Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:31

İranla ticarət planına yiyə duran yoxdur – Qərb mediası


İranlı rial alır, Tehran, 3 noyabr, 2018-ci il
İranlı rial alır, Tehran, 3 noyabr, 2018-ci il

Avropa Birliyi İranla ticarəti Birləşmiş Ştatların bərpa etdiyi sanksiyalardan qorumaq üçün xüsusi mexanizm hazırlayıb. Ancaq “Reuters” agentliyi bu planın iflas edə biləcəyini yazır, çünki ABŞ-ın cəzasından çəkinən AB ölkələrindən heç bir bu əməliyyata ev sahibliyini üzərinə götürmək istəmir.

AB diplomatlarının deməsinə görə, Avropanın əsas ölkələri olan Almaniya, Fransa və Britaniya kiçik Lüksemburqa təzyiq göstərəcək ki, Xüsusi Təyinatlı Şirkət (Special Purpose Vehicle -SPV) adlı planın onun ərazisində gerçəkləşməsinə razı olsun. Avstriya artıq bundan imtina edib.

Ortada böyük risklər var. İran hədələyir ki, AB 2015-ci ildə imzalanmış nüvə sazişinin iqtisadi faydalarını ABŞ-ın təzyiqindən qoruya bilməsə, ondan çıxacaq.

SPV-yə görə İ,ran neft və qaz ixracı əvəzində AB-dən məhsullar alacaq və bu barter üsuluyla ABŞ sanksiyalarından yan keçmək mümkün olacaq. Sanksiyalar İran neftinin dollarla satılmasını yasaqlayır.

İranla ABŞ-ın ticarət dövriyyəsi, 2017 və 2018-ci illər
İranla ABŞ-ın ticarət dövriyyəsi, 2017 və 2018-ci illər

Məqsəd SPV-ni bu aydan hüquqi qüvvəyə mindirmək idi, gələn ilədək işə salınmayacaqdı. Amma altı diplomatın agentliyə deməsinə görə, hələlik, ona yiyə duran ölkə tapılmayıb.

Avstriyanın imtinasından sonra gözlər Belçika və Lüksemburqa yönəlib, amma onlar da, açıq danışmasalar da, çəkindiklərini dilə gətiriblər

Plana könülsüz yanaşmanın səbəbi odur ki, İranla ticarətin rahat getməsindən ötrü yerli banklardan istifadə olunmalıdır, bu da ABŞ tərəfdən cəriməylə sonuclana bilər, bankların ABŞ bazarlarına çıxışını çətinləşdirər.

Avstriya həqiqətən imtina etdi. Plan ölməyib, amma düzgün istiqamətdə getmir. Bir daha Lüksemburqu sınayacağıq, amma xəyal da qurmuruq”, – avropalı diplomatlardan biri agentliyə söyləyib.

Lüksemburqa planın öhdəsindən gələ biləcək namizəd kimi baxılır, çünki 2009-12-ci illərdə avrozonada maliyyə böhranı zamanı oxşar mexanizmin qurulmasında təcrübəsi var.

Türkiyə və Rusiya bir cərgədə?

Türkiyənin Birləşmiş Ştatlar və Avropa Birliyi ilə münasibətlərinə ziyan dəydikcə Rusiyaya yan alır. Di gəl, iki ölkənin xeyli fərqli strateji prioritetlərini və baxışlarını nəzərə alanda Türkiyənin Rusiyayla bir cərgədə yer alması mümkün görünmür. “Stratfor” təhlil mərkəzinin saytında Sinan Ciddi bunun səbəblərindən yazır.

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdogan-la, arxiv fotosu
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdogan-la, arxiv fotosu

Müəllifin fikrincə, praktik səbəblərdən Türkiyə üzümüzə gələn bir neçə ay ərzində Birləşmiş Ştatlarla müttəfiqliyini və Avropa Birliyi ilə tərəfdaşlığını dirçəltməyə çalışacaq.

Türkiyənin Rusiyayla münasibəti tarixən şübhə və ziddiyyətlərlə dolu olub. Soyuq Müharibə bitincə iki ölkə mühüm iqtisadi münasibətlər yaradıb, ikitərəfli ticarəti 100 milyard dollar çatdırmağı qarşısına hədəf qoyub. Ancaq bu iqtisadi niyyətin qarşısında fərqli strateji və geosiyasi sfera dayanır.

NATO-nun şərq qanadını təmsil edən Türkiyə onillər boyunca Birləşmiş Ştatlar və Avropa Birliyi ilə tərəfdaşlıq çərçivəsində Rusiyanın Şərqi və Mərkəzi Avropada, eləcə də Qafqazda nüfuzunu önləməyə çalışıb. Son vaxtlar Suriya müharibəsindən dolayı baş verənlər Ankara və Moskvanın maraqlarını bir araya gətirib, onları əməkdaşlığa sövq edib, amma bu əməkdaşlığın davamlı strateji münasibətə çevriləcəyini iddia etmək şişirtmə olardı”, – məqalədə deyilir.

Çexiya baş nazirinin taleyi tükdən asılıdır

Çexiyanın qalmaqallı baş naziri Andrej Babiš-in siyasi gələcəyi barədə yeni şübhələr yaranıb. Oğlu iddia edib ki, onu aldadıb Krıma aparıblar, atasının biznes sövdələşmələrində iddia olunan fırıldaq barədə ifadə verməsin deyə onu oğurlayıblar.

Baş nazir Andrej Babiš
Baş nazir Andrej Babiš

“The Guardian” qəzetinin yazmasına görə, müxalifət partiyaları parlamentdə Babiš-in azlıq koalisiyasına etimad səsverməsi keçirilməsini tələb ediblər.

Çexiyanın Seznam Zprávy xəbər saytı bir sənədli film yayımlayıb. Orada kiçik Andrej Babiš açıq-aşkar atasını nəzərdə tutaraq tükürpədici iddialar səsləndirir.

35 yaşlı Babiš baş nazirin birinci arvadı olmuş anasıyla İsveçrədə yaşayır. O deyib ki, polis onu dindirmək üçün axtardığı bir vaxtda onu Krıma getməyə inandırıblar. Zehni problemləri olanBabiš-in qarşısında şərt qoyublar – ya “uzunmüddətli tətilə getsin”, ya da psixiatrik xəstəxanaya salınsın.

Onun iddiasına görə, Krımda onu iki rusiyalı saxlayıb. Onlardan biri vaxtilə onu Praqada psixiatrik xəstəxanada müalicə etmiş psixiatr olub.

Babiš də milyarder atası kimi uzun müddətdir gedən istintaq çərçivəsində ittiham olunur. İddiaya görə, AB-nin ayırdığı 2 milyon avro baş nazirin şirkətlərindən birinə ötürülüb.

Ancaq polis baş nazirin oğlunu dindirməlidir. O, Çexiyadan çıxandan sonra harada olduğu bilinməyib və istintaq da dayanıb.

Çexiyadan iki jurnalist bir ilədək kiçik Babiš-in izinə düşüb. Elektron yazışmada o, “texniki” olaraq Čapí Hnízdo şirkətinə bağlılığını etiraf edib. Oğul işlə bağlı bəzi sənədləri imzalamalı olduğunu, amma həmin sənədlərin mahiyyətini anlamadığını yazıb.

Çexiya prokurorluğu onun səsləndirdiyi iddiaların araşdırılacağını bildirib.

Siciliyanın Palermo şəhərində Liviya üzrə beynəlxalq konfransda iştirak edən baş nazir isə qəzəbli reaksiya verərək məlumatı “manipulyasiya”, jurnalistlərin hüquq-mühafizə orqanlarına “həyasızcasına” təzyiq göstərmək cəhdi adlandırıb. O, Facebook-da oğlunun psixi problemləri olduğunu, qızı Andrea-nın isə maniakal-depressiv psixozdan əziyyət çəkdiyini yazıb. “Oğlumu heç kəs oğurlamayıb, o, Çexiyadan könüllü çıxıb”, – o yazıb.

Baş nazir polisin oğurlanma iddialarını araşdırdığını və bu işi bağladığını qeyd edib.

XS
SM
MD
LG