Keçid linkləri

2025, 18 Yanvar, şənbə, Bakı vaxtı 15:51

Amerikada konqres seçkiləri qorxulu dönəmə girir – Qərb mediası


Çikaqoda seçki yürüşü, 13 oktyabr, 2018-ci il
Çikaqoda seçki yürüşü, 13 oktyabr, 2018-ci il

Konqres və ştat seçkiləri yaxınlaşdıqca heç kəs ölkədəki terrorçuluğun Prezident Donald Trump-ın hiper-tərəfdarları içindən qaynaqlanmasına təəccüblənməməlidir. Çoxları elə Trump-ın təhrikçiliyini nəzərə alaraq onun ardıcıllarının zorakılığa əl atacağı xəbərdarlığını edirdi. “Project Syndicate” portalında Elizabeth Drew seçki yaxınlaşdıqca ölkənin siyasi mənzərəsində daxili terrorun dominantlıq təşkil etdiyini vurğulayır.

Seçkiyə iki həftə qalmış prezidentin qəzəbli tərəfdarlarından biri tanınmış demokratlara və digərlərinə 14 bomba göndərdi, xoşbəxtlikdən heç biri partlamadı. Şənbə günü isə Pitsburqda sinaqoqda 11 yəhudi öldürüldü. “Bu gün qütbləşmiş və narahat amerikan cəmiyyətinin başında milləti rahatlaşdırmaqda maraqlı olmayan, onu nifrətdən, ölümcül tərəfgirlikdən uzaqlaşdırmağa getdikcə daha az çalışan bir prezident durur”, – yazan müəllifin fikrincə, konqres seçkisi zamanı istənilən hadisə baş verə bilər. O, Trump-ın seçkiqabağı tədbirlərinin demək olar, hər gün keçirildiyini və onun yalanlarının da əvvəlkindən daha çox eşidildiyini qeyd edir. Di gəl, gözlənən seçki xeyli həlledici sayılır, çünki respublikaçıların hökumətdə iki ildir davam edən dominantlığına son verə bilər.

Donald Trump seçki yürüşündə çıxış edir, 27 oktyabr, 2018-ci il
Donald Trump seçki yürüşündə çıxış edir, 27 oktyabr, 2018-ci il

Adətən, yeni prezident seçiləndən sonra keçirilən konqres seçkisi onunla bağlı verdikt sayılır, çox vaxt da partiyası Nümayəndələr Palatasında gücünü itirir. Amma Trump bu seçkini özüylə misilsiz dərəcədə əlaqələndirir. O, izləyicilərinə deyir ki, onun adı seçki bülletenində olmasa da, elə bilsinlər, ona səs verirlər.

Demokratların Senatdan çox Palatada üstünlük qazanacağına dair gözləntilər var... Respublikaçıların hər iki palatanı nəzarətdə saxlamasına dair Trump-ın qətiyyəti, yaxud narahatlığı anlaşılandır. Demokratlar Palataya nəzarəti ələ alarsa, yeni komitə sədrləri administrasiyanın bir sıra addımları, agentlikləri ilə bağlı təhqiqat başlada bilər, axı, həmin yerlərdə genişmiqyaslı korrupsiya sarıdan şübhələr var”, – məqalədə deyilir və Trump-ın ən çox da özüylə bağlı araşdırmalardan ehtiyatlandığı vurğulanır.

Varlı ölkədə yaşamaq bərabər təhsil imkanları yaratmır

Zəngin ölkədə yaşamaq təhsilə bərabər çıxış imkanları vermir. Bunu UNICEF-in yeni araşdırması üzə çıxarıb.

Avropada dərs günləri, arxiv fotosu
Avropada dərs günləri, arxiv fotosu

Avropa Birliyi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 41 üzvü məktəbəqədər, ibtidai və orta məktəb təhsili imkanları üzrə sıralanıb. Uşaqların təhsili ilə valideynlərinin peşəsi, mühacirlik, gender və məktəbin xüsusiyyətləri də öyrənilib.

“Hesabatımız onu göstərib ki, ölkələr uşaqlara hər iki dünyanın ən yaxşısını verə bilərlər: onlar təhsildə böyük uğurlar qazana, bərabərsizliyi nisbətən az hiss edə bilərlər. Amma bütün zəngin ölkələr imkansız ailələrdən gələn uşaqlar üçün daha çox iş görə bilərlər və bunu etməlidirlər, çünki bu uşaqlar təhsildə daha çox geri qala bilərlər”, – UNICEF Innocenti təşkilatının direktoru Priscilla Idele deyib.

