Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:55

Rusiyada zorakılıq adiləşir – Qərb mediası


Rusiyada etirazçının saxlanması, arxiv fotosu
Rusiyada etirazçının saxlanması, arxiv fotosu

Bu yaxınlarda keçirilmiş rəy sorğusu rusiyalıların zorakılıq və qəddarlığa getdikcə daha dözümlü yanaşdığını üzə çıxarıb. “The Moscow Times” qəzetində Vladimir Ruvinsky bu haqda yazır.

Levada sorğu mərkəzi oktyabrda ölkəboyu təcridxanalarda işgəncə və pis rəftardan istifadəyə dair sorğu keçirib. Sorğu rusiyalıların zorakılıq və qəddarlığa getdikcə daha dözümlü yanaşdığını göstərib.

Sorğunun keçirilməsinə Novaya Gazeta-nın dərc etdiyi video səbəb olub. Həmin videoda Yaroslavl təcridxanasında Yevgeny Makarov adlı məhkumun nəzarətçilər tərəfindən döyüldüyü görünürdü.

Sorğuda iştirak edənlərin 7 faizi bu insident barədə eşidibmiş. 23 faiz bu barədə nəsə eşidib, amma detallardan xəbəri yoxdur. 69 faiz isə döyülmə insidenti barədə sorğu keçirənlərdən xəbər tutub.

Levada mərkəzinin direktoru Lev Gudkov-un fikrincə, bu rəqəmlər təəccüblü deyil, çünki rusiyalıların əksəriyyəti xəbərləri dövlət televiziyalarından alır, onlar isə təcridxanalarda işgəncə və pis rəftar barədə, demək olar, heç nə demirlər.

Lev Gudkov
Lev Gudkov

Avqustda İctimai Fikir Fondunun keçirdiyi rəy sorğusunda oxşar nəticə əldə olunub. Respondentlərin 66 faizi deyib ki, təcridxanalardakı durum barədə “heç nə bilmirlər”. 1997-ci ildə 18 faiz belə deyirdi.

Gudkov onu da qeyd edir ki, zorakılıq mövzusuna marağın azalması bu mövzunun cəmiyyətdə adiləşməsi ilə bağlıdır.

Levada-nın sorğusunda respondentlərin 57 faizi inanır ki, məhkumlara qarşı qorxutma və gücdən istifadə olunmamalıdır. Amma Gudkov-un mövqeyincə, bu respondentlər gücsüz çoxluğu təmsil edir. 28 faiz deyib ki, döyülmə və qorxutma “bəzi hallarda” qəbulediləndir. Respondentlərin yeddi faizinin fikrincə, məhbuslar ümumiyyətlə, normal davranış gözləməməlidirlər.

Müəllif yazır ki, bu cavablar Rusiya cəmiyyətində zorakılığın getdikcə daha çox qəbul olunduğunu göstərir. Eyni tendensiya ölüm cəzasının bərpası, azlıqlara qarşı gücdən istifadə, uşaqların fiziki cəzalandırılması, ailədaxili zorakılıqla bağlı sorğulara da aiddir. Gudkov-un deməsinə görə, rusiyalıların çoxu qorxutma və təzyiqin məktəblərdə və orduda sosiallaşmanın vacib formaları olmasına dair geniş yayılmış anlayışı qəbul edirlər.

Hər 4 avropalıdan biri populistlərə səs verir

Son 20 ildə Avropada populist partiyalar özlərinə dəstəyi üç dəfədən çox artıra biliblər. Onlar 11 ölkədə liderlərini hökumət vəzifələrinə gətirmək üçün yetərincə səs qazanıblar və qitədə oturuşmuş siyasi düzənə meydan oxuyurlar. “The Guardian” qəzeti bunu 30-dan çox siyasətşünasla birlikdə apardığı təhlil vasitəsilə üzə çıxarıb. Qəzet populist partiyaların son 20 ildə Avropanın 31 ölkəsində seçkilərdə göstərdiyi nəticələri təhlil edib.

Ukraynada ifrat sağçıların etirazı
Ukraynada ifrat sağçıların etirazı

Təhlilə görə, populizm azı 1998-ci ildən bəri davamlı artıb. 20 il öncə populist partiyalar marginal qüvvə sayılırdı, qitə boyunca cəmi 7% səs yığa bilirdi. Ancaq son dövr seçkilərində hər dörd seçicidən biri səsini populist partiyaya verib.

Bir müddət öncə populizm siyasi radikalların yaratdığı bir fenomen idi. Bu gün isə getdikcə ənənəvi forma alır: Brexit səsverməsi, ABŞ-da Donald Trump-ın prezident seçilməsini populizmin yüksəlişini nəzərə almadan anlamaq çətindir”, – Amsterdam Universitetindən siyasi sosioloq, layihəyə rəhbərlik etmiş Matthijs Rooduijn deyib.

Populizm tərəfdarları deyirlər ki, sıravi insanları oturuşmuş maraqlara qarşı yönləndirirlər və istənilən demokratiyanın əsas qüvvəsidirlər. Amma tənqidçilər hakimiyyətə gələn populistlərin adətən demokratik normaları sarsıtdığını, media, yaxud məhkəmə sisteminə zərbə vurduğunu, ya da azlıqların hüquqlarını tapdaladığını deyirlər.

Həm də populizm təkcə Avropada dirçəlməyib: düyanın yeddi böyük demokratiyasından 5-də – Hindistan, ABŞ, Braziliya, Meksika və Filippində populistlər rəhbər vəzifələrə seçiliblər.

85 min yəmənli körpə aclıq və xəstəlikdən dünyasını dəyişib

2015-ci ilin aprelindən, Səudiyyənin rəhbərliyi ilə Yəmənə müdaxilə başlanandan bəri yaşı 5-dən az 85 min uşaq aclıq və xəstəlikdən dünyasını dəyişib. Bunu “Uşaqları Xilas Edək” xeyriyyə təşkilatı bildirir.

Yəmənli qız
Yəmənli qız

2015-ci ilin aprelindən 2018-ci ilin oktyabrınadək 84 min 700 uşağın öldüyü bildirilir.

Bomba və güllələrin öldürdüyü hər bir uşaqla müqayisədə onlarla uşaq acından ölümə məhkumdur və bunun qarşısını almaq tamamilə mümkündür”, – qurumun Yəmən üzrə direktoru Tamer Kirolos “Frans Pres” agentliyinə deyib.

Aclıqdan ölən uşaqlar çox böyük əziyyət çəkirlər, onların orqanizminin əsas funksiyaları yavaşıyır və sonucda dayanır”, – o deyib.

“İmmun sistemləri o qədər zəifdir ki, infeksiyalara asan yoluxurlar, bəzilərinin heç ağlamağa belə gücü yoxdur. Valideynlər övladlarını əriyib getdiyini müşahidə edirlər, əllərindən heç nə gəlmir”, – direktor sözlərinə əlavə edib.

Ötən ay açıqlanmış müstəqil hesabata görə, 2016-cı ilin yanvarından döyüşlərdə və hava zərbələrindən 56 min nəfər həlak olub. Bu, daha öncəki rəqəmdən 5 dəfədən artıq çoxdur.

Bu iki hesabata əsasən demək olar ki, 2015-ci ildən bəri Yəməndə zorakılıq, aclıq və xəstəlikdən 150 min nəfər dünyasını dəyişib və çoxu da dinc sakinlərdir.

Son hesabatın açıqlandığı bir məqamda BMT-nin Yəmən üzrə elçisi Martin Griffiths şiəməzhəb husilərin əlində olan paytaxt Sanaaya yollanıb. Məqsəd Hüdeyda limanında zorakılığın qızışmasını önləməkdir.

Qərbin təzyiqi altında hökumət və Səudiyyənin rəhbərlik etdiyi havadarları liman şəhərinə hücumu ertələyiblər. Bu liman Yəmən üçün həyati əhəmiyyətli sayılır.

BMT agentlikləri bildirirlər ki, Hüdeyda bağlanarsa, 14 milyon yəmənli aclıqdan qırılma riskiylə üz-üzə qalar.

XS
SM
MD
LG