Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Macarıstanın keçmiş Makedoniya baş nazirinə sığınacaq verdiyi bildirilir


Makedoniyanın keçmiş baş naziri Nikola Gruevski (solda) və Macarıstan hökumətinin başçısı Viktor Orban 2017-ci ilin sentyabrında görüş zamanı
Makedoniyanın keçmiş baş naziri Nikola Gruevski (solda) və Macarıstan hökumətinin başçısı Viktor Orban 2017-ci ilin sentyabrında görüş zamanı

Makedoniya hökuməti bildirib ki, ölkədən qaçaq düşmüş keçmiş baş nazir Nikola Gruevski-nin ekstradisiyası üçün Macarıstan hökumətinə müraciət edib.

Makedoniyanın Ədliyyə Nazirliyi bu barədə bəyanatı noyabrın 20-də, Macarıstanın iqtidaryönlü Magyar Idok qəzeti Gruevskiyə sığınacaq verildiyini yazdıqdan sonra səsləndirib. Qəzet yazır ki, hakimiyyət orqanları keçmiş baş nazirin öz ölkəsinə qayıdarsa siyasi mühakimə ilə üzləşə biləcəyi qərarına gəlib.

Macarıstana bu ayın əvvəllərində qaçmış Gruevski Facebook səhifəsində ona siyasi sığınacaq verilməsi barədə müraciətinə “müsbət cavab” verildiyini yazıb.

Macarıstan rəsmiləri bu xəbəri hələki təsdiq etməyiblər.

***

Bundan əvvəl xəbər verilirdi ki, Macarıstan hökuməti Makedoniyanın keçmiş baş naziri Nikola Gruevski-nin bu ölkədən siyasi sığınacaq istədiyini təsdiqləyib.

2006-2016-cı illərdə baş nazir olmuş Gruevski noyabrın 13-də Facebook səhifəsində Budapeştə getdiyini, sığınacaq istədiyini yazmışdı.

Macarıstanın Baş naziri Viktor Orbanın idarəsi noyabrın 14-də yaydığı bəyanatda bildirib ki, “suveren ölkələrin daxili işlərinə qarışmaq istəmir”, amma Gruevski “on il ölkəsinin baş naziri olub və təhlükəsizlik səbəblərindən Macarıstan hakimiyyəti onun sığınacaq müraciətini təqdim etməsinə və dinlənməsinə icazə verib”.

Makedoniyanın Baş naziri Zoran Zaev isə Macarıstanı Gruevski-ni ekstradisiya etməyə çağırıb.

Hazırda Ədliyyə Nazirliyi rəsmi ekstradisiya xahişi hazırlayır.

***

Makedoniyada daha iki keçmiş rəsmi saxlanıb

Makedoniya hakimiyyəti hazırda korrupsiyada ittiham olunan iki keçmiş rəsmini həbs edib. Bundan öncə keçmiş baş nazir Nikola Gruevski iki illik həbs cəzasını çəkməmək üçün Macarıstana qaçıb.

Noyabrın 14-də Skopye məhkəməsi keçmiş nəqliyyat naziri Mile Janakieski və hökumətin keçmiş baş katibi Kiril Bozinovski barəsində 30 günlük həbs qətimkan tədbiri seçib. Prokurorlar onların da ölkədən qaça biləcəyini deyiblər.

Hər iki keçmiş rəsmi hazırda dövlət kontraktlarında korrupsiya və seçki fırıldağı ittihamları ilə məhkəmə qarşısına çıxarılıb.

Müxalifətdə olan mühafizəkar VMRO-DPMNE partiyasının keçmiş lideri Gruevski mayda iki illik həbs cəzasına məhkum edilib. Onun bahalı avtomobilin alınması zamanı Daxili İşlər Nazirliyinin rəsmilərinə qanunsuz olaraq təsir göstərməyə çalışdığı bildirilir.

Noyabrın 9-da hakimlər Gruevski-nin apellyasiya şikayətini rədd ediblər. Amma o həbs olunanadək yoxa çıxıb.

Gruevski noyabrın 13-də Facebook səhifəsində yazıb ki, Macarıstandadır və siyasi sığınacaq üçün müraciət edib.

Makedoniya hakimiyyəti onun barəsində beynəlxalq həbs orderi çıxaracağını, ekstradisiyasını tələb edəcəyini deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG