Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 09:41

Saxlandığı deyilən sayt əməkdaşından xəbər var


Polis

«Bir neçə gün öncə saxlanan «Azadxəbər» saytının keçmiş redaktor əvəzi, son vaxtlar ayri-ayrı saytlarla əməkdaşlıq edən İlkin Məmmədli sərbəst buraxılıb».

Bunu AzadlıqRadiosuna hüquqşünas Samirə Ağayeva bildirib.

Hüquqşünas deyib ki, İ.Məmmədli noyabrın 10-da günün ikinci yarısında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (Əhali arasında «bandotdel» deyilir-R) sərbəst buraxılıb. İ.Məmmədlinin adının Nardaran olayları ilə bağlı məhkəmə işlərində şahid qismində keçdiyini xatırladan hüquqşünas onun təkrarən eyni məsələyə görə saxlanıldığını bildirib: «Özü bildirdi ki, onu köhnə işlə bağlı saxlayıblar. Yəni «Nardaran işi» ilə bağlı. Ona görə saxlayıblar. Saxlandığı günlərdə aydınlaşdırma aparılıb».

Hüquqşünas İ.Məmmədlinin «bandotdel»də saxlanma şəraitindən narazı olmadığını deyib.

«Bildirdi ki, heç bir narazılığı yoxdur, hər şey orada yaxşı olub», - hüquqşünas qeyd edib.

İ.Məmmədlinin özü isə məsələ ilə bağlı əlavə danışmaq istəməyib.

İ.Məmmədlinin noyabrın 8-də Bakıxanov qəsəbəsindəki «ASAN Xidmət»də saxlanıldığı, oradan Sabunçu rayonu 13-cü Polis Bölməsinin əməkdaşlarına, daha sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verildiyi bildirilirdi.

Ancaq bu məlumata DİN-dən hər hansı münasibət almaq cəhdləri nəticə verməmişdi.

İ.Məmmədli Nardaran olayları zamanı 22 sutka saxlanıb, həmin iş üzrə məhkəmədə şahid qismində dindirilib.

Xatırlatma

2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və sair) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfər mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib. Sonrakı iki qrupa da bu cəzalara yaxın cəzalar kəsilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər. Heç bir qətl törətmədiklərini söyləyiblər.

Məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə işgəncə iddialarını təkzib ediblər.

Multimedia

XS
SM
MD
LG