Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:01

Əfqanıstanda ölənlərin sayı 55-ə çatıb


Hadisə yeri
Hadisə yeri

Kabildə dini toplantıya hücum zamanı azı 55 nəfər ölüb, onlarla adam yaralanıb. Hakimiyyət intiharçı hücumuna görə cavabdehin müəyyənləşdirilmədiyini bildirir, Taliban isə bu hücumda əli olmadığını deyib.

Qurbanlar içində Əfqanıstanın hər yerindən din xadimləri var. Üləma Şurası onları noyabrın 20-də Məhəmməd Peyğəmbərin doğum gününü qeyd etməyə çağırmışdı.

“Hal-hazırda hücumun arxasında hansı silahlı təşkilatın durduğunu bilmirik. Təhqiqat ilkin mərhələdədir”, – hadisə yerində olan aparıcı müstəntiq noyabrın 21-də deyib.

Ölkənin ən böyük dini təşkilatı olan Üləma Şurası sünni məzhəbindən alimləri özündə birləşdirir.

TALİBAN YAXASINI KƏNARA ÇƏKİR

Taliban və İslam Dövləti qruplaşmasının üzvləri də sünni olmaqlarına baxmayaraq, hökumətlə əməkdaşlıq edən din xadimlərini hədəfə alırlar.

Yaralanmış əfqan xəstəxanada
Yaralanmış əfqan xəstəxanada

Taliban bu hücumda əli olmadığını bildirib. Qurumun sözçüsü Zabihullah Mujahid noyabrın 20-də axşam deyib ki, qruplaşma dinc sakinlərə, din xadimlərinə hər hansı hücumu pisləyir.

Prezident Ashraf Ghani noyabrın 21-də milli matəm günü elan edib.

Birləşmiş Ştatların Kabildəki səfiri John Bass tvitində “terror hücumundan kədərləndiyini” yazıb.

BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) ölkədəki “icmalar xüsusi dini günü qeyd edərkən Kabildə törədilmiş hücumdan qəzəbləndiyini” bildirib.

Ötən həftə Taliban liderləri ABŞ-ın xüsusi elçisi Zalmay Khalilzad ilə Qətərdəki siyasi qərargahlarında görüşüblər. Məqsəd sülh danışıqlarına yol açmaqdır. Üçgünlük görüş ötən ay baş tutmuş ikinci toplantı idi.

Əfqanıstanda gələn il aprelin 20-də prezident seçkisi keçirilməlidir. Khalilzad həmin günü müharibəni bitirməkdən ötrü son tarix qoyub. Ancaq son vaxtlar ölkədə təhlükəsizlik durumu daha da pisləşib. NATO 2014-cü ildə döyüş əməliyyatlarını dayandırandan durum gərginləşib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG