Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

İslamabad ABŞ diplomatına etiraz bildirib 


Pakistanın baş naziri Imran Khan
Pakistanın baş naziri Imran Khan

Pakistan Birləşmiş Ştatların İslamabaddakı müvəqqəti işlər vəkilini çağırıb, Prezident Donald Trump-ın tənqidlərindən dolayı ona etirazını bildirib. Trump Pakistanı terrorçuluqla mübarizədə, Al-Qaeda lideri Osama bin Ladenin öldürülməsində roluna görə tənqid edib.

Trump-ın dedikləri Pakistanın Baş naziri Imran Khan-ı qəzəbləndirib. O, noyabrın 19-da Twitter-də yazıb ki, Vaşinqtonun çox az müttəfiqi terrorçuluğa qarşı müharibədə Pakistan qədər yardım göstərib.

Son baş verənlərin iki ölkənin münasibətlərini daha da gərginləşdirəcəyi gözlənir. Onsuz da tərəflər arasında Əfqanıstan müharibəsi, Pakistanın yaraqlılara iddia olunan dəstəyi üzündən yetərincə ziddiyyət var.

“Xarici işlər naziri Birləşmiş Ştatların müvəqqəti işlər vəkili, səfir Paul Jones-u çağıraraq ona Pakistana qarşı haqsız və əsaslandırılmamış iddialarla bağlı güclü etirazını bildirib”, – XİN noyabrın 20-də yaydığı bəyanatda deyib.

Paul Jones
Paul Jones

Trump həftəsonu müsahibəsində deyib ki, Birləşmiş Ştatların milyardlarla dollar yardım ayırmasına baxmayaraq, Pakistan ondan ötrü “qara qəpiklik” iş görməyib.

Vaşinqton son vaxtlar Pakistana təzyiqi artırıb. ABŞ-ın mövqeyincə, Talibanı Kabil hökuməti ilə danışıqlara məcbur etmək üçün onun dəstəyi lazımdır.

***

Pakistan baş naziri Trump-ın ittihamlarına cavab verdi

Pakistanın baş naziri Imran Khan ABŞ prezidenti Donald Trump-ın Pakistanın Birlıəşmiş Ştatlar üçün “indiyədək heç nə etmədiyinə” dair iddiasını rədd edib. O ABŞ prezidentini yaraqlılara qarşı döyüşdə Pakistandan daha çox qurban vermiş ikinci bir ölkənin adını çəkməyə çağırıb.

Khan noyabrın 19-da yazdığı tvitdə qeyd edir ki, Pakistan bu aktlarda iştirak etməməsinə baxmayaraq 11 sentyabr 2001-ci il terror hücumlarından bəri “ABŞ-ın terrora qarşı müharibəsində” 74 min nəfər itki verib və 123 milyard dollar itirib.

O həmçinin yazıb ki, ABŞ-ın Pakistana 20 milyard dollarlıq yardımını bu itkilərin yanında “cüzi” adlandırmaq olar.

Trump bu il Pakistana hərbi yardımdan 800 milyon dollar kəsib. ABŞ prezidenti Pakistanı öz ərazisindəki sığnaqlarda əfqan Talibanının və Həqqani şəbəkəsinin kökünün kəsilməsi üçün kifayət qədər iş görməməkdə ittiham edib.

Trump administrasiyası bildirir ki, Pakistana təhlükəsizlik yardımının başqa formaları da dondurula və bu yardım ümumilikdə 1, 3 milyard dollar ixtisar edilə bilər.

Pakistan özünə qarşı ittihamları rədd edir.

***

Trump: ‘Pakistan bizim üçün qara qəpiklik iş görməyib’

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ Prezidenti Donald Trump Pakistanı “bizim üçün qara qəpiklik iş görməməkdə” suçlayıb, administrasiyasının İslamabada yüz milyonlarla dollarlıq hərbi yardımı dayandırmaq qərarını müdafiə edib.

Ağ Evdə brifinq
Ağ Evdə brifinq

Bu il Trump Pakistana 800 milyon dollarlıq yardımı kəsib və deyib ki, İslamabad ərazisində əfqan Talibanı və Haqqani şəbəkəsi üçün təhlükəsiz sığınacağı ləğv etməyə çalışmır.

Noyabrın 18-də Fox News-a müsahibəsində Trump Pakistanı Al-Qaeda yaradıcısı, 2011-ci ildə öldürülmüş Osama bin Ladenin gizlənməsinə yardım göstərməkdə suçlayıb.

Bin Laden ABŞ xüsusi qüvvələrinin keçirdiyi reyd nəticəsində, Pakistanda öldürülüb.

“Pakistanda hər kəs onun orada olduğunu bilirdi. Və biz ildə 1,3 milyard dollar verirdik. Buna ona görə son qoydum ki, onlar bizim üçün qara qəpiklik iş görməyiblər”, – Trump deyib.

Pentaqon sentyabrda bildirib ki, Pakistana 300 milyon dollarlıq hərbi yardımı dayandırır. Daha öncə isə İslamabada 500 milyon dollarlıq yardım kəsilmişdi.

Trump administrasiyası təhlükəsizlik yardımının digər formalarını da donduracağını bildirib.

ABŞ Prezidenti bu il Twitter-də yazıb ki, “Birləşmiş Ştatlar son 15 il ərzində Pakistana səfehcəsinə 33 milyard dollar yardım ayırıb, onlar isə bizim liderləri axmaq yerinə qoyaraq əvəzində ancaq yalan danışıblar”.

Pakistan terrorçuluqla yetərincə mübarizə aparmaması, Əfqanıstanda əməliyyatlar aparan silahlılara sığınacaq verməsinə dair iddiaları rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG