Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:27

Məkkədə cümə moizəsinə lağ elədilər - Qərb mediası


Məkkədə müqəddəs Kəbə
Məkkədə müqəddəs Kəbə

Səudiyyəli jurnalist Jamal Khashoggi İstanbuldakı konsulluqda qətlə yetiriləndən sonra Məkkədəki Böyük Məscidin imamları krallıq rəhbərlərini tərifləyir, onların hərəkətlərini əsaslandırır. “The New York Times” qəzetində Khaled M. Abou El Fadl yazır ki, Səudiyyə rəhbərləri legitimliyini və müsəlman dünyasındakı nüfuzunun böyük hissəsini Böyük Məscidə və Məkkədəki müqəddəs Kəbəyə nəzarətdən alır. Müəllifin fikrincə, ölkə monarxiyası tarix boyunca məscidin imamlarının onları tərifləməsini, hərəkətlərini müdafiə etməsini təmin edib.

“Jurnalist Jamal Khashoggi-nin qətlindən sonra, dünyanın ittihamedici nəzərləri vəliəhd şahzadə Mohammed bin Salmana yönəlincə Səudiyyə monarxiyası Böyük Məsciddən şahzadənin müdafiəsində elə istifadə etdi ki, onun legitimliyi, Məkkə və Mədinəyə nəzarəti mənəvi baxımdan indiyədək yaranmayan narahatlığa yol açdı”, – məqalədə deyilir.

Müəllif qeyd edir ki, oktyabrın 19-da Böyük Məscidin rəsmi imamı Şeyx Abdulrahman al-Sudais cümə moizəsini yazılı mətndən oxuyub. O, “moizə oxuduğu məkanın müqəddəsliyini pozaraq” Məhəmməd Peyğəmbərə iqtibas edib, deyib ki, Allah hər əsrdə bir dəfə mücahid, inancı dirçəltməyə böyük islahatçı göndərir. İmam hər bir dövrə xas problemlərin həllindən ötrü mücahidə ehtiyac olduğunu vurğulayıb.

Mohammed bin Salman
Mohammed bin Salman

Daha sonra Şahzadə Mohammed bin Salmanın tərifini göylərə qaldırıb, onun əsrimizdə islam dinini dirçəltmək üçün Allah tərəfindən göndərilmiş mücahid adlandırıb. İmam Sudais müsəlmanlara xəbərdarlıq edib ki, pis niyyətli media şayiələrinə inanmasınlar, onların məqsədi müsəlmanların böyük lideri barədə şübhə oyandırmaqdır. Vəliəhd şahzadəyə qarşı planların İslamı və müsəlmanları məhv etmək niyyəti güddüyünü vurğulayıb.

Müəllif qeyd edir ki, Səudiyyə ruhaniləri monarxiyaya yarınmaqdan ötrü heç vaxt Böyük Məscidin minbərindən belə həyasızcasına istifadə etməyiblər. Heç bir imam Səudiyə liderini əsrin mücahidi adlandırmayıb, buna cəsarət etməyib. Amma bir məsələ də var ki, Məkkə və Mədinədə moizələr hazır mətndən oxunur və bunu Səudiyyənin təhlükəsizlik qüvvələri öncədən təsdiqləyir. İmam və onun bir neçə müavini də rəsmən təsdiqlənir.

Müsəlman alimlər sosial şəbəkələrdə bu moizəni qəzəblə qarsalayıblar. Youtube-da çoxsaylı ərəbdilli komediya şouları və tok şoularda bu məsələ pislənib, rişxəndlə qarşılanıb.

Rusiyanın növbəti silahı – kilsə

“National Interest” dərgisində Michael Peck yazır ki, Rusiya ordusu silahlı qüvvələrinin mənəvi dəyərlərini yüksəltməkdən ötrü hərbi kilsə tikməyi planlaşdırır. Moskva kənarındakı Vətənpərvər Parkında tezliklə Silahlı Qüvvələrin Baş Kilsəsinin tikintisinə başlanacaq. Bunu müdafiə nazirinin müavini, general polkovnik Andrei Kartapolov deyib.

Rusiya Prezidenti Vladimir Putin (solda), Müdafiə naziri Sergei Shoigu (ortada) və Patriarx Kirill
Rusiya Prezidenti Vladimir Putin (solda), Müdafiə naziri Sergei Shoigu (ortada) və Patriarx Kirill

​Onun sözlərinə görə, “yeni kilsə xalqın vətənpərvərlik, sevgi və Vətənimizə bağlılığının daha bir nümunəsi olacaq”.

Rusiya mediasının yazmasına görə, “Kartapolov əmindir ki, müasir rusiyalı hərbçilərdə dini, mənəvi hissləri formalaşdırmadan onları formaya salmaq çətindir”.

“Rusiya konstitusiyası heç bir ideologiyanı məcburi hesab etməsə də, Kreml inancları birləşdirməyin yolunu axtarır”, – bunu isə ABŞ ordusunun Xarici Hərbi Araşdırmalar Ofisi qeyd edir.

Ancaq müəllif dinin Rusiyanın hərbi həyatında tarixən müəyyən rol oynadığını qeyd edir. Çar dönəmində Pravoslav kilsəsi, sovet vaxtı isə kommunizm vasitəsilə bu rol özünü göstərib.

“Putin Rusiyasında Pravoslav Kilsəsi özünü dövlət dini kimi təqdim etmək, özünü çar dövründəki kimi dövlətə bağlamaq fürsətini qaçırmır... Düzdür, sovet rejimi ordu üçün kilsələr tikmirdi, amma ulduz formasında Qızıl Ordu Evi tikmişdi... Yəni Putinin Rusiya Ordusu əsgərlərinin istifadəsinə mənəviyyat məqsədilə bir bina ayırması bu dəsti-xəttə uyğundur”, – Texas A&M Universitetinin tarixçisi Roger Reese belə düşünür.

Rumıniya AB prezidentliyinə hazır olmadığını deyir

Rumıniya prezidenti dünən – noyabrın 12-də bildirib ki, ölkəsi yanvarın 1-dən Avropa Birliyinin rotasiyalı prezidentliyinə hazır deyil və hökuməti istefa verməyə çağırıb.

Klaus Iohannis
Klaus Iohannis

Prezident Klaus Iohannis qeyd edib ki, “işlər məhvərindən çıxıb” və “hökuməti əvəzləmək kimi siyasi zərurət” yaranıb. O bunu “Rumıniya demokratiyasında qəza” adlandırıb.

Yanvarda az tanınan siyasətçi Viorica Dancila baş nazir təyin olunsa da, icraedici səlahiyyəti azdır və hökuməti əsasən hakim Sosial Demokratik Partiyanın sədri Liviu Dragnea idarə edir. Dragnea baş nazir ola bilmir, çünki barəsində seçkini saxtalaşdırma ittihamı var.

“Biz tamamilə hazırlıqsızıq. Yaxşı hökumət qurmaq, Avropanın işlərində yaxşı iştirak etmək imkanı qalmayıb”, – Iohannis deyib.

Ötən həftə ölkənin Avropa məsələləri naziri Victor Negrescu gözlənilmədən istefa verib. O, Rumıniyanın AB prezidentliyini ələ alması işlərinə baxırdı. “The Associated Press” yazır ki, hökumət rəsmiləri bu nazirin AB-nin icraedici qanadı daxilində yaxşı münasibətlər qura bilməməsindən narazı idilər.

Rumıniya onsuz da ədliyyə sistemində islahatlara görə AB-nin nəzarəti altındadır. Blok bu dəyişikliklərin korrupsiyayla mübarizəyə zərbə vurduğunu bildirir.

AB bu gün Rumıniya və Bolqarıstanın məhkəmə sistemləri üzrə son hesabatını təqdim edəcək. Blok korrupsiya, məhkəmə sistemləri və mütəşəkkil cinayətkarlıqla bağlı problemlər üzündən bu ölkələri monitorinq altında saxlayır.

XS
SM
MD
LG