Təhsilin müxtəlif mərhələlərində ölkələrin bərabərsizliyi necə aradan qaldırması göstəriciləri də dəyişir. Məsələn, İrlandiya və Sloveniya məktəbəqədər hazırlıq üzrə son yerlərdə, ibtidai təhsildə orta, orta təhsildə isə başdadır. Fransa məktəbəqədər hazırlıq üzrə yüksək göstəricilərlə öyünsə də, orta təhsildə sonuncu yerlərdədir.

Məcburi təhsilin sonuna doğru Latviya, İrlandiya və İspaniya ən çox bərabər şərtlərin yaradıldığı ölkələrdir.

15 ölkədə ikinci nəsil immiqrant uşaqlarının qeyri-mühacir uşaqlardan geri qaldığı üzə çıxıb. Amma Avstraliya və Kanadada ikinci nəsil mühacir uşaqları qeyri-mühacir uşaqlardan öndədir. Hesabatda deyilir ki, bu, müxtəlif ölkələrə miqrasiyanın fərqli örnəklər ortaya qoyduğunu göstərir.

Daha bir maraqlı məqam bütün ölkələrdə qızların oğlanlardan oxu testləri üzrə öndə olmasıdır. Uşaqlar böyüdükcə isə bu uçurum da böyüyür. Lakin burada da ölkələr arasında böyük fərqlər üzə çıxır. İrlandiyada 15 yaşlı qızlar oğlanlardan 2% daha yaxşı göstərici göstərir. Bolqarıstanda isə oğlanlardan 11% öndədirlər.

Merkelin gedişi

“Karnegi” fondunun saytında Judy Dempsey Almaniya kansleri Angela Merkelin partiya liderliyindən istefa və 2021-ci ildə kansler postuna namizədliyini verməməklə bağlı qərarının mümkün nəticələrindən yazır.

Angela Merkel
Angela Merkel

Merkelin Xristian Demokratları Hesse vilayətində seçkidə dəstəyin 10 faizini itirsələr də vilayətin ən böyük partiyası kimi qala biliblər. Amma Merkel dekabrda Hamburqda keçiriləcək partiya qurultayında sədrliyə namizədliyini verməyəcəyini, bundan başqa, kansler kimi dördüncü müddətin ondan ötrü sonuncu olacağını açıqlayıb.

Müəllif partiya rəhbərliyi uğrunda yarışın artıq başlandığını, qalibin kanslerliyə də namizədliyini verəcəyini qeyd edir. Amma Merkel də bu arada mirasını tamamlamalıdır. Bu miras Avropanın gələcəyi ilə bağlıdır.

2005-ci ilin noyabrında kansler postuna keçəndən Merkel Almaniya və Avropanı bir sıra böhranlardan çıxarıb. 2008-ci ilin qlobal maliyyə böhranından sonra avrozona az qala çökəcəkdi. O zaman Merkel və özəlliklə də keçmiş maliyyə naziri Wolfgang Schäuble ağır borc içində olan avrozona ölkələri üçün qənaət siyasəti tətbiq etdilər. Bu addımlar İrlandiyada alqışlansa da, dövlət sektoru və pensiyaların ixtisar olunduğu Yunanıstanda narazılıqla qarşılandı.

2015-ci ildə sərhədləri bir milyon qaçqının üzünə açan Merkel, daha sonra Brüssel birliyin digər 27 üzvünü beynəlxalq hüquqa əməl etməyə, qaçqın yükünü paylaşmağa, humanist davranmağa inandıra bilmədilər. Elə özünün mühafizəkarlardan və Sosial Demokratlardan ibarət koalisiyası da siyasətinə böyük dəstək vermədi.

Şübhəsiz, Macarıstanın Baş naziri Vikrot Orban kimi Avropanın bəzi liderləri Merkel erasının bitməsinə şadlana bilərlər. Onlar təkcə Merkelin qaçqın siyasətinə qarşı çıxmırdılar. AB-nin Rusiyaya sanksiyalarına da qarşı idilər… Sanksiyalar Merkelin prinsipiallıq göstərdiyi başqa bir məqam idi”, – yazan müəllif kanslerin vəzifədə qalan illərində 2005-ci ildən bəri yığdığı dosyeni belə asanlıqla əldə verməyəcəyini vurğulayır. Bu dosye Rusiya- Ukraynanı, Avropanı, Çin və Birləşmiş Ştatları əhatələyir.

XS
SM
MD
LG