Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:49

'...40 min seçicinin rəyi nəzərə alınmır'-Media icmalı


Milli Məclis
Milli Məclis

Bölgələrdə aqroparkların yaradılması, uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi, bəzi deputatların qanunvericiliyə edilən dəyişikliklərdən narazılığı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Bəzi deputatların narazı qaldığı qanun layihələri

«Yeni Müsavat» qəzetində «Deputatları mandatdan məhrum edən qanun layihəsi kəskin etirazlar doğurdu» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, oktyabrın 30-da «Milli Məclis deputatının etik davranış qaydaları haqqında» və «Milli Məclis deputatının statusu haqqında» qanunların müzakirəsi gərgin keçib.

Müəllifin qeyd etməsinə görə, deputat Qüdrət Həsənquliyev vurğulayıb ki, mövcud layihələrdə onların səlahiyyətləri azaldılır.

«Necə ola bilər ki, deputatın mandatı əlindən alınır, xalq buna mandat verib, amma onun iştirakına icazə verilmir? Biz gərək yazaq ki, deputat özü istəmədikdə mandatının ləğvi ilə bağlı müzakirələrdə iştirak etmir. Deputatın özünün iştirakı mütləq təmin olunmalıdır. Bəlkə iki nəfər həmin deputatı şərləyir. Ona xalq mandat verib və iştirakı mütləq təmin edilməlidir», - deyə deputat söyləyib.

Yazıda qeyd edilənlərə görə, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Musa Quliyev də bəzi müddəalara qarşı çıxıb: «Mən elə bilirəm ki, bu dəyişiklikləri deputatlar yazmayıb, kimsə deputatlara qarşı yazıb. Bəzən deyirlər, deputatlara hörmət edilmir. Elə hörmət edilməməsi buradan görünür. İntizam komitəsinin rəyi ilə 40 min seçicinin rəyi nəzərə alınmır. Belə çıxır ki, 9 nəfərə tapşırıq vermək daha asandır, nəinki 125 nəfərə. Yaxşı olar ki, bu layihə beynəlxalq ekspertizaya verilsin».

Birinci vitse-spiker Ziyafət Əsgərov isə narahatlıqlarla bağlı fikirlərə reaksiyasında bunları bildirib: «Tam əmin olun ki, bu dəyişikliklərin heç biri deputatların əleyhinə yönəlməyib. Səbəbini, Allah qoysa, ikinci oxunuşda deyəcəyik».

Etirazlara baxmayaraq, qanun layihələri ilk oxunuşda qəbul edilib.

Mərkəzi Bank
Mərkəzi Bank

Ekspert: Kredit faizləri azalmayacaq

Bizimyol.info saytında «Azərbaycan Mərkəzi Bankı kimə istəyir kredit verir, kimə istəmir vermir» sərlövhəli yazı yer alır.

Yazıda bu günlər Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi və faiz dəhlizinin yuxarı həddinin 11.75, aşağı həddinin isə 7.75 faiz müəyyən edilməsi ilə bağlı ekspert Əkrəm Həsənovla söhbət edilib.

O deyib ki, Mərkəzi Bankın bu qərarı imitasiya xarakterlidir və kredit faizlərini azaltmaq gücünə malik olmayacaq.

Ə.Həsənovun şərhinə görə, Mərkəzi Bank bu qərarı ilə demək istəyir ki, inflyasiya problemi yoxdur və kreditləşməni artırmaq istəyi var.

Ekspert vurğulayıb ki, Mərkəzi Bank son dönəmlər uçot dərəcəsini 15 faizdən 10 faizə qədər endirib, amma buna baxmayaraq, kreditləşmənın həcmində artım, verilən kreditlərin faizlərində azalma olmayıb: «Bu qərarla banklar daha aşağı faizli kreditlər təklif edə bilmədilər»

Ə.Həsənovun sözlərinə görə, buna səbəb Mərkəzi Bankın elan etdiyi uçot dərəcəsinin faizinə uyğun banklara və bank olmayan kredit təşkilatlarına kredit verməməsidir: «Daha doğrusu, Mərkəzi Bank bütün kommersiya banklarına kredit götürməsi üçün bərabər şərait yaratmayıb».

Ə.Həsənovun deməsinə görə, Azərbaycan Mərkəzi Bankı kimə istəyir kredit verir, kimə istəmirsə kredit vermir.

Qax aqroparkı
Qax aqroparkı

Yeni müəssisələr…

«Azərbaycan» qəzetində dərc edilən «Yeni müəssisələr, yollar, xidmət obyektləri...» sərlövhəli yazıda ölkədə aqrar sahənin durumu dövlət başçısı İlham Əliyevin bu günlərdə Qax və Şəki rayonlarına gerçəkləşən səfərləri kontekstində dəyərləndirilir.

Müəllif yazıb ki, bu səfərlər də başqa səfərlər kimi əhali ilə görüşlər, istehsal və sosial təyinatlı obyektlərin açılışı ilə müşayiət edilib: «Hər iki rayonda istifadəyə verilən digər istehsalat sahələri, reallaşan sosial infrastruktur layihələri iqtisadi inkişafa, əhalinin rifahına xidmət edir».

Yazıda vurğulanır ki, Qaxda «Ulu Aqro» MMC-nin açılışı ilə ölkədə yeni bir aqropark istifadəyə verilib. Bütünlükdə isə ölkədə 45 aqroparkın yaradılması nəzərdə tutulur: «Bu aqroparkın yaradılmasına dövlət xətti ilə 13 milyon manatdan çox investisiya qoyulub. Bütün infrastruktur dövlət tərəfindən yaradılıb. Azərbaycanın bu ərazisinin də gözəl təbii şəraiti, münasib iqlimi, bərəkətli torpağı var. Burada suvarma sistemlərinin, ilk növbədə, pilot və damcılama sistemlərinin qurulması məhsuldarlığın artmasına kömək edəcək».

Yazıda habelə bildirib ki, Qaxın Ağyazı qışlaq otlağı ərazisində yerləşən aqroparkın yaradılmasından ötrü meliorativ tədbirlərə 9 milyon manat, elektrik təminatına 4.7 milyon manat investisiya qoyulub, ümumi ərazisi 2094 hektar olan aqroparkın 1268 hektarı suvarılan sahədir.

Müəllifin gəldiyi nəticəyə görə, Azərbaycanın hər yerində olduğu kimi, Şəki və Qax rayonlarında da aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Yazının sonda da oxuyuruq: «Aqrar sahənin inkişafına yönəldilən tədbirlərin davamlı olması gələcək uğurlardan xəbər verir. Bu tədbirlər yeni iş yerlərinin açılmasına, istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsinə və həcminin artırılmasına, ixrac potensialının gücləndirilməsinə xidmət edir».

XS
SM
MD
LG