Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:07

Üçtərəfli qərargah təlimləri davam etdiriləcək


Görüş

«Bu görüş üç qardaş ölkə arasında əməkdaşlığın strateji səviyyədə olmasını təsdiq edir».

Bunu noyabrın 21-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Bakıda keçirilən üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.

Z.Həsənov qeyd edib ki, görüşdə işçi qrupun bir neçə il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilib, gələn il üzrə tədbirlər planı təsdiqlənib. Onun deməsinə görə, tədbirdə dövlətlərin ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının vacibliyi bir daha bəyan edilib. Üçtərəfli formatda hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Habelə, iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması baxımından üçtərəfli komanda qərargah təlimlərinin davamlı təşkilinə dair fikir mübadiləsi aparılıb.

Nazir vurğulayıb ki, hazırda bu təlimlər Türkiyə ərazində keçirilir. İclasda növbəti üçtərəfli görüşün Türkiyənin təklifi əsasında bu ölkədə keçirilməsi qərara alınıb.

Üçtərəfli görüşdə protokol imzalanıb

Bakıda Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimer Çaçibaya arasında üçtərəfli görüş mətbuata açıqlamalardan sonra qapalı davam edib.

AZƏRTAC-ın məlumatına görə, qapalı formada davam etdirilən müzakirələrin sonunda əməkdaşlığa dair protokol imzalanıb.

Protokolun detalları açıqlanmır.

Bakıda generalların üçtərəfli görüşü

Bu gün, noyabrın 21-də Bakıda Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimer Çaçibaya arasında üçtərəfli görüş keçirilir.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitlik, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra başqa məsələlər ətrafında fikir mübadiləsi aparılmalıdır.

Agentliyin xəbərinə görə, müdafiə naziri Z.Həsənov tədbirdə çıxış edərək bildirib ki, bu toplantı strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir.

«Bu toplantını üçüncü dəfədir keçiririk. Görüşün əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olması, üç dost, qonşu dövlətin həyata keçirdiyi strateji-iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın dərinləşməsidir», - deyə o vurğulayıb.

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Çaçibaya da qeyd edib ki, bu əlaqələrin böyük tarixi var: «Biz regionda strateji tərəfdaşlarıq. Strateji tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığımız çox mühümdür».

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Y.Güler də öz növbəsində deyib ki, həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirərək bölgədəki vəziyyəti müzakirə edəcəklər.

«Hərbi əlaqələrimiz mükəmməl şəkildə genişlənir. Strateji səviyyəyə çatmış hərbi əlaqələrimizi daha da inkişaf etdirmək üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışacağıq. İnanıram ki, bu gün keçirilən görüşdə çox vacib nəticələr əldə edəcəyik», - deyə o qeyd edib.

Multimedia

XS
SM
MD
LG