Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:27

'Banklar böhranı dəf edə bilməyiblər'-Media icmalı


İ.Şaban
İ.Şaban

Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri, ölkə banklarında vəziyyət, ABŞ-ın İrana sanksiyalarının Azərbaycanın iştirak etdiyi layihələrə təsiri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

İrana sanksiyaların Azərbaycan layihələrinə təsiri

«Yeni Müsavat» qəzetində «İlham Şaban: Ani-İran sanksiyaları tranzit sahəsini əhatə etmir» sərlövhəli yazı yer alır.

Müəllif ABŞ-ın İrana enerji, maliyyə və başqa sahələr üzrə yeni sanksiyalarının Azərbaycanın həyata keçirməkdə olduğu layihələrə təsirini ekspert İlham Şabanla dəyərləndirib.

Yazının əvvəlində bu məsələ ilə bağlı Azərbaycanın energetika naziri Pərviz Şahbazovdan sitat gətirilir: «Təəssüf ki, dünyada neft sahəsinə və beynəlxalq neft siyasətinə təsir göstərən bir çox siyasi proseslər var. Yeni vəziyyətlər yaranır və biz bunlarla hesablaşmalı, müvafiq qərarlar qəbul etməli oluruq. İrana qarşı sanksiyalar qüvvəyə minərsə, bu, OPEK+ formatında (Azərbaycan bu formata daxildir) neft istehsal edən ölkələr tərəfindən nəzərə alınacaq».

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə belə deyib: «Azərbaycanın yalnız bir layihəsi – «Şahdəniz» yatağının işlənməsi layihəsi ABŞ sanksiyalarından kənarda saxlanılıb və bu məsələ ABŞ Maliyyə Nazirliyinin noyabrın 2-dəki açıqlamasında da əksini tapır. Belə ki, Türkiyə, Avropa ölkələrinin enerji təhlükəsizliyi və müstəqilliyini təmin edən layihələr anti-İran sanksiyalarından çıxarılıb».

İ.Şaban vurğulayıb ki, Azərbaycan İranla Şimal-Cənub nəqliyyat dəhlizinin formalaşdırılması sahəsində ciddi əməkdaşlıq edir. Hətta rəsmi Bakı ötən il dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmiryol xəttinin çəkilməsindən ötrü İrana 500 milyon dollar dəyərində kredit ayırıb: «Sanksiyalar üzündən bu layihənin icrasında problemlər yarana bilər. ABŞ Maliyyə Nazirliyi konkret göstərir ki, sanksiyalar bilavasitə İranın nəqliyyat, maliyyə sektorunu da əhatə edir».

Ekspert deyir ki, bu, Azərbaycanla birgə olan dəmiryol layihəsinin icrasına əngəllər, problemlər yaranması deməkdir.

Ə.Həsənov
Ə.Həsənov

«Ən az 4-5 bank...»

Bakupost.az saytında «Ən azı 4-5 bank bağlanma təhlükəsi ilə üzləşib –Ekspert» sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkə banklarının bu ilin üçüncü rübü üzrə hesabatları ekspert Əkrəm Həsənovla müzakirə edilib.

Ə.Həsənov bankların hesabatları dərc etmələrini müsbət hal adlandırır: «İki il əvvəl bankların əksəriyyəti hesabatlarını dərc etmirdi. Bu, qanunun pozulması idi. Hesabatların dərc olunması bank sistemində şəffaflığın artmasına dəlalət edir».

Amma ekspertin deməsinə görə, iş praktikasına əsasən son illər bankların hesabatlarına etibar etmir: «Bu da əsasən problemli kreditlərlə bağlıdır. Banklar problemli kreditlərinin həcmini azaldır, nəticədə az ehtiyat yaradır, kapitallarını şişirdirlər. Əslində, zərərləri daha çoxdur. 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatası 4 bankı bağlamışdı. Palata bunun səbəbləri sırasında həm də hesabatlarının təhrif edildiyini vurğulamışdı».

Ə.Həsənov deyib ki, hesabatlara ümumi qiymət verilsə, bankların böhranı dəf edə bilmədikləri aşkar görünər: «Yəni, bankların problemli kreditləri əvvəlki qədər çoxdur, bəlkə də artıb. Yeganə müsbət cəhət banklarda əmanətlərin qismən artmasıdır. Bu, faktdır».

Ə.Həsənov təəssüflə qeyd edib ki, Mərkəzi Bank ağır vəziyyətdə olan banklara kredit vermir və buna görə də böyük ehtimalla qarşıda bir neçə bankın bağlanması gözlənilir: «Ən azı 4-5 bank bağlanma təhlükəsi ilə üzləşib. Bəlkə də sayları daha çoxdur, çünki biz bankların həqiqi vəziyyətini bilmirik. Təəssüf ki, həmin bankların adlarını çəkmək olmaz…».

Ekspert hesab edir ki, ölkənin bank sisteminin sağlamlaşdırılması ilə bağlı fəaliyyət də uğursuzdur. Ə.Həsənovun fikrincə, buna da səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının aydın siyasətinin olmamasıdır.

İ.Əliyev "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında
İ.Əliyev "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında

Dövlət başçısının Ağdama səfəri

«Azərbaycan» qəzetində «İki Ağdam» sərlövhəli yazıda prezident İlham Əliyevin bu günlərdə sözügedən rayona səfərindən bəhs edilir.

Yazıda vurğulanır ki, dövlət başçısının Ağdama növbəti səfəri işgüzar olduğu qədər də rəmzi məna kəsb edib. Müəllif səfərin məramını çatdırmaqdan ötrü Ağdam xalçaçıları ilə görüşdə prezidentin çıxışından sitat gətirir: «Bu gün Ağdamda, Quzanlıda möhtəşəm Muğam Mərkəzi açıldı. İndi xalça fabriki açılır. Bu gün Ağdam Atçılıq Mərkəzinin də açılışı olacaq. Ona görə biz Ağdamı dünyada məşhur edən bu üç istiqamət üzrə bu gözəl tədbirləri bir gündə keçiririk».

Müəllif hesab edir ki, Bakı, Ağcabədi, Füzulidə yaradılan muğam mərkəzlərinin ardınca Ağdamda eyni mərkəzin yaradılması muğama diqqətin təzahürüdür.

Yazıda habelə vurğulanır ki, cəbhə bölgəsində belə bir mərkəzin yaradılması, xalça fabrikinin açılması, yolların salınması Azərbaycan xalqının sülhsevərliyini göstərir.

Üstəlik, yazıda görülən işlər ölkədə qeyri-neft sektorunun inkişafının tərkib hissəsi sayılır. Müəllif daha sonra da yazıb: «Qarabağı dünyaya tanıdan, məşhur edən üç əsas sahə olub. Bu diyar həmişə dünyanın diqqətini özünə Qarabağ xalçası, Qarabağ muğamı və Qarabağ atları ilə cəlb edib. Amma 25 il idi qarabağlılar Qarabağ xalçaları toxumurdu, baxmayaraq ki, evindən, yurdundan didərgin düşəndə özləri ilə xalça dəzgahlarını götürənlər də az olmamışdı...».

XS
SM
MD
LG