Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Jurnalistin qətlindən bir ay keçir. ‘Hələ də cavab gözləyirik’ – Qərb mediası


Jamal Khashoggi nişanlısı Hatice Cengiz ilə konsulluq qarşısında
Jamal Khashoggi nişanlısı Hatice Cengiz ilə konsulluq qarşısında

Avropanın haqq-hesab ili; İran televiziyasını Səudiyyə Ərəbistanı maliyyələşdirir? Özbək bloqqerlər azadlıq dadır

“The Washington Post” qəzeti redaksiya məqaləsində səudiyyəli yazarı Jamal Khashoggi-nin İstanbuldakı konsulluqda öldürülməsindən dörd həftə keçdiyini, amma onun cəsədinin yerinin bilinmədiyini, ailəsinə verilmədiyini yazır.

Trump administrastrasiyası ilə de fakto əlbir olan Səudiyyə hökuməti bu sualları cavablandırmaq əvəzinə susur, görünür, ümid edir ki, hesabat tələb edənlər bu əhvalat ön səhifələrdən çıxdıqca sakitləşəcəklər. Amma buna yol vermək olmaz.

Oktyabrın 2-də Səudiyyə konsulluğunda baş verənlər sirr deyil. Əsas faktlar Türkiyə və ABŞ rəsmilərinə bəllidir. Türklərin əlində cənab Khashoggi-nin son anlarının audioyazısı var və onları Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Gina Haspel-lə paylaşıblar, o da Prezident Trump-ı bilgiləndirib”, – yazan qəzet jurnalistin konsulluğa girən kimi hücuma məruz qaldığını, barmaqlarının kəsildiyini yazır. Bunlar Türkiyə tərəfin mediaya sızdırdığı informasiyadır.

Jamal Khashoggi-nin portreti
Jamal Khashoggi-nin portreti

İstanbulun baş prokuroru dünən – oktyabrın 31-də deyib ki, jurnalist konsulluğa girən kimi onu boğub və meyitini doğrayaraq “hissələrə ayırıblar”. Baş prokuror Irfan Fidan bu qətlin öncədən planlaşdırıldığını söyləyib.

Konqres bu məzhəkənin davam etməsinə icazə verməməlidir. Xanım Haspeli və digər yüksəkçinli rəsmiləri çağırmalı, onların qətl barədə nə bildiyini aydınlaşdırmalıdır. Bundan sonra məsuliyyət daşıyanlara – hətta dəlil vəliəhd şahzadə Mohammed bin Salmanı göstərirsə belə, ona da sanksiya tətbiqi yönündə qətiyyətli addım atmalı, Birləşmiş Ştatların Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən düzən verilməlidir”, – qəzet yazır.

Avropanın haqq-hesab ili

2019-cu ilin Avropa Birliyindən ötrü haqq-hesab ili olacağını söyləmək şişirtmə deyil. Brexit və İtaliyanın borc böhranının dərinləşməsi azmış kimi, avropalı seçicilər səsverməyə gedəcək, birliyin taleyini onu içəridən dağıdacaq millətçilərin əlinə verib-verməməyi qərarlaşdıracaqlar. Bunu “Project Syndicate” portalında Almaniyanın keçmiş xarici işlər naziri Joschka Fischer yazır.

Avropa Birliyi liderləri Brüsseldə sammitdə, 18 oktyabr, 2018-ci il
Avropa Birliyi liderləri Brüsseldə sammitdə, 18 oktyabr, 2018-ci il

Gələn ilin martında Böyük Britaniyanın Avropa Birliyindən çıxacağı planlaşdırılır. Mayda Avropa Parlamentinə seçkilərdir, bundan sonra AB institutlarında vacib rəhbər vəzifə sahibləri dəyişəcək. Müəllif yazır ki, parlamentdəki yerlərin necə dəyişdirilməsindən asılı olaraq, Avropada hakimiyyət üzv ölkələr arasında yenidən bölünəcək.

Avropa Komissiyasına, Avropa Şurasına, Avropa Mərkəzi Bankına yeni prezidentlər təyin olunacaq. “Millətçi avroskeptik partiyalar Avropa Parlamentində ən böyük qrupa çevrilərsə, bu təyinatlar keçmişlə əlaqənin kəsilməsi demək olar”, – yazan müəllif AB üzvlərinin indi fundamental məsələlərə dair həmişəkindən daha çox parçalanmış mövqedə olduğunu vurğulayır.

Keçmişdəki geniş avropayönlü konsensus yeni cücərən millətçiliklə əvəzlənir. Bundan başqa, şərq qərblə, şimal cənubla savaşa hazır durumdadır. Bu dərin ziddiyyətlərin parlamentin yeni tərkibində əksini tapacağı,majoritar idarəçiliyin çətinləşəcəyi, bəlkə də mümkünsüz olacağı sarıdan ehtiyatlanmağa əsaslar var”, – müəllif vurğulayır.

İran televiziyasını Səudiyyə maliyyələşdirir?

Britaniyada mənzillənən İran televiziyasını gizli ofşor qurum və Səudiyyə Ərəbistanından biznesmenin şirkəti maliyyələşdirir. “The Guardian” qəzeti həmin biznesmenin Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman-la əlaqələri olduğunu yazır.

Mohammed bin Salman (sağda) jurnalistin oğlu Salah bin Jamal Khashoggi (solda) ilə görüşür
Mohammed bin Salman (sağda) jurnalistin oğlu Salah bin Jamal Khashoggi (solda) ilə görüşür

Qəzet bu faktın “Iran International” televiziyasının redaksiya müstəqilliyi sarıdan suallar yaratdığını vurğulayır. Həm də bu arada Londonda Səudiyyəyə bağlı bir neçə stansiyanın fəaliyyət göstərməsi barədə məlumatlar sızmaqdadır.

Mənbənin qəzetə deməsinə görə, çoxlarının jurnalist Jamal Khashoggi-nin qətli arxasında olmasına inandığı şahzadə Mohammed məhz “Iran International” televiziyasını dəstəkləyir. Bu stansiya Səudiyyədən maliyyə alması iddialarını danmayıb.

“Iran International TV” London mediasında ötən ildən peyda olub, 100 nəfərlik işçi heyətinə səxavətli maaşlar verilir, hətta rəqiblərdən ikiqat artıq pul alırlar, di gəl, maliyyə mənbələrini tam açıqlamırlar.

Milyonlarla iranlının dövlət televiziyasının senzurasından cana gəldiyi, peyk kanallarını izlədiyi heç kəsə sirr deyil. London da belə kanalların qovşağına çevrilib. BBC-nin fars xidməti, Manoto TV buradan yayımlanır.

Mənbə iddia edib ki, vəliəhd şahzadənin informasiya bossu olan Saud al-Qahtani “Iran International TV”nin maliyyəsinin arxasında durur. O, Khashoggi işilə əlaqədar vəzifədən kənarlaşdırılan iki şəxsdən biridir.

“Iran International” isə bildirib ki, şəbəkənin hansısa yanlışa qol qoyması, yaxud qeyri-müvafiq təsirə məruz qalması, redaksiya siyasətinin müstəqil olmaması barədə deyilənlərin əsası yoxdur.

Özbək bloqqerlər azadlıq dadır

“Reuters” agentliyi Özbəkistanda bloqqerlər üçün açılmış yeni nəfəslikdən yazır. Onlardan biri Davronbek Tojialiyev-dir. Agentlik qeyd edir ki, sentyabrda hakimiyyət bir neçə onlayn fəalı saxlayanda o da çantasını yığıb, qapısının döyüləcəyini gözləyib. Amma gələn olmayıb.

Makedoniyalı İsgəndər adlı bloqqer hədələnib
Makedoniyalı İsgəndər adlı bloqqer hədələnib

34 yaşlı Tojialiyev bir neçə başqa bloqqerlə birlikdə tabuları qıraraq dövlət rəsmilərini, dövlət siyasətini tənqid edir. Onun fikrincə, yeni hökumət bəzi güzəştlərə getmək istəyir.

“Amma bloqqerlərin saxlanması bu dəyişikliyin limitləri olduğunu göstərir. Baxmayaraq ki, Özbəkistan xarici investorlara daha liberal imicdə görünməyə çalışır, illərlə çəkmiş durğunluqdan sonra iqtisadiyyatını dirçəltmək istəyir. Hökumət hələ də hakimiyyətə meydan oxuyanlara, özəlliklə də dini sahəyə həssas yanaşır”, – agentlik yazır.

Tojialiyev isə deyir ki, ifadə azadlığına dair dövlətdən gələn qarışıq mesajlar onun kimiləri çərçivəyə sala bilməyəcək.

“Həbsdən qorxmuram, buna hazır idim”, – o gülümsəyərək deyir.

Keçmiş prezident Islam Karimov dövründə hökumətin tənqidi ağla gəlməzdi. Jurnalist Yusuf Ruzimuradov dövlət təhlükəsizliyi, üsyana çağırış ittihamları ilə 19 il həbsdə yatıb.

Karimovun xələfi Shavkat Mirziyoyev isə mətbuat azadlığı üçün yeni dövr açıldığını elan edib, təhlükəsizlik qüvvələrinin hakimiyyətin məhdudlaşdırmağa başlayıb.

Ancaq “Reuters” hökumətin bəzi addımlarının yöndəmsiz göründüyünü vurğulayır. Məsələn, bu ay Rusiyadan bir qrup jurnalist Daşkənddə səfərdə olanda onlara deyiblər ki, “öz təhlükəsizliklərinə görə” rəsmi mühafizə olmadan otellərdən çıxmasınlar.

XS
SM
MD
LG