Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 19:46

Ə.Muxtarlı övladı ilə Skype-la danışıq istəyir


Ə.Muxtarlı

Bu gün, noyabrın 7-də 16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Əfqan Muxtarlı həyat yoldaşı Leyla Mustafayeva ilə telefonla danışıb.

Bunu Azadlıq Radiosuna jurnalistin hazırda mühacirətdə olan həyat yoldaşı L.Mustafayeva bildirib. O vurğulayıb ki, Ə.Muxtarlı ona məhdudiyyətlər qoyulduğunu bildirib.

«Əfqan yaxınları, azyaşlı övladı ilə telefonla, eyni zamanda Skype vasitəsilə görüntülü danışmaq istəyir. Uşaq (övladları) doğrudan da onun üçün çox darıxır, psixoloji durumu pisləşib. Qanunlar onun atası ilə görüntülü danışmasına hər hansı məhdudiyyət qoymur. Bununla bağlı ədliyyə nazirinə məktub yazıb. Ancaq müəssisə rəhbərliyi onun yazdığı müraciətin göndərilməsindən imtina edir», - həyat yoldaşının deməsinə görə, Ə.Muxtarlı belə deyib.

L.Mustafayeva deyir ki, Ə.Muxtarlı dostları, yaxınları ilə görüşməsinə əngəllər olmasından şikayətlənib. Jurnalist vurğulayıb ki, həbsxana rəhbərliyi onun yaxınları ilə əlaqəsinə icazə vermir.

L.Mustafayevanın vurğulamasına görə, Ə.Muxtarlı ona həbsxanada qaba rəftarla üzləşdiyini də söyləyib. Deyib ki, bir ay əvvəl onu cərimə kamerasına salıblar: «Ardınca isə Ə.Muxtarlı yarıçılpaq yağışlı havanın altında saxlandığını bildirdi».

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən və 16 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyindən L.Mustafayevanın söylədiklərinə münasibət öyrənmək mümkün olmayıb. Ancaq bu qurum rəsmiləri, bir qayda olaraq, bəyan edirlər ki, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranılır.

Xatırlatma

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci ilin mayında müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Rəsmi ittihamda isə bunun əksi iddia olunur. O, güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib.

Multimedia

XS
SM
MD
LG