Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 11:08

Palata: Büdcə bir ssenari üzrə hazırlanıb


Büdcə. Karikatura

Büdcə proqnozlaşdırılması yalnız bir ssenari üzrə hazırlanıb.

Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəyində belə yazılır.

Hesablama Palatasının rəyində vurğulanır ki, dövlət büdcəsinin parametrlərini proqnozlaşdırarkən eyni ssenari nəzərdə tutulub və bu, büdcə risklərinin qiymətləndirilməsini çətinləşdirir: «ABŞ valyutasının məzənnəsi yalnız 1.70 manat səviyyəsində göstərilib. 0.80 manat və ya 2.00 manat olan məzənnə ilə müxtəlif ssenari büdcənin gəlirlər hissəsində mümkün dəyişikliklərin proqnozlaşdırılmasına və dövlət borcu ilə bağlı öhdəliklərin maliyyələşdirilməsi zamanı yaranacaq fərqləri görmək imkanı verərdi».

Hesablama Palatası başqa bir nümunə kimi neftin qiymətini göstərib. Dövlət büdcəsi layihəsində neftin bir barrelinin qiymətinin 60 dollar səviyyəsində müəyyənləşdirilməsinə toxunan Palata hesab edir ki, başqa ssenarilər də göstərilməli idi.

«Nikbin ssenari - 100 dollar və bədbin ssenari - 40 dollar. Bu halda dövlət büdcəsinin gəlirlərini proqnozlaşdırarkən büdcə risklərini ətraflı təhlil etmək olardı», - rəydə yazılır.

Hesablama Palatası dövlət zəmanətli borc öhdəlikləri ilə bağlı büdcənin fiskal yükü barədə də qeydlərini edib.

«Dövlət zəmanəti ilə götürülən borc öhdəliklərinin bir hissəsini icra orqanları ödəməlidirlər. Belə borcların maliyyələşdirilməsini Təminat Fondu vasitəsilə həyata keçirmək lazım idi. Dövlət borclarının yalnız dövlət büdcəsi hesabına maliyyələşdirilməsi onun üçün ağır fiskal yükə çevrilə bilər», - sənəddə bildirilir.

Xatırlatma

2019-cu ilin dövlət və icmal büdcəsinin layihəsini Nazirlər Kabineti (NK) sentyabrın ortalarında məqbul hesab etmişdi. Büdcə zərfinə daxil olan sənədlər toplusu ölkə başçısına göndərilmişdi.

Büdcə layihəsi artıq Milli Məclisə təqdim olunub.

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır.

Büdcədə neftin bir barreli 60 dollar götürülüb.

Multimedia

XS
SM
MD
LG