Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 17:32

Sabiq nazir müavininin qohumu haqda həbs qərarı çıxarıldı


Həbs

Keçmiş nazir müavininin qohumu barədə həbs qərarı çıxarılıb. Söhbət 10 ildən çox «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri, 2015-ci ildən Nəqliyyat Nazirliyi ləğv olunana qədər (2017-ci ilin fevralı) isə nazir müavini olmuş Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovdan gedir. Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası bu qərarı verib.

CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan R.Hüseynova prokuror 10 il həbs cəzası istəmişdi. Onun vəkili də çıxış edib. Prosesin başa çatması üçün özünün son söz deməsi və ardınca da hökmün elanı qalmışdı. Lakin R.Hüseynov noyabrın 22-nə təyin olunan məhkəmə iclasına gəlməyib. Məhkəmə də qərar verib ki, onun barəsindəki ev dustaqlığı qətimkan tədbiri həbslə əvəz olunsun, tutulması üçün Daxili İşlər Nazirliyinə göndərilsin.

R.Hüseynov təxminən 5 milyonluq dələduzluqda suçlanır. İttihama görə, o, müxtəlif adamlardan birgə biznes adıyla milyonlarla pul alıb qaytarmayıb. Biznes də xaricdən dəmiryol avadanlıqları, vaqonlar üçün yataq dəstləri gətirib idarəyə satmaqdan ibarət olacaqdı. Bu iş üzrə zərərçəkənlərdən biri də Tovuzun sabiq icra başçısı Tofiq Zeynalovun oğlu, polis zabiti Qoşqar Zeynalovdur. İddia edir ki, R.Hüseynova 7 milyondan çox pul verib, onun 3 milyon 925 minini hələ də ala bilməyib: «20 faiz qazanc qalacaqdı, onun 10 faizi mənə çatacaqdı».

Təqsirləndirilən R.Hüseynov isə özünü təqsirli bilmir. Deyir ki, zərərçəkmiş qismində tanınan şəxslərin əksəriyyəti pulu faizlə veriblər. Özü də ona yox, əsasən xalası oğluna - Arif Əsgərovun oğlu Elnara.

R.Hüseynov məhkəməyə bir neçə kitabça da təqdim edib. Orada müxtəlif adamlardan alınan pullar, onlara ödənilən faizlər qeyd olunub.

Elnar Əsgərov da bu məhkəmədə dindirilib. Dindirmə zamanı onunla xalası oğlu arasında mübahisə olub. Hər iki tərəf bir-birini ittiham edib. R.Hüseynov deyir ki, E.Əsgərov məsuliyyəti onun üzərinə atır. Keçmiş nazir müavininin oğlu isə bildirir ki, xalası oğlu onun və atasının adından istifadə etməyə çalışır.

Zərərçəkmiş Q.Zeynalovla E.Əsgərov bacanaqdır, onlar iki bacı ilə ailə həyatı qurublar.

Multimedia

XS
SM
MD
LG