Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 22:49

Avropanın öz ordusu olsa… – Qərb mediası


Emmanuel Macron (solda) və Fransa ordusunun Baş qərargah rəisi, General Pierre de Villiers hərbi paradda, 2017-cil
Emmanuel Macron (solda) və Fransa ordusunun Baş qərargah rəisi, General Pierre de Villiers hərbi paradda, 2017-cil

Avropanın öz ordusu olmalıdır. Hakimiyyətə gəldiyi 18 aydan çox bir müddət ərzində Fransa Prezidenti Emmanuel Macron bu ideyanı müxtəlif formalarda səsləndirib. Onun əsas məqsədi Avropa Müdaxilə Təşəbbüsünü (EI2) ətə-qana gətirməkdir. Bu qüvvə NATO və AB üzvlərindən müstəqil olmalıdır, birgə hərbi əməliyyat apara bilməlidir və sairə. Amma Karnegi fondunun saytında Judy Dempsey yazır ki, Avropanın ordusunu yaratmaq qurumun xarici və təhlükəsizlik ambisiyalarına, yaxud Birləşmiş Ştatlarla yaranmış ziddiyyətlərə cavab sayıla bilməz.

Macron-un EI2 təşəbbüsünə Britaniya qarışıq 10 ölkə daxildir. Britaniya Breksit danışıqlarının nəticəsindən asılı olmayaraq Paris və Londonla müdafiə əlaqələrinin sıxlaşdırılmasına tərəfdardır.

“Macron-un təklifi Avropanın bəzi ölkələrində suallar yaradıb. Belə bir qüvvədən istifadəyə kim icazə verəcək? Burda BMT hansı rolu oynayacaq? Qüvvə necə maliyyələşdiriləcək? İndiyədək Avropa liderləri neçə dəfə sərəncamlarında yüksək döyüş batalyonu, yaxud döyüş qrupları olması ideyasından mütəəssir olublar? Parislə London ilk dəfə 1998-ci ildə ambisiyalı müdafiə planını işə saldılar. Onun və sonrakı ideyaların başına nə gəldiyini bilirik. Ancaq Macron azından AB-də çatışmayan strateji mədəniyyət gətirməyə çalışır”, – müəllif yazır.

ABŞ Prezidenti Donald Trump və Emmanuel Macron Yelisey sarayında
ABŞ Prezidenti Donald Trump və Emmanuel Macron Yelisey sarayında

Macron bu ideyadan başqa “həqiqi” Avropa ordusunun yaranmasına da çağırıb. Almaniya kansleri Angela Merkel də ona ritorik dəstək verib.

“Uzunmüddətli perspektivdə Avropaya özünün müdafiə qüvvələri lazım deyil. Amma hal-hazırda, siyasi nöqteyi nəzərdən, bu ideya AB ilə NATO arasında ziddiyyət yaradır”, – yazan müəllif elə AB-nin özündə də Fransanın başçılığı ilə Avropa qüvvəsinin yaradılmasına şübhəylə yanaşan ölkələrin olduğunu vurğulayır. Məsələn, Polşa Avropa ordusunun NATO-nu zəiflədəcəyindən, bunun da öz növbəsində Birləşmiş Ştatlarla əlaqələrə təsir göstərəcəyindən əndişələnir.

Öz ölkələrini qlobal rolunu vacib sayırlar

Dünya əhalisi ümumilikdə son 10 ildə Çinin rolunun artması fikrilə razıdır. Rusiya, Hindistan, Almaniya, Fransa, Britaniya və Birləşmiş Ştatların rolu barədə isə daha qarışıq fikirlər var. Ancaq Rusiya, Hindistan və Almaniyada yaşayanlar öz ölkələrinin dünya işlərində daha böyük rol oynadığını düşünürlər. Bunu “Pew” araşdırma mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb.

Rusiya Prezidenti Vladimir Putin Hindistan-Rusiya Biznes Sammitində çıxış edir, 5 oktyabr, 2018-ci il
Rusiya Prezidenti Vladimir Putin Hindistan-Rusiya Biznes Sammitində çıxış edir, 5 oktyabr, 2018-ci il

Məsələn, rusiyalıların 72 faizi düşünür ki, ölkələri on il öncəyə baxanda indi dünyada daha vacib rol oynayır. Sorğu keçirilən 25 ölkədə bu göstərici ortalama 41 faizdir. Hindistan və Almaniyada da bu cür düşünənlər Rusiyadakına yaxındır.

ABŞ, Fransa və Britaniyada yaşayanların öz ölkələri barədə fikirləri qlobal göstəriciyə uyğundur.

Bunun bir sıra səbəbləri var. Mərkəz bildirir ki, adamların öz ölkəsinin iqtisadi durumu barədə mövqeyi onların ümumi baxışlarına təsir edir. Ölkə iqtisadiyyatının yaxşı olduğunu düşünənlər ölkənin beynəlxalq miqyasda keçmişdəkindən daha böyük rol oynadığını dilə gətirirlər.

Hindistanı götürək. İqtisadi vəziyyəti yaxşı sayanların üçdə ikisi ölkənin dünya işlərində də vacib rol oynadığını deyir. Amma iqtisadiyyatın pis olduğunu deyənlərin təxminən yarısı ölkənin dünyadakı rolu barədə müsbət danışır.

Bu rəy sorğusuna respondentlərin partiya mənsubiyyəti də təsirini göstərib. Məsələn, Birləşmiş Ştatlarda respublikaçıların, yaxud onlara meylli müstəqillərin 45 faizi ölkənin dünya lideri kimi vacib rol oynadığını deyib. 2016-cı ildə cəmi 15 faiz belə deyirdi. Demokratlarda isə əks proses gedib. İndi cəmi 19% Birləşmiş Ştatların 10 il əvvəlkinə baxanda daha vacib rol oynadığını deyir. 2016-cı ildə 27% bu cür düşündüyünü dilə gətirmişdi.

BMT Myanmaya rohinca məsələsində kömək etməyəcək

Myanmaya qayıdan rohinca müsəlmanları düşərgələrdə yerləşərsə, BMT-nin qaçqınlar üzrə agentliyi (UNHCR) onlara humanitar yardım ayırmayacaq. Bunu “Reuters” informasiya agentliyi gördüyü daxili sənədə əsasən yazır. Bu günlərdə qaçqınların ölkəyə qayıdışının ilk mərhələsi gerçəkləşməlidir. Agentlik yazır ki, bu sənədin məqsədi müsəlman azlığı üçün uzunmüddətli düşərgələr salınmasını dəstəkləməməkdir.

Rohinca uşaqları Banqladeşdə düşərgədə məktəbə gedirlər
Rohinca uşaqları Banqladeşdə düşərgədə məktəbə gedirlər

Agentliyin sözçüsü sızdırılmış sənədlərə şərh verməyib.

Myanma və Banqladeş oktyabrın sonunda razılığa gəliblər ki, noyabrın ortasından rohinca qaçqınlarının repatriasiyasına başlansın. Ötən il yüzminlərlə rohinca müsəlmanı ordunun təzyiqindən dolayı ölkədən qaçıb.

BMT və digər yardım agentlikləri isə qaçqınların qayıdışından ötrü təhlükəsiz şərait yaradılmadığını bildirir.

Myanma qaçqınlar üçün müvəqqəti tranzit mərkəzləri tikib. Di gəl, elə rohincaların çoxu da həmin ərazilərdə daimi məskunlaşmalı olacaqlarından ehtiyatlanırlar, çünki bu azlığın ölkə ərazisində hərəkətinə sərt məhdudiyyətlər qoyulub.

UNHCR-ın hazırladığı sənəddə deyilir ki, yaradılan düşərgələr, qəbul mərkəzləri, yaxud tranzit düşərgələrinin doğrudan da müvəqqəti xarakterli olması, qaçqınların gəldikləri, yaxud seçdikləri yerlərə azad gedişini asanlaşdırmaq məqsədilə yaradıldığı təsdiqlənməsə, yardım ayırmayacaq.

Diplomatlara paylanmış sənəd digər agentlikləri də belə düşərgələrə yardım göstərməməyə çağırır.

2012-ci ildən bəri Myanmanın qərbində BMT-nin dəstəklədiyi düşərgələrdə on minlərlə rohinca müsəlmanı məskunlaşıb. Onlar yurd-yuvalarından daha öncəki etnik zorakılıq nəticəsində didərgin düşüblər.

XS
SM
MD
LG