Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:04

'İmamzadə'də tutulanlara hökm oxunub


Gəncədə Aşura. 2015

«Noyabrın 1-də Gəncə şəhərinin Kəpəz Rayon Məhkəməsində 2017-ci ildə Aşura mərasimi zamanı baş vermiş olaylarda həbs edilmiş şəxslərin məhkəməsi başa çatıb».

Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev deyib. Onun sözlərinə görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçən məhkəmə prosesində inanclı fəallardan Firudin Zeynalov və daha 6 nəfər barəsində hökm oxunub.

F.Zeynalov və eləcə də digər 6 şəxs 2017-ci ildə Gəncədəki «İmamzadə» ziyarətgahında keçirilən Aşura mərasimi zamanı polis əməkdaşları ilə ziyarətçilər arasında baş vermiş insidentdə təqsirli bilinirlər.

Hüquq müdafiəçisinin deməsinə görə, məhkəmə F.Zeynalovu Cinayət Məcəlləsinin 315.2 (Hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli həddə zor tətbiq etmə) və 221.3 ( xuliqanlıq) maddələri ilə 3 il həbs cəzası verib. O.Gülalıyevin sözlərinə görə, digər 6 şəxs isə oxşar ittihamlarla 1 il 4 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hüquq müdafiəçisinin vurğulamasına görə, F.Zeynalov və başqa təqsirləndirilənlər ittihamları qəbul etməyiblər: «Onlar deyiblər ki, işdə heç bir sübut və əsaslar yoxdur».

O.Gülalıyevin bildirməsinə görə, F.Zeynalov habelə deyib ki, müxalifətin bir çox mitinqlərdə iştirak etdiyinə görə şərlənərək həbs edilib.

Hüquq müdafiəçisinin yaydığı bu məlumatı, hələlik, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb. Məhkəmə ilə əlaqə saxlasaq da, oradan sualı eşitdikdən sonra telefonun qapatdılar.

Xatırlatma

2017-ci il sentyabrın 30-da Gəncədəki «İmamzadə» ziyarətgahında qarşıdurma baş verdiyi bildirilirdi. Yerli sakinlərin həmin vaxt verdikləri məlumatlara görə, polis insanları incidərək mərasim keçirməyə buraxmayıb və bu zaman insident yaranıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Seyid Tahir Qarabaği isə bildirmişdi ki, Aşura mərasimləri ilə bağlı «İmamzadə» kompleksində böyük bir insident baş verməyib, bir anlaşılmazlıq olub.

««İmamzadə» kompleksinə çoxsaylı insan gəlib. Kişilər daxil olan yolda adam çox olduğu üçün onlar qadınlar olan tərəfdən içəri keçmək istəyiblər, polis buna icazə verməyib. Amma dediyim kimi, 4-5 dəqiqə ərzində bu insident aradan qalxıb». – T.Qarabaği belə demişdi.

Ancaq Gəncə Şəhər Prokurorluğu həmin olaylara görə Cinayət Məcəlləsinin 315 (Hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi başlamışdı.

Aşura hicri təqvimində Məhərrəm ayının 10-cu günüdür. Miladi təqvimi ilə 680-ci ilin həmin günü Kərbəlada Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn öz tərəfdarları ilə birlikdə qətlə yetirilib. Aradan XIII əsr keçsə də, islam aləmində həmin gün hələ də faciə kimi qeyd edilir.

«Aşura» sözü ərəbcə «10-cu» deməkdir. Söhbət Məhərrəm ayının 10-dan gedir.

Multimedia

XS
SM
MD
LG