Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:41

Pashinian Boltona İranla bağlı nə deyib


Nikol Pashinian (sağda) və John Bolton
Nikol Pashinian (sağda) və John Bolton

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Pashinian Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri John Boltona açıq şəkildə deyib ki, Ermənistan öz milli maraqlarını güdəcək, qonşusu İranla “xüsusi münasibətləri”ni saxlayacaq.

Pashinian bu barədə noyabrın 1-də Ermənistan parlamentində danışıb. Onun sözlərinə görə, ötən həftə Yerevanda səfərdə olan Boltona deyib ki, Ermənistan quruyla əhatələnib, qonşuları Türkiyə və Azərbaycanla diplomatik münasibətləri yoxdur. Bu səbəbdən iki digər qonşusu – İran və Gürcüstanla “xüsusi münasibətləri” saxlamalıdır, onlar Ermənistanın dünyaya yeganə “darvazaları”dır.

“MÖVQE AYDIN İDİ”

Mən bir daha vurğuladım ki, İran və Gürcüstanla xüsusi münasibətləri saxlamalayıq və bunlar kənar geosiyasi təsirlərdən mümkün qədər uzaq olmalıdır. Məncə, Ermənistanın mövqeyi aydın idi, ABŞ-ın nümayəndə heyətinin təmsilçiləri üçün də qəbuledilən idi”, – Ermənistan lideri deyib.

Bolton ötən həftə Ermənistan, Gürcüstan və Azərbaycanda olub. Səfərin məqsədi Birləşmiş Ştatların noyabrın 5-də İranın neft və maliyyə sektorlarına gözlənən sanksiyalarına dəstək almaq idi. Vaşinqton İranla 2015-ci il nüvə sazişindən çıxandan sonra sanksiyaları bərpa etməyə başlayıb.

John Bolton AzadlıqRadiosu-nun Ermənistan redaksiyasının rəhbəri Harry Tamrazian-a müsahibə verir
John Bolton AzadlıqRadiosu-nun Ermənistan redaksiyasının rəhbəri Harry Tamrazian-a müsahibə verir

Bolton oktyabrın 25-də AzadlıqRadiosu-nun Ermənistan xidmətinə müsahibəsində deyib ki, o, Pashinian-a ABŞ Prezidenti Donald Trump administrasiyasının İrana sanksiyaları “tam gücüylə” bərpa edəcəyini bildirib. Bu səbəbdən, Ermənistan-İran sərhədi “vacib məsələyə çevrilməkdədir”.

Əlbəttə, biz proses zamanı dostlarımıza ziyan vurmaq istəmirik”, – Bolton vurğulayıb.

“ERMƏNİSTANIN ÖZ MARAQLARI VAR”

Pashinian parlamentdə deyib ki, o, Boltona belə cavab verib: “Biz istənilən ölkənin bəyanatına, istənilən ölkənin milli maraqlarına sayqı göstəririk. Amma Ermənistan Respublikasının özünün milli və dövlət maraqları var və bunlar heç də həmişə digər ölkələrin maraqları və ideyaları ilə üst-üstə düşmür”.

Heç kəs bizim fəaliyyətimizi Ermənistanın milli marağı əsasında qurmağımıza şübhə etməsin – bu, Birləşmiş Ştatlarla, İranla, Rusiya və bütün ölkələrlə münasibətdə belədir”, – Pashinian deyib.


O, parlamentdə bir deputatın ABŞ-ın İrana sanksiyalarının Ermənistana təsiri barədə sualı cavablandırıb.

Pashinian və digər liderlərlə danışıqlardan bir neçə gün sonra Bolton deyib ki, Ağ evin bu sanksiyalarla İranın neft ixracını “sıfıra endirmək” niyyətinə çatması real görünmür. Onun sözlərinə görə, Ağ ev İranın neft sektoruna sanksiyaların bu ölkənin iqtisadiyyatını təzyiq altında saxlamasını istəyir, amma neftdən asılı “dostlara və müttəfiqlərə” ziyan vurmasını da istəmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG