Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:31

Avtomobil azalacaq, qiymətlər bahalaşacaq...-Media icmalı


Bina
Bina

Azərbaycanın ədliyyə sistemində vəziyyət, kirayə evlərin bahalaşması, avtomobil bazarında gözləntilər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Kirayə mənzillər bahalaşıb

«Yeni Müsavat» qəzetində «Bakının kirayə bazarında böyük bahalaşma» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, paytaxtın kirayə mənzil bazarında kəskin bahalaşma və təklifin azalması müşahidə edilir. Müəllifin müşahidələrinə görə, 1-2-otaqlı mənzillərin kirayə qiymətində 20 faizdən yuxarı artım qeydə alınıb. Yazıda vurğulanıb ki, son bir ayda qiymətlər belə mənzillərdən ötrü 300 manatdan 350-400 manatadək yüksəlib.

Müəllif üstəlik, qeyd edir ki, metro stansiyalarına yaxın ərazilərdə kirayə ev tapmaq həm də müşkülə çevrilib. Yazıda vurğulandığına görə, bu sahədə bahalaşma tək şəhərin mərkəzi hissəsində yox, ucqarlarda da özünü açıq şəkildə göstərməkdədir.

Yazıda bildirilir ki, hökumətin həyata keçirməkdə olduğu pilot layihələr çərçivəsində 50-dən çox bina sökülüb. Müəllifin bildirməsinə görə, sökülən binalarda məskunlaşmış ailələrin bir çoxu indi kirayə mənzillərə üz tutub: «Bəzi bazar iştirakçıları son vaxtlar Rusiyadan Bakıya gəzməyə gələnlərin sayının çoxalmasının da kirayə bazarına təsir etdiyini deyirlər».

«MBA Group» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov isə deyib ki, kirayə bazarındakı bahalaşmanın birinci səbəbi mövsümi amildir: «Payız ayları adətən mövsümi aylar sayılır: tələbələr gəlir, bazarda aktivlik yaranır. Sentyabrın sonlarında isə yerdəyişmələr başlayır, oktyabrın sonunadək davam edir. İkinci səbəb təklif portfelinin azalması ilə bağlıdır. Məsələn, əgər əvvəllər biz ay ərzində 1300-1400 təklif yığa bilirdiksə, indi onların sayı 800-900-ə düşüb».

Amma ekspertə görə, kirayə evlərin bahalaşması davam edəcək.

Avtomobil bazarı
Avtomobil bazarı

«Avtomobillərin idxalı azalacaq»

Modern.az saytında «Maşın bazarında qiymətlər dəyişəcək-səbəb» sərlövhəli yazı yer alır.

Müəllif bildirir ki, 2019-cu ildən Azərbaycana xaricdən gətirilən avtomobillərə gömrük rüsumu artırılır və bu qərarın avtomobil bazarına təsirsiz ötüşməyəcəyi gözlənilir.

İqtisadçı-ekspert Rəşad Həsənov sayta deyib ki, xərclər artırsa, son nəticədə avtomobil bazarında qiymətlər də dəyişəcək: «Birincisi, bundan sonrakı dövrdə ölkədə avtoparkın strukturunda dəyişiklik olacaq. Böyük mühərrikli avtomobillərə rüsumların kəskin artırılması nəticəsində növbəti illərdə ölkəyə gətirilən bu növ maşınlar azalacaq. Nəticədə daha aşağı mühərrik gücünə malik olan avtomobillərin xüsusi çəkisi artacaq. Digər tərəfdən, idxalın həcminin azalmasını qeyd edə bilərik. 2013-2014-cü illərlə müqayisə etsək, avtomobil idxalı bir neçə dəfə azalıb».

Ekspert vurğulayıb ki, indi rüsumların qaldırılması ölkəyə avtomobil idxalının yenidən azalmasına gətirib çıxaracaq.

R.Həsənov hesab edir ki, bu hal yerli istehsala marağı arta bilər. O xatırladıb ki, 2017-ci ildə Azərbaycanda yeni avtomobil zavodu istismara verilib.

Ekspertə görə, rüsumların artmasından sonra təkrar bazarda da dəyişikliklər olacaq: «Təkrar bazarda avtomobillərin qiyməti ciddi şəkildə artacaq. Beləliklə növbəti illərdə proses belə davam edərsə, Azərbaycanda avtomobilə çıxış imkanları azalacaq və avtomobil idxalı da azalacaq….».

R.Həsənov vurğulayıb ki, yerli istehsal hələ də istənilən səviyyədə deyil.

F.Məmmədov
F.Məmmədov

Nazir: «Vərəmdən ölənlərin sayı 16 dəfə azalıb»

«Azərbaycan» qəzetində «Azərbaycan ədliyyəsi bir əsrlik inkişaf yolunda» sərlövhəli yazı dərc edilib.

Ədliyyə naziri Fikrət Məmmədovun müəllifi olduğu yazı Azərbaycanda ədliyyə orqanlarının yaradılmasının 100 illiyinə həsr edilib.

Nazir yazıb ki, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının 10.02.2017-ci il tarixli sərəncamı ədliyyə və məhkəmə sistemindən ötrü bir növ «yol xəritəsi» olub.

Nazir qeyd edir ki, həmin sərəncama uyğun olaraq, Cinayət Məcəlləsində dəyişikliklər edilərək bir sıra əməllər dekriminallaşdırılıb, yeni qanunun təsiri altına düşən 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib.

Nazirin yazmasına görə, 1700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub.

F.Məmmədov habelə, bildirib ki, sərəncamın icrası nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı 25 faiz azalıb, məhkəmələrdə azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının da sayında kiçilmə var.

F.Məmmədov bildirir ki, sərəncama uyğun olaraq, həmçinin alternativ cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə nazirlikdə yeni Probasiya xidməti yaradılıb. Üstəlik, cinayət qanunvericiliyinə dəyişikliklər edilərək yeni cəza növü - azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilib.

Yazıda həmçinin vurğulanır ki, son 15 ildə Penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalıb.

XS
SM
MD
LG