Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:25

'Bu gün küçədə qəzet oxuyan adam görsəniz...'-Media icmalı


E.Şıxlı
E.Şıxlı

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsinin ildönümü, mətbuatın durumu, bəzi vergilərin artacağı ilə bağlı gözləntilər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«KİVDF-yə ayrılan vəsaitlərindən düzgün istifadə olunsaydı...»

Demokrat.az saytında «Elçin Şıxlı: «Bəzi adamlar mətbuatımızı «sandıq tulası»na çeviriblər»» sərlövhəli yazı oxumaq olar.

Yazıda «Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ilə söhbət təqdim edilib. E.Şıxlıya ilk sual bəzi şəxslərin reketçilikdə ittiham edilərək həbs olunması ilə bağlı verilib. O, suala cavab olaraq bildirib ki, ümumiyyətlə, elə insanları tanımır, onların jurnalist olub-olmamasından da xəbəri yoxdur: «Amma bu adamlar ayrı-ayrı şəxslərdən reketçilik yolu ilə rüşvət tələb edib və ya alırlarsa, bunun qarşısı mütləq alınmalıdır».

E.Şıxlı bu məsələlərdə Mətbuat Şurasının roluna da toxunub: «Bizim vaxtilə irəli sürdüyümüz bütün ideyaları bu gün baş-ayaq ediblər. Bunun nəticəsidir ki, Azərbaycan jurnalistikasının məhv edilməsində ən böyük rolu məhz Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) oynayıb. Bu qurumlar jurnalistikamızı məhv edib, indi də yalandan artistlik edirlər».

E.Şıxlı mətbuatın ümumi vəziyyətinə də toxunub: «Əgər indiyədək KİVDF-yə ayrılan dövlət vəsaitlərindən düzgün istifadə olunsaydı, bu gün mətbuatımızın problemlərindən danışmazdıq. Sadəcə olaraq, KİVDF lazımsız məsələlərə vəsait sərf edir, ölməli olan qəzetlərə vəsait ayırır. Buna görə də Azərbaycanda qəzet deyilən məfhuma nifrət yaranıb. Bu gün küçədə qəzet oxuyan adam görsəniz, mənə xəbər edin, gedib o adamın əllərini sıxacam...».

R.Ağayev
R.Ağayev

«Vergi yükü artırılır»

Strateq.az saytında «Gələn il vergilər artırılacaq-Ekspert Rövşən Ağayev büdcə layihəsini təhlil edərək bu qənaətə gəlib» sərlövhəli yazı diqqət çəkir.

«Son günlər vergi sistemində gözlənilən dəyişikliklərlə bağlı ictimai müzakirələr əsasən gəlir vergisi ətrafında oldu. Amma büdcə mədaxili ilə bağlı proqnozlara baxanda sıranın xeyli geniş olduğu diqqətdən qaçmır», -iqtisadçı-ekspert R.Ağayev deyib.

O bildirib ki, daha bir dəyişiklik ticarət fəaliyyəti ilə məşğul olan həm hüquqi, həm də fiziki şəxslərin 6 faizlik sadələşdirilmiş vergiyə cəlbinin ləğvi ola bilər: «Büdcə sənədində hər iki subyekt üzrə 6 faizlik sadələşdirilmiş vergidən daxilolma üzrə proqnoz nəzərdə tutulmayıb. İctimai iaşədə 8 faizlə çalışanlar üçün isə proqnoz saxlanılıb».

Ekspert vurğulayır ki, Vergi Məcəlləsinə görə, illik dövriyyəsi 200 min manatdan yüksək olan həm ticarət, həm də ictimai iaşə sektoru üzrə sahibkarlar da sadələşdirilmiş vergi ödəyicisi ola bilərdilər. R.Ağayevin deməsinə görə, həmin normalara əsasən, bu halda dövriyyədən ticarətçilər 6, iaşə sahəsində çalışanlar 8 faiz vergi ödəməli idilər.

Ekspert qeyd edib ki, eyni zamanda, yerdə qalan sahələr üzrə differensiallaşdırılmış vergi dərəcəsinin ləğvi və 2 faiz bazasında vahid dərəcənin tətbiqi gözlənilir. Hazırda isə Bakı şəhəri üzrə 4, yerdə qalan regionlar üzrə 2 faiz dərəcə qüvvədədir.

R.Ağayev deyib ki, sadələşdirilmiş verginin tətbiqi dairəsinin daraldılması ilə bağlı 2019-cu ildə bu vergi növü üzrə büdcəyə daxilolma proqnozu 58 milyon manat (15.3 faiz) azaldılıb. Onun vurğulamasına görə, əvəzində isə rezident hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolma proqnozu 136.9 milyon manat (22.4 faiz ) artırılıb.

İqtisadçı vergi sahəsində daha bir dəyişiklik kimi hüquqi şəxslərin mülkiyyətində olan avtomobillərin əmlak vergisinə cəlb edilməsini göstərir.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı. 30 oktyabr 2017
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı. 30 oktyabr 2017

«Dünyanın 100 böyük layihəsindən biri»

«Azərbaycan» qəzetində dərc edilən «Qitələri birləşdirən beynəlxalq dəmir yolu» sərlövhəli yazıda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyəti dəyərləndirilir.

Müəllif istifadəyə verilməsindən bir il keçən bu layihəni dünyanın 100 iri layihələrindən biri kimi qiymətləndirir.

Yazıda iddia edilir ki, BTQ iqtisadi layihə olsa da, mühüm siyasi əhəmiyyəti də danılmazdır. Müəllifə görə, dünyada və regionda baş verən siyasi hadisələr fonunda bu layihənin əhəmiyyəti aydın görünür: «Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında həlledici rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, «Cənub Qaz Dəhlizi», TANAP (Trans-Anadolu Qaz Kəməri) və TAP (Trans-Adriatik Qaz Kəməri) kimi layihələrin təşəbbüskarı, onun həyata keçirilməsində əsas söz sahibi ölkəmiz olmuşdur. Bu layihələr sırasında BTQ-nin özünəməxsus yeri var».

Müəllif bu layihənin əhəmiyyətini çatdırmaqdan ötrü prezident İlham Əliyevdən sitat gətirir: «Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq...».

Yazıda qeyd edilir ki, hazırda Çindən Avropa ölkələrinə yükdaşıma müddəti 45-62 gündür, amma BTQ vasitəsilə bunu 12-15 günə endirmək mümkündür.

XS
SM
MD
LG