlandiya, Lixtenşteyn və Norveçdə yaşayır.

Avropada 2 milyon adamın İİV-ə yoluxduğu bildirilir. Dünyada İİV-ə yoluxanların sayı isə 37 milyon nəfərdir.

Səhiyyə və ərzaq təhlükəsizliyi üzrə Avropa komissarı Vytenis Andriukaitis-in fikrincə, daha çox irəliləyiş əldə etməkdən ötrü səhiyyə rəsmiləri “İİV infeksiyası və müalicəsiylə bağlı stereotipləri üstələməli, İİV və AIDS-in necə yayılmasına dair saxta inancları dağıtmalıdır”.

1980-ci illərdə AIDS epidemiyası yayılmağa başlayandan dünyada 77 milyondan çox adam İİV-ə yoluxub və onların yarıdan çoxu AIDS-dən dünyasını dəyişib.

HIV müalicə olunmadıqda AIDS-ə gətirib çıxara bilər. AIDS (QİÇS) – qazanılmış immun çatışmazlığı sindromudur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG