Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:37

Trump baş prokuror əvəzi ilə ‘Rusiya təhqiqatını’ müzakirə etmədiyini deyib


Mathew Whitaker
Mathew Whitaker

ABŞ prezidenti Donald Trump deyib ki, Mathew Whitaker-i baş prokuror əvəzi təyin edəndən əvvəl onunla Rusiyanın seçki müdaxiləsinə dair hazırda davam edən təhqiqatı məsələsini müzakirə etməyib.

Noyabrın 9-da Ağ Evdə jurnalistlərin suallarına cavab verən Trump bunu da deyib ki, Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsinə və Trump kampaniyasının Rusiya rəsmiləri ilə mümkün bağlarına dair təhqiqatı aparan xüsusi prokuror Robert Mueller-in suallarına cavab verəcəyini istisna etmir.

Whitaker baş prokuror əvəzi vəzifəsinə təyin olunmazdan əvvəl Mueller-in təhqiqatı haqqında tənqidi fikirlər səsləndirmiş və bu araşdırmanın “cilovlanmasına” ehtiyac olduğunu bildirmişdi.

Bir sıra tənqidçilər Trump-ın bu vəzifəyə keçmiş baş prokurorun müavini Rod Rosenstein-i deyil, Whitaker-i gətirməsini məhz bu məqamla izah edirlər.

Onlar habelə Whitaker-in də özünü bu təhqiqatdan ayırmasını tələb edirlər. Keçmiş baş prokuror Jeff Sessions özünü təhqiqata nəzarətdən uzaqlaşdırmışdı. O bunu Trump-ın seçki kampaniyasında iştirakı ilə izah edirdi.

Trump Whitaker-in təyinatını tənqid edənlər barəsində deyib: “Utanılmalıdır ki, mən kimi təyin edirəmsə, onun üstünə düşürlər...”

O Whitaker-i"çox hörmətli adam” adlandırıb.

***

Birləşmiş Ştatların böyük şəhərlərində yüzlərlə etirazçı küçələrə çıxaraq “Rusiya istintaqı”nı aparan xüsusi prokurorun qorunmasını tələb ediblər. Hazırda xüsusi prokuror Robert Mueller Rusiyayla Prezident Donald Trump-ın 2016-cı il seçki kampaniyası arasında mümkün əlaqələri araşdırır.

Ağ evin qarşısında etirazçılar Robert Muellerin şəklini qaldırıb, 8 noyabr, 2018-ci il
Ağ evin qarşısında etirazçılar Robert Muellerin şəklini qaldırıb, 8 noyabr, 2018-ci il

Etirazlar noyabrın 8-də axşam keçirilib. Elə həmin gün Konqresdəki demokratlar Trump-ın Baş prokuror Jeff Sessions-u işdən çıxarmasıyla bağlı təcili dinləmələr keçirməyə çağırıblar. Trump prokuroru özünü Mueller-in istintaqından ayırdığına, ona müdaxilədən imtina etdiyinə görə tənqid edirdi.

“ƏLİNİZİ MUELLERDƏN ÇƏKİN”

Nyu Yorkun Times Meydanında yüzlərlə etirazçı yığışaraq “Muellerdən əlinizi çəkin”, “Heç kəs qanundan üstün deyil” şüarlarını səsləndiriblər, sonra da şəhər mərkəzinə yürüş ediblər.

Çikaqoda demokrat senator Dick Durbin Federal Plazada yüzlərlə etirazçıya qoşulub. 500-dək nümayişçi isə Vaşinqtonda Ağ ev yaxınlığında yığışıb.

Qrinsboro, Tennessi, Las Veqas, Nevada və bir çox başqa şəhərlərdə də nümayişlər olub.

Jeff Sessions və Matthew G. Whitaker (sağda)
Jeff Sessions və Matthew G. Whitaker (sağda)

Etirazların təşkilatçılarının deməsinə görə, Trump-ın Sessions-un işlər idarəsinin rəhbəri Matthew Whitaker-i baş prokuror əvəzi təyin etməsi “xüsusi prokurorun təhqiqatını əngəlləməyi güdən məqsədli hərəkətdir”.

Whitaker daha öncə Muellerin apardığı istintaqı tənqid edib, ona limit qoyulması gərəkdiyini deyib. Trump noyabrın 7-də Sessions-un istefasını istəyib və onu Whitaker-lə əvəzləyib.

Prezident dəfələrlə deyib ki, Muelleri işdən çıxarmaq səlahiyyəti var və Rusiya istintaqını “əcinnə ovu” adlandırıb. Muelleri vəzifəyə Ədliyyə Departamenti təyin edib.

Ağ evin müşaviri Kellyanne Conway isə noyabrın 8-də səhər deyib ki, Trump Whitaker-ə Rusiya istintaqını məhdudlaşdırmaq göstərişi verməyib.

DEMOKRATLAR DİNLƏMƏ TƏLƏB EDİR

Ancaq bu vədlər etirazçıları və gələn ildən Nümayəndələr Palatasına nəzarəti ələ alacaq demokratları sakitləşdirə bilməyib.

Palatanın Ədliyyə komitəsinin üzvü olan demokratlar baş prokurorun işdən çıxarılması ilə Trump-ın ölkəni “konstitusiya böhranı”na sürüklədiyini yazıb, təcili dinləmələr keçirilməsini tələb edib.

Komitənin respublikaçı sədrinin sözçüsü məktubla bağlı şərh verməyib.

Senatda isə demokrat Chris Coons və respublikaçı Jeff Flake deyiblər ki, Muellerin Ağ evin müdaxiləsindən qorunmasını nəzərdə tutan qanunvericiliyin gələn həftə səsə qoyulmasına çalışacaqlar. Senatın Ədliyyə komitəsi hələ apreldə hər iki partiyanın hazırladığı bu layihəni təsdiqləyib.

Bu arada 18 ştatın baş prokurorları Whitaker-ə məktub yazaraq onu Sessions kimi özünü Rusiya istintaqından kənar tutmağa çağırıb. Məktubda deyilir ki, bu, “istintaqın bütövlüyünə ictimai inamı saxlamaqdan ötrü vacibdir”.

Baş prokurorlar yazırlar ki, ölkənin baş prokuror müavini Rod Rosenstein ötən ildən bəri etdiyi kimi, Mueller istintaqına “nəzarəti davam etdirməlidir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG